Məhərrəm ayında nələr QADAĞANDIR?  – İlahiyyatçıdan SENSASİON AÇIQLAMA

Hazırda oxunan: Məhərrəm ayında nələr QADAĞANDIR?  – İlahiyyatçıdan SENSASİON AÇIQLAMA

201334

Hicri-qəməri tarixinin ilk ayı olan Məhərrəm barədə müxtəlif fikirlər var. Bir çoxları Məhərrəmi yas ayı kimi xarakterizə edir. Hətta bəziləri irəli gedib bu ayda toy etməyin, şənlənməyin günah olduğunu deyir.

Doğrudanmı Məhərrəm digər aylardan fərqlənir?

Suala ilahiyyatçı Tural İrfan aydınlıq gətirib. Bizim.Media-ya açıqlamasında o bildirdi ki, Məhərrəm ayı da digər aylar kimidir:

“Xüsusi bir qadağa, xüsusi bir məhrumetmə yoxdur. İslamın əsası sayılan Quran və Peyğəmbərin hədislərində belə bir əməl təsbit olunmayıb. Yalnız Aşura günü və 2 gün də ondan əvvəl oruc tutmaq müstəhəb sayılıb. Oruc tutublar. Lakin Ramazan orucu vacib olduqdan sonra buna da çox etina olunmayıb”.

Müsahibimiz qeyd etdi ki, matəm, yaxud yas ənənəsi isə Kərbəla hadisəsindən çox sonra fars əsilli Büveyhilər və Fatimilər zamanında rəsmiləşdirilib:

“Dini əsasla yox, siyasi məqsəd daşıyan bu matəm adəti sonra Səfəvilər zamanında da daha geniş vüsət alıb. Bu mərasimlərdə əsasən İmam Hüseynin və Kərbəla şəhidlərinin tanıdılması, təbliğatı, onların mənəvi irsininin təbliğatı deyil, əsasən xurafat və bu xurafat daxilində də müəyyən siyasi məqsədlər hədəf götürülür.

Peyğəmbərin əmrlərinə görə ölü üçün öldüyü zamandan başlayaraq 3 gün yas saxlamaq lazımdır. Bəziləri müəyyən halal və haramları qabardaraq Məhərrəm ayında nəyin edilib, edilməməsi haqda təbliğat aparır. Halallar başqa zaman da, Məhərrəmlik vaxtı da halaldır. Həmçinin haramlar da elədir. Yalnız yas tutan insanları nəzərə alaraq Aşura günü şənlik və toy mərasimlərini başqa zamana salmaq ədəbə uyğundur. Fəqət buna da bir kəskin əmr yoxdur. Çünki İslamdakı qadağalar birbaşa Quran ayəsi ilə təsbit olunur. Quranda da belə bir qadağa yoxdur. Qadağaların da riayət edilmədiyi təqdirdə cəzası var. İslam hüququnda Məhərrəm ayında nikah, nişan, toy edənlərin günah etməsi və buna görə də hansısa şəriət cəzası, cəriməsi, kəffarəsi nəzərdə tutulmayıb. Bu ayın Aşura günü sayılan 10-cu günündə sadəcə ədəbə uyğun olaraq şadlıq etməmək daha məqsədə uyğun sayıla bilər”.

Surxay Atakişiyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin