Cari ilin 6 ayında AKTA-ya 20 subyekt üzv qəbul olunub - FOTO

Hazırda oxunan: Cari ilin 6 ayında AKTA-ya 20 subyekt üzv qəbul olunub - FOTO

202778

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) cari ilin 6 ayı üzrə fəaliyyətinə dair hesabat təqdim edilib.

Bu barədə Bizim.Media-ya AKTA-dan bildirilib.

Hesabata əsasən, ölkəmizin kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsinə dəstək vermək məqsədilə fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası tərəfindən 2024-cü ilin birinci yarımili ərzində fəaliyyət istiqamətlərinə uyğun olaraq bir sıra addımlar atılıb.

Hesabat dövrü ərzində AKTA üzvlüyünə, ümumilikdə 62 müraciət edilib və 20 subyekt assosiasiya üzvlüyünə qəbul olunub. Hazırda 55-i hüquqi şəxs olmaqla AKTA üzvlərinin sayı 128-ə çatıb. Habelə, AKTA-nın veb-saytında üzvlər üçün şəxsi elektron kabinet, o cümlədən elektron məhsul və xidmətlər kataloqu yaradılıb, kibertəhlükəsizlik məhsul növü üzrə alt kateqoriyalar, zəruri sorğu bölmələri əlavə edilib və hazıradək kataloqda 30 məhsul və xidmətə dair məlumatlar yerləşdirilib. 

Qeyd olunanlarla yanaşı, hesabat dövründə ölkə xaricində İT və kibertəhlükəsizlik sahəsində çalışan peşəkar həmyerlilərimizin qlobal miqyaslı virtual icması və şəbəkələşmə platforması olan "Kiber Diaspor" yaradılıb. Əlavə olaraq, kibertəhlükəsizlik, informasiya təhlükəsizliyi və informasiya texnologiyaları sahələri üzrə mövcud məsələ və problemlərin müzakirə edilməsi, məlumat mübadiləsinin həyata keçirilməsi, həmçinin təklif, tövsiyə və sənədlərin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi məqsədilə AKTA üzvü olan hüquqi şəxsləri təmsil edən ekspertlər və müstəqil AKTA ekspertlərindən ibarət aşağıdakı komitələr fəaliyyətə başlayıb:

-Hüquq və ictimai təşəbbüslər komitəsi;

-Həllər, texnologiya və innovasiyalar komitəsi;

-Təhsil, maarifləndirmə və insan resursları komitəsi;

-Kibertəhdidlər, prosedur və texniki məsələlər komitəsi;

Fəaliyyət istiqamətlərinə uyğun olaraq, eləcə də maarifləndirmə və kadr potensialının gücləndirilməsinə dəstək verilməsi məqsədilə AKTA tərəfindən hesabat dövrü ərzində bir sıra müxtəlif tədbirlər (forum, konfrans, seminar, vebinar, yarış, təlim və s.) təşkil edilib və bu tədbirlərə 2 min nəfərdən artıq iştirakçı cəlb edilib. O cümlədən AKTA tərəfindən 15 ölkədən təşrif buyurmuş 400 nəfərdən artıq iştirakçının cəlb edildiyi, 30-dan artıq çıxışçıdan ibarət 5 panel müzakirəsinin, habelə texnoloji sərginin baş tutduğu "III Milli Kibertəhlükəsizlik Forumu" təşkil olunub.

Bununla yanaşı, kibertəhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə 40-dan çox müxtəlif yerli, xarici və beynəlxalq şirkət və təşkilatla görüş və müzakirələr keçirilib, habelə beynəlxalq əməkdaşlığın gücləndirilməsi məqsədilə AKTA nümayəndələrinin xarici ölkələrə dörd işgüzar səfəri reallaşıb. Eləcə də ali təhsil müəssisələri və ölkənin 15 ali təhsil müəssisəsində yaradılmış kiberklublarla əməkdaşlıq davam etdirilib, həmçinin üç ali təhsil müəssisəsi ilə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Digər istiqamətlərlə yanaşı, AKTA tərəfindən, həmçinin tədqiqat və inkişaf istiqaməti üzrə bir sıra layihə və tədbirlər icra olunub. Ölkənin qlobal kibertəhlükəsizlik reytinqlərində mövqeyinin gücləndirilməsi istiqamətində həyata keçirilmiş müvafiq fəaliyyət nəticəsində, hazıradək 53 ölkənin 49 indikator üzrə qiymətləndirildiyi “Milli Kibertəhlükəsizlik İndeksi”nin (“National Cybersecurity Index”) reytinq cədvəlində Azərbaycan 70.83 balla 17-ci pillədə qərarlaşıb.
Qeyd olunub ki, bu göstərici ölkəmiz tərəfindən indiyədək əldə olunmuş ən yüksək göstəricidir. Eyni zamanda, ölkədə kibertəhlükəsizlik səviyyəsinin qiymətləndirilməsi məqsədilə “Milli Kibertəhlükəsizlik İndeksinin” yaradılması üzrə layihə çərçivəsində işlər davam etdirilib. Əlavə olaraq, “İnformasiya təhlükəsizliyi ixtisası üzrə elmi-metodiki tədris (çap və onlayn) vəsaitlərinin hazırlanması” adlı qrant layihəsi çərçivəsində İnformasiya təhlükəsizliyi ixtisası üzrə fənn sillabusları, üç çap və üç elektron tədris metodiki vəsait (üç fənn üzrə) hazırlanaraq müvafiq ali təhsil müəssisələrinə təqdim edilib və 10 ali təhsil müəssisəsində təlimlər həyata keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin