Təhsildə DƏYİŞİKLİK - Summativ qiymətləndirmə və kurikulum LƏĞV olunur?

Hazırda oxunan: Təhsildə DƏYİŞİKLİK - Summativ qiymətləndirmə və kurikulum LƏĞV olunur?

Təhsildə DƏYİŞİKLİK - Summativ qiymətləndirmə və kurikulum LƏĞV olunur? İbtidai sinif səviyyəsində bəzi summativ qiymətləndirmələrin azaldılması və ya ləğvi məsələsi müzakirə olunur. Bu barədə Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinin müdiri Vəfa Yaqublu məlumat verib.
201395

İbtidai sinif səviyyəsində bəzi summativ qiymətləndirmələrin azaldılması və ya ləğvi məsələsi müzakirə olunur. Bu barədə  Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinin müdiri Vəfa Yaqublu məlumat verib.

Şöbə müdiri bildirib ki, qiymətləndirmə siyasətində bəzi təkmilləşdirmələr aparılacaq:

“Ümumi təhsilin dövlət standartlarının yenilənməsi 5 ildən bir nəzərdə tutulur. 2020-ci ildə təsdiq olunmuş dövlət standartları növbəti ildə yenilənəcək”.

“Summativ qiymətləndirmənin ləğvi absurddur”

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirir ki, summativ qiymətləndirmənin ləğvi barədə düşünmək absurddur:

“2008- ci ildən etibarən orta məktəblər kurikulum standartları əsasında tədris prosesini həyata keçirir. Bu zaman şagirdlərin müəyyən edilmiş həftələr ərzində əldə etdiyi bilik və bacarıqlarının yoxlanılması üçün KSQ və BSQ imtahanı keçirilir. Qeyd edim ki, məktəbdaxili qiymətləndirmə əvvəlki kimi diaqnostik, formativ və summativ olmaqla üç növdən ibarət olacaq. Təhsil nazirinin nəzərdə tutduğu əsas dəyişiklik summativ qiymətləndirmələr və onun formatı ilə bağlıdır. II-IV siniflərdə KSQ nəzərdə tutulsa da, BSQ aparılmayacaq. BSQ yalnız V-XI siniflərdə aparılacaq. IV, IX, XI siniflərdə  bütün fənlərdən BSQ-lər keçiriləcək. BSQ V-IX siniflərdə ümumi orta təhsil pilləsi üzrə buraxılış imtahanlarında nəzərdə tutulan fənlərdən, X-XI siniflərdə isə tam orta təhsil pilləsi üzrə buraxılış imtahanlarında nəzərdə tutulan fənlərdən həyata keçiriləcək. KSQ və BSQ-nin nəticələri 100 ballıq şkala üzrə ballarla ifadə olunacaq. Məhz KSQ və BSQ ibtidai sinif şagirdlərinin nəzərdə tutulan proqramdan çox yüklənməsinə, psixoloji cəhətdən stres keçirmələrinə gətirib çıxarırdı”.

İbtidai siniflərin dərslikləri sadələşdirilir?

Ekspert hesab edir ki, bu dəyişiklik ilə yanaşı ibtidai sinif şagirdləri üçün tərtib olunan dərsliklər də sadələşdirilməlidir:

“Kiçik summativ qiymətləndirmə hər tədris vahidinin sonunda, altı həftədən gec olmayaraq müəllim tərəfindən keçirilir. Yəni şagirdin təhsil aldığı müddətdə əldə etdiyi bilik və bacarıqlarını nümayiş etdirmək üçün bu bir meydandır”.

Həmsöhbətimiz summativ qiymətləndirmənin orta məktəb şagirdləri üçün çox vacib olduğunu düşünür:

“Bu onların əldə etdiyi bilik və bacarıqların yoxlanılması üçün əhəmiyyətlidir. Ona görə də onun ləğv edilməsi barədə düşünmək absurddur. Bu o halda mümkündür ki, gərək kurikulum ümumilikdə ləğv olunsun”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin