Erməni vandalizminin silə bilmədiyi TARİXİN İZİ İLƏ... – REPORTAJ/FOTO 

Hazırda oxunan: Erməni vandalizminin silə bilmədiyi TARİXİN İZİ İLƏ... – REPORTAJ/FOTO 

İşğaldan azad edilmiş ərazilərin vandallıq izləri - Suqovşan kilsəsi və məscidi. Erməni vandalizminin silə bilmədiyi TARİXİN İZİ İLƏ... Reportaj/Foto

200561

İşğaldan azad edilmiş ərazilərin hər qarışında işğalçıların vandallıq izlərinə rast gəlinir. İnzibati ərazilərin hansı bucağına səfər etsən, hökmən səni xarabalıqlar qarşılayacaq. Aparılan yenidənqurma və bərpa proseslərinin sürətindən asılı olmayaraq vandallıq izləri uzun illər silinməyəcək. Onlar evlər, inzibati binalar, qəbiristanlıqlarla yanaşı, tarixi mədəniyyət abidələrini, habelə mənəvi dəyəri dünyəvilik daşıyan dini abidələri də dağıntılara məruz qoyublar. 

Belə abidələrdən biri də Suqovşan qəsəbəsində yerləşir. 

“Yolumuz Qarabağadır” layihəsindən yararlanıb yol alırıq Suqovuşana... Təzəcə inşa olunmuş enişli-yoxuşlu yollar burula-burula bizi Aşağı və Yuxarı Çaylı kəndlərindən keçirib mənzil başına yaxınlaşdırır. Xarabalıqlar, tərk edilmiş üzüm bağlarını xatırladan mina sahələri də geridə qalır.

Biz qəsəbəyə çatırıq... 

Bir yanda binalar inşa edilir, bir yanda yol çəkilir, bir tərəfdən isə Azərbaycan əsgərinin qürurverici sədaları gəlir: Onlar xorla mahnı oxuyur. Bütün bunlar Qarabağın füsunkar təbiətində, çaylı-meşəli dağların qoynunda baş verir. Beynəlxalq yarışlara ev sahibliyi edən su hövzəsinin ətrafı tam abadlaşdırılıb və ziyarətçilərin istirahətini tam təmin etmək üçün iaşə obyekti ilə yanaşı uşaq və idman meydançası inşa olunub. 


İstiqamət bildirən lövhədən kilsəyə doğru yol alırıq. Çatdıqda isə abidə bizə işğalçının dini mənsubiyyətsizliyindən xəbər verdi sanki... Demək olar ki, darmadağın edilmiş kilsənin hazırkı vəziyyəti belə keçmişinin təntənəsindən danışır. Maraqlı memarlıq üslubu və binanın tarixi abidə kimi qorunmaya alınması abidə üçün təsəlli təsiri bağışlayır. 

1898-ci ildə inşa edilmiş bu məbəd Qarabağ zonasında ənənəvi alban dini memarlıq məktəbinin elementlərini özündə ehtiva edir.  

Alban-Udi Xristian dini icmasının sədri, Bakı Dövlət Universitetinin baş elmi işçisi Robert Mobili Bizim.Media-ya açıqlamasında, dağıtılara məruz qalan məbədin tək bu abidə olmadığını deyir. 


Həmsöhbətimiz həmçinin əlavə edərək bildirir ki, ermənilər Qarabağ ərazisində qədim alban abidələrində bərpa işləri apararaq oranı erməni kilsəsi kimi təqdim etməyə cəhd ediblər. Bundan başqa isə işğal dövründə qədim memarlıq üslubu ilə əlavə kilsə də inşa olunub. R.Mobili bu saxtakarlıqların tam ifşa edilməsi üçün bütün peşə ixtisaslarından təşkil olunan geniş tərkibli komissiyanın yaradılmasını məqsədəuyğun gördüyünü diqqətə çatdırır. 

Nikbin gələcəyə köklənən qəsəbə kilsəsi və məscidi ilə öz orjinallığını ortaya qoyur. Digər ərazilər kimi burada da həyat yenidən canlanmağa başlayır.

Əvvəlki səfərlərimiz zamanı yalnız ərazidə xidmət aparan hərbçi, polis əməkdaşları və inşaat işçilərini görürdüksə, indi istirahət etmək üçün gələn ailələrin xoşbəxt təbəssümləri ürək açır. Bir də oyun meydançasındakı uşaqların qəhqəhələri Azərbaycanın xoşbəxt gələcəyindən səs gətirir sanki... 












Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin