Alnı çapıq QOCALAR, təriqətçi GƏNCLİK, qaraya bürünmüş UŞAQLAR – Yolumuz HARADIR?

Hazırda oxunan: Alnı çapıq QOCALAR, təriqətçi GƏNCLİK, qaraya bürünmüş UŞAQLAR – Yolumuz HARADIR?

Uşaqların təriqət və mədəniyyət təsirində birləşməsində valideynlərin rolu haqqında məqalə. Uşaqların psixologiyası və tərbiyəsi ilə əlaqədar düşüncələr.

201708

Deyirlər ki, uşaqların beyni ağ kağızdır. Ora qeyd edilən , hopdurular fikirlər ölən günə kimi yaddaşından silinmir. Necə deyərlər, uşaqlar 7 yaşına qədər öyrəndiklərini sonrakı 70 ildə öyrənə bilmir. Ona görə də valideynlər uşaqlara qarşı münasibətdə çox diqqətli olmalıdırlar. 

Uşaqları nəyə və niyə məcbur edirik?

Çox təəssüf ki, bu gün uşaqlar üçün qapalı sahə, qadağan edilmiş “zona” yoxdur. Uşaqları özümüzlə hər yerə götürürük. Bəzənsə bunu bilərəkdən və məqsədli şəkildə edirik. Məsələn, ölkəmizdə uşaqları təziyələrə aparmaq, Aşura günü zəncir vurdurmaq kimi ənənələr var.
 

MÖVZU İLƏ BAĞLI:

Məhərrəm ayında nələr QADAĞANDIR?  – İlahiyyatçıdan SENSASİON AÇIQLAMA


Əvvəllər hətta uşaqların alnının ortasından ülgüclə qan alırdılar. Guya ki, Kərbəla şəhidlərinin qanına qan qatırdılar. Bu gün yaşlı nəslin çoxunun sifətində həmin ülgüc izləri qalır. 

Bu cahil adət unudulsa da uşaqlar hələ də təziyələrin iştirakçıları olaraq qalır. Bəzi insanlar bunu o cür izah edir ki, guya uşaqları körpəlikdən Əhli-Beyt aşiqi kimi böyüdürlər. Amma onlar unudurlar ki, körpə uşaqlar təziyə məclislərində baş verənləri doğru-düzgün qavraya bilmir. Nəticədə, gördükləri qorxunc mənzərə  uşaqlarda travma yaradır.

Elmin aksiomu var…

İlkin nəzəriyyə öyrədilir, sonra isə praktika təşviq edilir. Əgər biz uşaqlarımızı sağlam ruhda, mübariz və əsl müsəlman kimi böyütmək istəyiriksə, ilkin olaraq onlara nəzəri bilikləri öyrətməliyik. Nəzəri bilikləri öyrədəndən sonra da praktik hadisələri onlara təlqin etməliyik. Yalnız bu zaman sağlam əqidəli övlad yetişdirə bilərik.

Bir anlığa Aşura günündə hər birimizin çox rastlaşdığı dialoqu xatırlayaq:

-Bu adamlar niyə özlərini döyürlər?

-İmamlarımızın qətlinə etiraz edirlər…

-İmamlarımıza noolub ki?

-Yezid imamlarımızı 40 gün susuz saxlayıb, sonra da qılıncla başlarını kəsib…

Bu dialoqda həm dəhşət, qorxu, həm də nifrət var. Uşaq kortəbii şəkildə qavrayır ki, insanlar bir-birinə nəinki zülm edə, hətta günahsız yerə onun başını da kəsə bilərlər. Təbii ki, bu mənzərəni görən və valideynlərinin sözünə inanan uşağın qəlbində çətin ki, böyüyəndə insanlıq sevgisi olsun. O mənzərəni görən uşaq hər zaman başqalarına qarşı nifrət ruhunda böyüyəcək. Fərqi yoxdur onun qarşısındakı kimdir.

Bəlkə də ona görədir ki, tez-tez belə bir ifadə eşidirik:

“Sən Yeziddən də betərsənmiş ki…”

Həyatda pis nə görürüksə, onu Yezidin əməli kimi qəbul edirik. Bu isə kökündən yanlış siyasətdir. Ona görə də uşaqları ətrafda baş verənləri anlamadığı bir vaxtda təziyələrə, Aşura şəbehlərinə aparmaq doğru deyil. Biz bu hərəkətlərimizlə uşaqlarımızda sonradan problemə çevrilən travmalara səbəb yaradırıq. 

Burada başqa bir məsələ uşaqların nələrəsə zorlanmasıdır. Bəzi ailələrdə uşaqlar 9-10 yaşda namaz qılmağa, hətta çarşab geyinməyə məcbur edilir. Bu isə zorakılıqdan başqa bir şey deyil.

Mahiyyətini bimədiyi bir məsələyə uşaqların məcbur edilməsi sonradan çox ciddi fəsadlar yaradır. Belə uşaqlarda ətrafa qarşı bir nifrət formalaşır. Çünki, ətrafdakı çoxluq onlar kimi geyinmir, onlar kimi hərəkət etmir. Bu da diskriminasiya yaradır. Aqressiya ilə böyüyən uşaq ətrafdakıların da onun kimi olması istəyi ilə axtarışa çıxır. Nəticədə onlar müəyyən təriqətlərə qoşulurlar. 

Təriqətçiliyin acı sonu isə hər kəsə məlumdur… 

Ona görə də birinci çalışmalıyıq ki, uşaqlarımız öz uşaqlıqlarını yaşasınlar. Daha sonra isə onlara sərt qadağalar qoymamalıyıq. Əgər onlara yaxşı nəsə ötürmək istəyiriksə, bunu fərdi yanaşma yolu və tədricən etməliyik. 

Nəzərə alaq ki, bu gün İslamı uşaqlara çox yanlış təqdim edirik. İslam qaraya bürünmək, özünə zəncir vurmaq, şəbeh çıxartmaq deyil. İslam ilk növbədə bir elmdir, araşdırma subyektidir. Ona görə də çalışmalıyıq ki, uşaqlarımız ilk növbədə savadlı olsun. Unutmayaq ki, 100 cahilin Aşura günündə çıxardığı şəbehdənsə bir alimin ağıllı və məntiqli sözü daha üstündür. Məhəmməd peyğəmbər buyururdu ki, “elm Çində olsa belə onun arxasınca get”.

Bəyəm, peyğımbərimiz bilmirdi ki, Çindəkilər müsəlman deyil?! Əlbəttə bilirdi. Bunu bildiyi üçün hər kəsə tövsiyə edirdi ki, ilk öncə elm öyrənin. Bəlkə də ona görə İslamda alimin qələminin mürəkkəbi şəhid qanından üstün tutulur.
Bir sözlə, gəlin uşaqlarımızı elmli, savadlı və vətənpərvər böyütməyə çalışaq. Onları cəhalətə sürükləməyək. Çünki, cahilin bir damla qanı axsa, haqdan dönüb qaçar…

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin