Xəbər verdiyimiz kimi 25 iyun 2024- cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Natiq Qasımova Milli Qəhrəman adı verilib.
Natiq Qasımov 1971-ci il yanvarın 2-də Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub. 1975-ci ildə ailəsi ilə Mingəçevirə köçüb və o, orta məktəbi həmin şəhərdə bitirib.
Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşunlarda xidmətini başa vurduqdan sonra Natiq 1991-ci ildə vətənə qayıdıb və elə həmin il də könüllü olaraq cəbhəyə yollanıb.
MÖVZU İLƏ BAĞLI:
Süni intellekt Milli Qəhrəmanımızı canlandırdı - VİDEO
Ağdamda Yaqub Rzayevin (Qatır Məmməd) başçılığı altında "Qarabağ şahinləri" dəstəsində ermənilərə qarşı döyüşüb.
1992-ci ildə Xocalının Pirlər kəndi yaxınlığında yeddi əsgərimiz Alban kilsəsinin yerləşdiyi yüksəklik uğrunda ölüm-dirim savaşına qalxırlar. Döyüşdə altı yoldaşı həlak olan Natiq son dərəcə əlverişli mövqedə yerləşən Alban məbədində mübarizəni davam etdirir. Təkbaşına 5 gün gecə-gündüz vuruşaraq düşmənləri bu posta yaxın buraxmır. Onun təslim olmayacağını anlayan ermənilər Natiqi azərbaycanlı əsirlərlə şantaj etməyə başlayırlar.
22 nəfər Xocalı sakininin güllələnməsinə razı olmayan Natiq kilsənin üzərindəki Azərbaycan bayrağını özü ilə götürərək təslim olmaq üçün ermənilərə tərəf gedir. Həmin vaxtdan sonra Natiq Qasımov barəsində heç bir məlumat verilməyib.
Bizim.Media-nın çəkiliş qrupu Xocalıda yerləşən və Natiqin 5 gün savaşdığı Alban məbədində olub. Natiqin ailə üzvləri ilə birlikdə onun ermənilərə gözdağı verdiyi məbəddə şəhidimizin qəhrəmanlığından danışılıb.
Əməkdaşlarımızın hazırladığı həmin videosujeti təqdim edirik.