Qida əlavələrinin idxalına STOP - AQTA niyə buna getdi?

Hazırda oxunan: Qida əlavələrinin idxalına STOP - AQTA niyə buna getdi?

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), bioloji aktiv qida məhsullarının idxalını qadağan edərək nümayişə vətəndaşlara geniş reklam kampaniyaları, sahibkarlar asan qazanc əldə etmək məqsədi ilə effektiv təsirləri olmayan qida əlavələrinin ölkəyə idxalı ilə bağlı cəhdlərlə bağlı qeyd edib.
201724

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəmizə gətirilən bioloji aktiv qida məhsullarının idxalını qadağan edib.

Agentlikdən bildirilib ki, bəzi sahibkarlar tərəfindən asan qazanc əldə etmək məqsədilə hər hansı bir effektiv təsirə malik olmayan, həmçinin müxtəlif sosial şəbəkələr və media resurslarında vətəndaşlara geniş reklam kampaniyaları ilə təqdim olunan bioloji aktiv qida məhsullarının ölkəmizə idxalına cəhd göstərilir.
 

MÖVZU İLƏ BAĞLI:

Qida əlavələri fayda gətirir, yoxsa FƏLAKƏT? – Gizlədilən HƏQİQƏT


Qeyd edilib ki, ölkəmizə idxal olunan bioloji aktiv qida məhsullarının böyük hissəsi Türkiyədən gətirilir:

“Həyata keçirilən nəzarət və tənzimləmə tədbirləri zamanı Türkiyə Respublikasından ölkəmizə idxal edilən bir çox bioloji aktiv qida məhsullarının istehsalçı ölkədə qeydiyyatdan keçmədiyi və satış dövriyyəsində olmadığı müəyyən edilib.

Qida əlavələrindən istifadə niyə çoxalıb? 

Bütün bunlar nəzərə alınaraq son illərdə bu sahədə nəzarət və tənzimləmə fəaliyyətləri daha da genişləndirilib. Məqsəd ölkə ərazisində istehsalı, emalı həyata keçirilmədən və dövriyyəyə buraxılmadan əvvəl həmin məhsulların həyat və sağlamlığa təsirinin qiymətləndirilməsi, eləcə də təhlükəsizliyinin və minimum keyfiyyətinin, etiketlənmə və qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktlarla uyğunluğunun müəyyən edilməsidir”.

Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirdi ki, son zamanlar qida əlavələrindən istifadə kortəbii halda artıb:

“Hər hansı bir qida əlavəsi istifadə olunacaqsa, ilk əvvəl orqanizmdə bu vitaminlərə qarşı çatışmazlıq müəyyən edilməlidir. Bunu da ancaq həkim müayinəsindən sonra bilmək olar.

Çünki, vitaminlər, balıq yağları, minerallar, eyni zamanda digər qida əlavələrinin heç də hamısı yüksək keyfiyyətdə deyil. Çox təəssüf ki, cəmiyyətimizdə qida əlavələrinin reklamı sağlamlığa bir çağırış kimi aparılır. Belə reklamlar sayəsində mütəxəssis rəyi olmadan istifadə olunan qida əlavələri  insan orqanizmində ciddi fəsadlar törədir. Bu hətta ölümlə də nəticələnə bilir. Deyək ki, hansısa qida əlavəsinin anındaca yan təsiri olmaya bilər. Lakin, onun istifadəsini zəruri edən səbəbə də təsirsiz olar.

Qida əlavəsi tanınmış marka deyilsə, tanınmış sahəvi istehsalçı tərəfindən hazırlanmırsa ona etibar etmək olmaz. Hazırda dünyanın hər yerində işbazlar müxtəlif yollarla qida əlavəsi hazırlayır. Bunlar daha çox kapsula şəklində olur. Vitamin və mineral çatışmazlığı üçün bu cür kapsulardan istifadə çox təhlükəlidir. Ən yaxşı halda bunu edən adamlar özlərini aldatmış olurlar. Çünki, həmin kapsulanın tərkibindən və keyfiyyətindən xəbərsinizsə, onun orqanizmə heç bir faydası ola bilməz”. 

Normadan artıq qida əlavəsi qəbul etdikdə…

Müsahibimiz qeyd etdi ki, istənilən qida əlavəsi mütəxəssis rəyindən sonra qəbul edilməlidir:

“Hər qəbul zamanı ancaq bir kapsula içmək olar. Bəzi insanlar bir neçə qida əlavəsini eyni vaxtda qəbul edir. Sanki, kompleks müalicə alırlar. Unutmayaq ki, istənilən qida əlavəsi hazırlanarkən onun uzun müddət tamını və görkəmini saxlamaq üçün müxtəlif kimyəvi qatqılarla zənginləşdirilir. Bir insan da gün ərzində normadan artıq qida əlavəsi qəbul edəndə zəhərlənə bilər, yaxud da ürək-damar sistemində ciddi problemlərə yol açılmış olar”.

Məhsəti Hüseynova xəbərdarlıq da etdi:

“Bir çox hallarda qida əlavələrinin üzərinə yazılır ki, “təbiidir”. Amma unutmayaq ki, istənilən məhsul emal prosesindən keçəndən sonra öz təbiiliyini itirir. Bir daha xatırladıram ki, qida əlavəsini qəbulu zamanı həkim rəyi əsas şərtdir. Xüsusən də xroniki xəstəlikləri olan insanlar üçün qida əlavələri çox təhlükəlidir. Ona görə də mütəxəssis rəyi olmadan qida əlavəsinin qəbulu yolverilməzdir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin