Nərimanovda “at oynadan” “PARKOVŞİKLƏR” – Qanunsuz fəaliyyətə niyə NƏZARƏT yoxdur? - FOTOFAKT

Hazırda oxunan: Nərimanovda “at oynadan” “PARKOVŞİKLƏR” – Qanunsuz fəaliyyətə niyə NƏZARƏT yoxdur? - FOTOFAKT

Nərimanovda at oynayan parkovşiklərə nəzarət niyə yoxdur? Cəmiyyətdə parklanma məsələsi ilə bağlı yaşanan problemə dair məqalə.

202160

Bakıda avtomobil idarə edənləri təkcə tıxaclar, hər ay müxtəlif ərazilərdə təmirə bağlanan yollar, qeyri-peşəkar sürücülər yormur. Paytaxt sürücülərinin bir dərdi də parklanmadır.

Əvvəllər harda gəldi maşınını saxlayan sürücülər üçün ötən ildən parklanma yerləri ayrılıb və avtomobilin saxlanma müddətinə görə də ödəniş müəyyən edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Qanunsuz “parkovşiklər” yenə İŞ BAŞINDA – İndi də gecələr sürücülərdən pul TƏLƏB edirlər


Yəni şəhər bir neçə zonaya bölünüb və parkinq qiymətləri də buna uyğunlaşdırılıb. Müəyyən olunmayan zonalarda və həftə içi saat 22:00-dan saat 07:00-dək, həftənin bazar günü avtomobillərin parkinqi üçünsə ödəniş tələb olunmur. Ödənişlər isə nağdsız şəkildə həyata keçirilir.

Bununla sürücülər parkinq məsələsinin nizama salındığını düşünsələr də paytaxtın bəzi ərazilərində hələ də qanunsuz parklanma ilə məşğul olan “parkovşik”lərə rast gəlinir. Belə ki, Nəriman Nərimanov rayonu, Ağa Nemətulla, Faiq Yusifov küçələri və Keşlə bazarının qarşısında parklanmanın pulsuz olduğu saatlarda peyda olan “parkovşik”lər sürücülərdən pul tələb edirlər. Redaksiyamıza müraciət edən sürücülərin bildirdiyinə görə, həmin şəxslər hətta həftə içi, günorta saatlarında da iş başında olur və onlara pul vermədikdə sürücülərlə kobud davranırlar.

İndi heç kimə lazım olmayan “parkovşik”lər

Əvvəllər sürücülərin avtomobilinə qəpik-quruş əvəzinə nəzarət edən, onun park edilməsinə yardımçı olan, sürücülərin “sağ əl” hesab etdikləri “parkovşik”lər artıq onlara lazım deyil. Çünki onlar səhərdən axşama qədər və şənbə günü də daxil olmaqla avtomobillərini saxladıqları üçün “azparking”ə pul ödəyirlər. Həm də qəpik-quruş deyil. Ona görə də parklanmanın pulsuz olduğu günlərdə pul ödəmək istəməməkləri təbii haqlarıdır.

Şəhərin küçə və prospektlərində insanlardan qanunsuz yolla pul istəyən şəxslərə isə nəzarət edən yoxdur. Yaxud da kimlərsə onları qanadının altına aldığı üçün belə rahatdılar.

Bəs bununla necə mübarizə aparılır? Bu kimi halların olmaması üçün parklanma necə tənzimlənir?

Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Bizim.Media-nın soğusuna cavab olaraq bildirilib ki, qanunsuz pul yığımının qarşısını almaq məqsədilə ödənişlər nağdsız həyata keçirilir:

Dövlət avtomobil yollarında yaradılan parklanma yerinin idarə edilməsi ilə bağlı qəbul edilən qaydalar həm tariflərin özünü, həm də şəhərin tarif zonalarını müəyyən edir. Parklanma yerlərinin idarə edilməsi bu sahədə nizam-intizamın yaradılmasına, qanunsuz pul yığımının qarşısını almaqla maliyyə şəffaflığının təmin olunmasına xidmət edir. Parklanma üçün qanunsuz pul yığımının qarşısının alınması məqsədilə ödənişlər mobil tətbiq və sms vasitəsilə yalnız nağdsız qaydada həyata keçirilir”.

Qurumun məlumatında sürücülərə qanunsuz ödənişlər etməmək də tövsiyə olunub:

“Küçə parklanma yerlərindən istifadəyə görə sürücülərdən nağd şəkildə hər hansı bir ödəniş tələb oluna bilməz. Sürücülərə qanunsuz ödənişlər etməməyi tövsiyə edirik. Sürücülərdən parklanma adı ilə nağd pul tələb edilməsi tam qanunsuzdur”.

Nərminov rayonunda “at oynadan”ları kimlər qoruyur? 

Nəriman Nərimanov rayonu, Ağa Nemətulla, Faiq Yusifov küçələri və Keşlə bazarının qarşısında parklanmanın pulsuz olduğu saatlarda peyda olan “parkovşik”lərə nəzarətin hansı qurum tərəfindən həyata keçirilməsi məsələsinə isə AYNA-dan hər hansı cavab ala bilmədik. 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət etdik. DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov Bizim.Media-ya bildirib ki, dayanma-durma və parklanma qaydalarının tənzimlənməsi məqsədilə neqativ hallar tərəfimizdən aradan qaldırılır:

“Hərəkətin intensiv olduğu küçə və prospektlərdə, piyada səkilərində qanunsuz parklanma ilə bağlı sistemli mübarizə və profilaktik tədbirlər aparılır. Qeyd edilən pozuntuya görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq qanunsuz parklanma işini təşkil edən şəxslər barəsində inzibati tənbeh tədbiri və cərimələr tətbiq edilir”.






Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin