18 ildir ki, poçtalyon işləyir. Bu müddətdə bir gün belə işindən qalmayıb...
Bizim.Media xezerxeber.az-a istinadən bildirir ki, söhbət Ağdam poçt filialının əməkdaşı olan 43 yaşlı Camal Abdullayevdən gedir.
Birinci Qarabağ müharibəsi veteranı olan C.Abdullayev şücaətlərinə görə "Vətən naminə" medalı ilə də təltif edilib.
“4 il döyüşdə olmuşam. Sırxavənd, Qazançı, Abdalgülablı, Canyataq, Gülyataq, Ağdərə, Fərrux demək olar ki, butün istiqamətlərin hamısında olmuşam”,- deyə o qeyd edib.
Ağdamın Yusifcanlı kəndindən məcburi köçkün olan olan və Quzanlı qəsəbəsində məskunlaşan Camal Abdullayev deyir ki, Vətən müharibəsi dövründə də məktubların və bağlamaların sahiblərinə çatıdırlmasında heç bir problem olmayıb. Güllə yağışı altında məktubları ruh yüksəkliyi ilə daşıyıb. Hətta gündüzlər məktub paylayıb, iş vaxtı bitdikdən sonra isə arxa cəbhədə ordumuza yardım edib.
“Bizdə heç vaxt qorxu ola bilməzdi. Bizim üçün ən böyük arzu torpaqlarımızın qayıtması idi. Müharibə başlayanda sevincimizin həddi-hüdudu yox idi. Deyirdik ki, ölsək də bu torpaqları qaytarmalıyıq”,- poçtalyon vurğulayıb.
O, hazırda səyyar formada məktub daşımaqda davam edir. Poçtalyon deyir ki, ən böyük sevinci qalib ordunun əsgərinə məktub aparmaqdır.
Poçtalyon əmindir ki, Ağdam poçt filialı tezliklə məhz Ağdam şəhərinin özündə açılacaq və məktubları da oradan sahiblərinə çatdıracaq.
Bizim.Media