1992-ci ilin fevral ayının 17-də Xocavənd rayonunun Qaradağlı kəndi istiqamətində gedən döyüşlərdə itkin düşən və 32 il sonra meyitinin qalıqları tapılan Birinci Qarabağ müharibəsinin şəhidi Ağdam rayon Quzanlı qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn edilib.
Bizim.Media xəbər verir ki, əslən Ağdam rayonunun Güllücə kəndindən olan 1967-ci il təvəllüdlü Məmməd Hüseyn oğlu Mirzəyevin cənazəsi vida mərasimi keçirilməsi üçün dəfndən öncə Ağdam Dövlət Dram Teatrının qarşısına gətirilib.
MÖVZU İLƏ BAĞLI:
Ağdamda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
Mərasimdə şəhidin doğmaları, ictimaiyyət nümayəndələri, müharibə iştirakçıları və rayon sakinləri iştirak edib. Çıxışlar zamanı şəhid adının ucalığından, vətənin müqəddəsliyindən geniş söhbət açılıb. Həmçinin şəhidin döyüş yoluna nəzər salınıb.
Sonra Məmməd Mirzəyevin nəşi Quzanlı qəsəbəsində yerləşən şəhidlər xiyabanına gətirilib. O, yaylım atəşinin sədaları altında, böyük ehtiramla torpağa tapşırılıb.
Sonda şəhidin tabutunun büküldüyü üçrəngli bayrağımız onun doğmalarına təhvil verilib. Dəfn mərasimi insanların "Şəhidlər ölməz, Vətən bölünməz", şüarları ilə sona çatıb.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu