Bakı bulvarında qız üstündə qanlı DAVA

Hazırda oxunan: Bakı bulvarında qız üstündə qanlı DAVA

202463

Bakının Səbail rayonunda 2004-cü il təvəllüdlü Zaur qız üstündə yaranan mübahisə zamanı Telmana (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Bizim.Media demokrat.az-a istinadən xəbər verir ki, Zaur sevgi münasibətində olduğu Zeynəbin əvvəlki tanışı Telman ilə aralarında onunla bağlı qərəzli münasibət yaranıb. 

Zaur həmin münasibətlərə aydınlıq gətirmək məqsədilə Telman ilə görüşmək barədə razılaşıblar. 

Daha sonra Zaur 19 iyul 2022-ci ildə, saat 20:00-da Telman ilə görüşüb. 

O, şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı qisas almaq məqsədilə üzərində olan bıçaqla Telmanın sağ qol və döş qəfəsi nahiyəsinə 2 dəfə zərbə vurub. 

Hadisəni törədən Zaurun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Zaur ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, o, törətdiyi əməldən peşmandır:

“Mən və Telman bir-birimizi tanımamışıq. Biz sadəcə bir-birimizin adımızı bilmişik. Bizim aramızda qız məsələsi olub. Hadisə baş verən vaxt mən Zeynəb adlı qız ilə sevgili olmuşam. Zeynəb məndən əvvəl Telman ilə sevgili olub. Mən Zeynəblə tanış olan zaman Telman ilə görüşmək istəmişəm. Sonradan mənimlə Telmanın görüşü alınmadı”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, əsgərliyə getməyə yaxın ərəfədə o, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon şöbəsinə gedib: 

“Mən oradan qayıdan zaman dostlarım ilə qarşılaşdım. Telmanın nömrəsini dostlarımdan almışam. Mənim məqsədim Telman ilə söhbət etmək və Zeynəbin necə birisi olduğunu öyrənmək istəməyim olub. Telman ilə görüşdük və söhbət etdik. Mən Telmanın sevdiyim qız olan Zeynəb barədə dediyi sözləri qəbul edə bilmədim. Həmin vaxt mənim üzərimdə bıçaq olub. Mən 2 dəfə Telmanın qolundan və sinəsindən xəsarət yetirdim. Mən bıçağı ikinci dəfə görüşdən qayıdan zaman götürmüşəm. Ətrafdakı insanlar və mühafizəçi bizi ayırmağa cəhd ediblər. Sonra mən mühafizəçi ilə sağollaşdım və evə getdim”.

Təqsirləndirilən şəxs bildirib ki, daha sonra polis bölməsindən ona zəng gəlib və o, polis bölməsinə gedib. 

Təqsirləndirilən şəxs ifadəsində həmçinin zərərçəkmiş şəxs ilə barışdığını, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını bildirib. 

İş üzrə zərərçəkmiş Telmanın sözlərinə görə, əvvəllər Zauru tanımayıb: 

“Mən “Sahil” tərəfdə olan zaman Zaur zəng edərək görüşmək istədiyini bildirdi. Mən də razılaşdım. Sonra Zaurla görüşüb söhbət etdik. Zaur məndən Zeynəb haqqında soruşdu. Mən də Zaura həmin qızın mənim ailəmə qismət olmasını istəmədiyimi bildirdim. Zaura da bunu məsləhət bilmədim. Bir müddət keçdi ki, dostlarım ilə birlikdə bulvarda oturmuşduq. Bu vaxt Zeynəb zəng edərək dediki, mənim haqqımda nələrsə demisən. Mən də təbii ki, boynuma almadım. Sonra mən Zaura yığdım. Ona dediyim sözlər haqqında soruşdum ki, Zeynəb nəyə görə onu yığıb və xalası oğlanlarına bu barədə deyəcəyini, digər sözləri mənə dedi. Bundan sonra Zaur ora gəldi və biz kənarda söhbət etdik. Anidən Zaur sinəmdən və qolumdan vurdu. Mən özümü arxaya atanda bıçağın mənə dəydiyini hiss etdim. Dostum arxamca gəldi və məni xəstəxanaya apardı”. 

İş üzrə şahid qismində ifadə verən Zeynəbin sözlərinə görə, valideynləri ilə birlikdə yaşayır, ailədə 1 bacı və 1 qardaşdılar:

“Atam ailəni dolandırmaq üçün taksi fəaliyyəti ilə məşğul olur. Anam isə Qara Qarayev metrosunun yaxınlığında olan mağazada satıcı işləyir. Qardaşım hərbi xidmətdədir. Mən Telmanın polis bölməsinə yazdığı şikayət ərizəsi ilə tanış olmuşam. Telman xalamın qonşuluğunda yaşayan biri kimi tanıyıram, aramızda həmin hadisədən əvvəl sevgi münasibətləri olub. Telmandan sonra Zauru tanımışam. Mənim qohumlarım "Ulduz" metrosunun yaxınlığında yaşadığı üçün belə olub ki, ora gedib-gələndə Zauru tanımışam”.

Zeynəb qeyd edib ki, Nizami rayonunda olan orta məktəbdə oxuyub, sonra həmin məktəbin 9-cu sinfindən çıxıb: 

“Mən çıxdığım məktəbin 9-cu sinfində oxumağa başlayan zaman valideynim mənə istifadə etmək üçün mobil telefon alaraq verdi. Həmin mobil telefonda da anamın adına olan nömrədən istifadə etmişəm. Sonradan isə anamın adına olan nömrədən “Votsap” və konturla danışıq vasitəsi ilə istifadə etmişəm. Zaurun Telmana qarşı törətdiyi cinayət hadisəsi ilə bağlı olaraq həmin hadisəni iyulun 19-da axşam vaxtı bilmişəm. Mən Zaur və Telmanın istifadəsində olan mobil telefon nömrələrini bilmişəm”. 

Zeynəbin ifadəsinə görə, təxminən hadisədən 2 il əvvəl Telman ilə bir dost kimi tanış olub: 

“Bizim aramızda olan dostluq münasibəti də Telmanın xalam ilə qonşuluqda yaşadığı üçün olub. Bundan sonra da son bir ildə mənim Zaurla münasibəti olub. Mən hələ orta məktəbdə oxuyan vaxt Zaur mənə eşq elan edib. Mən məktəbdə oxuyan vaxt Zaur ardımca məktəbə gəlib, dərs bitdikdən sonra da mənim ardımca evə qədər gedib. Bu barədə anamın məlumatı olduğu üçün anam məni 9-cu sinifdən çıxartdı ki, Zaurla aramda olan münasibətlər qurtarsın. Lakin buna baxmayaraq, Zaur məni sevdi. Ona görə də mobil telefon vasitəsi ilə onunla əlaqə saxladım”. 

Zeynəb qeyd edib ki, iyulun 19-da Zaurla Telmanın arasında olan həmin hadisə ərəfəsində onun həm Zaurla, həm də Telmanla mobil telefon danışıqları olub: “Mənim Zaurun Telmanı bıçaqla vurub xəsarət yetirəcəyindən əvvəlcədən xəbərim olmayıb. Bu hadisə ilə bağlı mənim heç bir məlumatım olmayıb. İstifadəmdə olan mobil telefonla əvvəllər Telman, sonradan isə Zaurla danışmışam. Həm Zaur, həm də Telman mənə eşq elan edib”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Zaurun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 4 il şərti cəza təyin olunub. 

Bizim.Media

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin