Uzun yaşamın SİRRİ – Bal ömrü 10-15 il UZADIR – MÜSAHİBƏ/FOTO  

Hazırda oxunan: Uzun yaşamın SİRRİ – Bal ömrü 10-15 il UZADIR – MÜSAHİBƏ/FOTO  

200610

Arıları təbiətin möcüzəsi adlandırırlar. Bu, təkcə arıların bal verməsinə yox, arı ailəsinin iş prinsipi, qurduqları pətəkdəki riyazi dəqiqlik, simmetriya, bir sözlə, onların ağıllı olmasından qaynaqlanır.

Bütün prinsipi faydalı olmaq üzərində quran bu həşəratların bal, çiçək tozu, arı südü, arı zəhəri, propolis və bu kimi insan sağlamlığına xeyirli məhsulları var.

Bu məhsullara əsaslanan müalicə metodu isə apiterapiya adlanır.

Bizim.Media “Propolis” arı məhsullarının satış mərkəzinin rəhbəri, həmçinin, arı məhsulları üzrə mütəxəssis İlham Atakişiyevlə müsahibəni təqdim edir.

- İlham bəy, neçə ildir bu işlə məşğulsunuz?

- 25 ildir bu işin içindəyəm. İşə əlifbasından, yəni arı saxlamaqdan başlamışıq. Çünki arıçılıqdan danışmaq üçün həm arını saxlamağı bacarmalısan, həm arı ailəsi haqqında məlumatın olmalıdır. Bunları öyrəndikdən sonra arıların bizə verdiyi gözəl məhsulların müalicəvi xüsusiyyətlrəi haqqında danışa biləsən. Arı saxlamayan insan heç vaxt bu məhsulların faydalarından danışa bilməz.

- Belə başa düşdüm ki, arıçılığa maraq ailədən gəlib...

- Uşaq vaxtı əmilərim, dayılarım arı saxlayırdılar. Biz də müəyyən yaş dövrünə gələndən sonra arıçılıq avadanlıqlarının istehsalı ilə məşğul olub, həm də arı saxlamağa başlamışıq. Son 15 ili isə mən məhz arıçılığın ayrılmaz qolu olan apiterapiyaya, yəni arı məhsulları ilə müalicə və profilaktikaya həsr eləmişəm Bu gün də fəaliyyətimi bu istiqamətdə davam elətdirirəm.


- Arı məhsullarının insan sağlamlığına nə kimi xeyri var?

- Ümumiyyətlə, mütəmadi balı qida rasionuna daxil edən insanlar heç vaxt immunitet zəifliyindən əziyyət çəkmirlər. Heç vaxt qan azlığı, mədə-bağırsaq problemi yaşamırlar. Onlarda qaraciyərin fəaliyyəti daim yaxşı olur. Arı məhsullarının siyahısında arı məhsulları, propolis və digərləri var. Bu məhsullardan balla paralel istifadə etdikdə ömrümüzü 10-15 il artırmış oluruq, qocalma prosesini ləngidirik.

- Arı məhsullarından əsasən hansı xəstəliklərin müalicəsində istifadə olunur?

- Arı məhsullarından daha çox profilaktik məqsədlərlə istifadəsi məqsədəuyğundur. Biz xəstəlikləri önləmək üçün bu məhsullardan istifadə edirik. İnsan sağlıqla bağlı problem yaşayanda və ilkin mərhələlərdə xəstəlik aşkarlananda istənilən müalicə daha effektiv olur. Xəstəlik irəliləyəndə müalicə çətin olur. Biz desək ki, qaraciyər sirrozundan əziyyət çəkən xəstəni biz arı məhsulalrı ilə sağaldacağıq bu, yalan olar, insanları aldatmış olarıq. Bu məhsullar xəstəliklərin ilkin mərhələsində və profilaktik qaydada istifadə olanda çox gözəl nəticələr verir.


- Bazarda hazırda çox sayda bal var. Təbii balla süni balı necə ayırd etmək olar?

- Təkcə bal sahəsində deyil, qidalarımızın əksəriyyətində saxtakarlığa yol verilir. Bal isə ən çox saxtakarlığa məruz qalmış qida növüdür. Uzun illərdir arıçılıqla məşğulam və balı tanıyıram. Sadə insanlar bunu ayırd edə bilmir. Təbii ki, saxta balla təbii balı ayrımaqda çətinlik çəkirlər. Nəticədə təbii balı yeyib xeyrini görmək əvəzinə süni balın ziyanını görürlər.

- Şəkər xəstəliyindən əziyyət çəkənlər bal yeyə bilərlərmi?

- Şəkəri olan insana immuniteti gücləndirmək üçün yeganə şirin qida az miqdarda baldır. Yəni çox az miqdarda təbii baldan istifadə eləmək olar. Saxta bal isə bir az da onlara zərər verir. 


- Deyirlər ki, bal xarlanırsa, o pis baldır. Bu doğrudurmu?

- Çox təəssüflər olsun ki, Azərbaycanda balı insanlar duru vəziyyətdə qəbul edirlər. Düşünürlər ki, balda kristallaşma gedibsə, bu artıq saxta baldır və ya arı şəkər tozu ilə yemlənmişdir. Təbii balda xarlanma prosesi baş verir. Balın 20 faizə qədər tərkibi sudan ibarətdir, 72 faizə qədəri isə fruktoza və qlükozadan ibarətdir. Şəkər üçün ən qorxulu olan isə saxarozadır ki, bu da 7 faizə qədər ola bilər. Yəni ki, bu formada ballar tez-tez temperatur dəyişəndə daha tez xarlanma baş verir. Bu, bir səbəbdir.

İkinci səbəb isə balların hansı bitki nektarından toplanmasına bağlıdır. Bir neçə bal növü var ki, həmin balın tərkibində fruktoza nisbəti çox olduqda uzun stabil temperaturda ağzı kip bağlı şəraitdə qalarsa, hətta 3-5 il müddətdə ballarda xarlanma prosesi getmir. Amma əksər bal növləri müəyyən müddətdən sonra xarlanır. Elə düşünürlər ki, xarlanma balın təbiiliyi üçün vacib şərtdi və ya bal uzun müddət duru qalırsa, burada şübhəli məqam var. Dediyim kimi, bir neçə bal növü var ki, tərkibi fərqlidir. Məsələn, şabalıd balı, qaratikan balı, çox az istifadə edilən insan sağlamlığına faydası olmayan gəzəngi bal. O, bitki və heyvan mənşəli sayılır. Ona görə də həmin bal növləri uzun müddət xarlanmaya bilir. Bal xarlanandan sonra onu ilkin vəziyyətinə gətirmək mümkündür. Lakin effekt eyni olmur.


- Bölgələrə görə balın keyfiyyəti dəyişir?

- İstər aran, dağlıq, çəmən, meşəlik ərazisi olsun, əgər arı bitkinin nektarını toplayıb gətirib bala çevirirsə, artıq bu təbii hadır. İstənilən halda hər bir ərazinin özünün faydaları var. Amma dağ bölgələrinin blı çox seçilir. Çünki dağlıq bölgələrdə bitki örtüyü zəngindir, bal verən bitkilərin sayı çoxdur. Güney zonalarda bal daha keyfiyyətli olur. Ümumiyyətlə, arı nektarı nə qədər uzaq məsafədən gətirirsə, onu xortumunda nə qədər çox saxlayıb bala çevirirsə, bal daha keyfiyyətli olur. 

Qısa məsafədən daşıdıqda qlükozanın miqdarı çox ola bilir, tez xarlanma baş verir. Dağ bölgələrinin balı favorit sayılır. Gədəbəy, Lerik, Naxçıvan, Quba və s. Hazırda arıçılarımız Dağlıq Qarabağda, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərirlər. Kəlbəcər, Laçın balı adladır. Aran zonalarda olan biyan şirəsindən çəkilən balın öz faydaları var. Biyan balı aran zonasına aid olan baldır.


- Sizin mərkəzdə işğaldan azad olunmuş torpaqların balı var?

- Artıq arıçıların əksəriyyəti orada xidmət göstərir. Ötən ildən bizdə Laçın balı var. Çalışıram ki, Azərbaycanın bütün bölgələrindən olan ballar bizim mərkəzdə olsun ki, insanlar seçim edə bilsinlər. Bütün dünyada 150 mil anlayışı var. İnsan doğulub boya-başa çatdığı 150 mil radius ərazidə istər bal, süd, meyvə-tərəvəz məhsullarını yeyəndə daha çox faydası olur, nəinki başqa bölgələrdə yetişdirilən məhsulları. Azərbaycanın bitki aləmi çox zəngindir. Azərbaycan balı dünyada keyfiyyətinə görə irəlidə gedən balların siyahısındadır. Bizim mərkəzdə Azərbaycanın hər bir bölgəsindən bal var. Əsas odur ki, ballar bitki nektarından toplamış olsun.

- Alıcılar, əsasən hansı bal növünə üstünlük verirlər?

- İlk növbədə qiymət baxımından büdcələrinə uyğun olana üstün verirlər. Bəzi ballar var ətri, qoxusu zəif, amma tərkib etibarı ilə çox zəngin olur. İnsanlar üçün balın görününüşü, dadı, qoxusu maraqlıdır. Bunlar yoxdursa, balın laboratoriyada hansı yüksək göstəricilər verməsi maraqlı deyil. Ən çox insanların xoşladığı cökə balıdır, ən çox satılan odur. Cökə elə bir bal növüdür ki, bütün bal növlərindən ətri, dadı ilə seçilir.


- Balın qiyməti neçəyədir?

- Hər kəsin cibinə uyğundur, real qiymətlərdir. Yüksək, orta və nisbətən aşağı keyfiyyətli bal var. Balın qiyməti bir az aşağı olanda düşünürlər ki, keyfiyyətdə problem var. Balın qiymətinə təsir edən amillər var. Bir arıçının 300 min arısı var, aran bölgəsində saxlayır, məhsuladarlıq boldur, niyə də ucuz satmasın?! Amma dağlıq bölgəsində arıçılıqla məşğul olanların əziyyəti çox olur.

Yəni köçürmələr prosesində xeyli məsrəfləri olur, balın maya dəyəri baha olduğuna görə qiymətə təsir edir. Balın bir kiloqramının qiyməti 30-60 manat civarında dəyişə bilir.






Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin