Azərbaycanda koronavirusa yoluxmadakı SİRR – Rəqəmlər necə tənzimlənir? 

Hazırda oxunan: Azərbaycanda koronavirusa yoluxmadakı SİRR – Rəqəmlər necə tənzimlənir? 

20023

Üçüncü həftədir ki, Azərbaycanda koronavirusa yoluxma azalma tendensiyası ilə davam edir. Son günlərin statistik rəqəmləri göstərir ki, gündəlik sağalanların sayı xəstələnənləri üstələyir. Ölüm sayı isə 19-25 arasındadır. Ötən gün gündəlik yoluxma 418-ə enib. Sağalanların sayı isə 2 dəfə çox - 1095 nəfər olub. Bir gün əvvəl isə yoluxma 1058, sağalanların sayı isə 2125 olub.

Bəs, yoluxma sayının 1000-dən 418-ə düşmə səbəbi nə ilə bağlıdır? İctimaiyyətin gündəlik maraqla gözlədiyi bu rəqəmlər ilk nəzərdə hər kəsi asanlıqla aldada bilir. Təhlil edəndə isə qarşıya tamamilə başqa mənzərə çıxır. Əslində səbəb sadədir. Yoluxma rəqəmlərinin artma və azalma dinamikası gündəlik test sayı ilə bağlıdır.

Nə qədər çox test həyata keçirilərsə, yoluxma da bir o qədər çox olacaq. Son 3 günün koronavirus mənzərəsi ilə bağlı kiçik nümunə aparaq:

Mayın 3-də 418 nəfər koronavirusa yoluxub, test sayı isə cəmi 5 min 180 nəfər arasında aparılıb. Ölüm sayı 19 olub. Mayın 2-də yoluxma 1058 nəfər arasında qeydə alınıb. 8 min 777 nəfər isə testdən keçib. Ölüm 23 olub. Mayın 1-də 12 min 692 nəfər arasında test aparılıb.

Yoluxma sayı isə 1213 nəfər təşkil edib. Bir sözlə gün ərzində nə qədər çox test aprılsa, yoluxma sayı artacaq Əvvəlki günlərə diqqət etsək, görərik ki, 18-19 min test edilirdi deyə say 3-4 min arası idi. Bu gün test az olduğu üçün yoluxma sayı da iki dəfə azdır. 

Mütəxəssislərin bildirdiyinə görə insanların çoxunda koronavirusun əlamətləri olsa da, test verməkdən imtina edir.

Xəstəliyi yüngül keçirən vətəndaşların bəziləri 14 günlük karantin rejimində qalmamaq üçün məsuliyyətsizlik edərək test vermir. Həmçinin testin nəticəsi pozitiv olarsa, küçəyə çıxdıqları halda cərimə edilməkdən ehtiyat edirlər. Bu isə xəstəliyin geniş yayılmasına səbəb olur və qeyri-rəsmi olaraq yoluxanların sayını artırır. 

Bu məsələdə başqa bir təzad da mövcuddur. Bəzi vətəndaşlar koronavirusla əlaqədar heç bir əlamət olmadığı, yaxud yüngül halsızlıq hiss etdikləri zaman qeydiyyatda olduqları klinikanın təcili tibbi yardımına müraciət etsələr də, həkimin çağırışa gəlmir. Hərarət, boğazda qıcıqlanma və ya iybilmə-dadbilmə əlamətlərinin olduğunu maraqlanan həkim “heç nəyin yoxdur” deyib çağırışdan imtina edir. Çıxılmaz vəziyyətdə qalan xəstə ya koronavirusa yoluxub-yoluxmadığını öyrənə bilmir, ya özəl klinikalarda çox baha qiymətlərlə test verməli olur.

Özəl tibb müəssisələrində aparılan test sayı isə Nazirlər Kabineti yanında Operativ Qərargahın apardığı statistik rəqəmlərə aid edilmir. 

Bir sözlə, Azərbaycanın koronavirus mənzərəsi müəmmalıdır. Bu gün xarici ölkələrlə müqayisədə epidemioloji durumu sabit görünən ölkəmizin real xəstə sayında qeyri-müəyyənlik yaşanır. Bu isə Azərbaycanda koronavirusla bağlı təbliğatların yox dərəcəsində olması ilə əlaqələndirilir. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin