“Uşaqlarda kitaba maraq bağçadan və məktəbdən başlamalıdır” - Şərif Ağayar 

Hazırda oxunan: “Uşaqlarda kitaba maraq bağçadan və məktəbdən başlamalıdır” - Şərif Ağayar 

Uşaqlarda kitaba maraq bağçadan və məktəbdən başlamalıdır. Mütəxəssislər kitab oxumanın uşaqların zehni, sosial, mənəvi və dil inkişafında əhəmiyyətli vasitə olduğunu vurğulayırlar. Şərif Ağayar, uşaqlara mütaliəni aşılamada dövlət siyasəti, təhsil sistemində kitaba yönəltmə və ailə ilə bağlılığın əhəmiyyətini vurğulayır.
201578

Bildiyimiz kimi hər bir insanda dünyagörüşün, tərbiyənin, vətənpərvərlik, xeyirxahlıq, vətənə, xalqa bağlılıq kimi müsbət keyfiyyətlərin formalaşması məhz uşaqlıq dövrünə təsadüf edir. Bu kimi keyfiyyətlərin azyaşlılara aşılanmasında mütaliənin rolu əvəzsizdir.

Mütəxəssislər də belə hesab edir ki, kitab oxumaq vərdişi insanlarda körpəlikdən formalaşdırılmalıdır. Çünki kitab uşağın zehni, sosial, mənəvi və dil baxımından inkişafında əhəmiyyətli sayılan vasitələrin ən əsasıdır. Ona görə də erkən yaşlardan kitaba maraq oyatmaq uşağın yaradıcı təxəyyül gücünü genişləndirir, onu yavaş-yavaş həyatın gerçəkliklərinə hazırlamaqda köməkçi olur, söz ehtiyatını artırdığı üçün uşağın duyğu və düşüncələrini ifadə etməsinə imkan yaradır. 

Bəs uşaqlara mütaliəni necə aşılamaq lazımdır?

Yazıçı Şərif Ağayar Bizim.Media-ya bildirib ki, uşaqlara mütaliənin aşılanması güclü bir dövlət siyasəti ilə tənzimlənməlidir:
 

MÖVZU İLƏ BAĞLI:

Unudulan DƏYƏRLƏRİMİZ – Niyə yeni atalar sözlərinə RAST GƏLMİRİK?


“Yəni cəmiyyətin özünə qalsa, problem həll olunmayacaq. Çünki mütaliə, ümumiyyətlə, kitaba münasibət bağçadan başlayaraq, təhsil sistemində öz əksini tapmalıdır. Dövlət öz təhsil və təlim-tərbiyə siyasəti ilə uşaqları kitaba yönəltməli, insanları kitaba öyrəşdirməlidir. Elə şərait yaradılmalıdır ki, insanlar o motivasiyanı özündə tapsın.

Başqa çox ciddi amil isə ailə ilə bağlıdır...

Ailədən çox şey asılıdır. Yəni uşaq gözünü açıb öz evində kitabxana görməlidir. Hətta valideynlər ali təhsilli olmasalar da, sadə fəhlə, pinəçi, dülgər olsa belə, övladları gözünü açıb evdə ən azından bir kitab guşəsi, kitaba yüksək münasibət görməlidir. Uşaq öz evində, ailəsində kitabın böyüklüyünü hiss eləməlidir. Məsələn, yadımdadır ki, mən uşaq olanda kənddə yaşayırdıq, atam o vaxt cavan olmasına baxmayaraq, yaşlılar üçün olan kitab almışdı. Eyni zamanda, evimizdə Sədi Şirazinin “Gülüstan”, Aşıq Ələsgərin, Çexovun və s. kitablarını görmüşəm. Yəni uşaq vaxtı oxuduğum, gördüyüm kitablar mənim yaddaşımdan heç vaxt silinmir. Çünki uşaq gördüyü kitab mühitini heç vaxt unutmur. 

Uşaq evində şahmat, piano, əgər bu mümkün deyilsə, başqa bir musiqi aləti, lap balaca bir tütək də olsa, görməlidir. İlk baxışdan sadə görünən detallar uşağın dünyagörüşünün formalaşmasında çox ciddi rol oynayır”.

İnsan kitab oxumaq üçün özündə məcburiyyət yaratmalıdır

Yazıçı qeyd edib ki, oxumaq elə bir işdir ki, onun bir tərəfi də mütləq inzibati resurslara dayanır:

“Hətta insan özü-özünə bir az inzibati məcburiyyət yaratmalıdır. Məsələn, mən hansısa kitabı oxumalıyam, baxıram ki, ərinirəm, diqqətim yayınır. Planşet, smartfonlar, növ-növ internet saytları, xüsusən də TikTok platforması elədir ki, insanda asılılıq yaradır. Əslində özüm yazıçıyam, işim-gücüm yazmaq, oxumaqdır, bununla belə bəzən nəyisə oxumağa ərinirəm. Ona görə də ilk yarım saatda və ya 15 -20 dəqiqədə özümü mütaliə etməyə məcbur eliyirəm.  Yəni ya inzibati qayda tətbiq olunmalı, əgər bu mümkün deyilsə, dövlət necəsə bunu tənzimləməlidir. 

Azərbaycanda alimin dəyəri olmalıdır və uşaqlar görməlidilər ki, kitab oxumaq insanı hansısa bir mərtəbəyə qaldırır. İnsanlar elm adamlarının həyatında, onların fəaliyyətindəki uğurlarla həvəslənməlidir. Yəni biz bunu yaratmalıyıq, yaşayış modelimiz kitab əhli olmalıdır. Nə qədər ki, belə deyil, bizim gələcəyimiz böyük fəlakətlərdən sığortalanmayıb. Dünyanın ən xoşbəxt xalqları intellekt faizi yüksək olanlardır”. 

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin