Pandemiyada maska biznesi ilə məşğul olan şəxs: "Nazirliyin zabiti faizə pul təklif etdi"

Hazırda oxunan: Pandemiyada maska biznesi ilə məşğul olan şəxs: "Nazirliyin zabiti faizə pul təklif etdi"

200138

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (dələduzluq- külli miqdarda törədildikdə) ilə təqsirləndirilən şəxs Sərraf Əliheydər oğlu Əliyevin məhkəmə prosesinin ilk iclası keçirilib.

Bizim.Media unikal-a istinadən xəbər verir ki, ilkin olaraq cinayət işində zərərçəkmiş qismində "MYPRO" MMC şirkətinin rəhbəri Arif Vaqif oğlu Məmmədov ifadə verib:

"2020-ci illərdə, pandemiya düşən vaxtı mənə tanışlarımdan biri zəng elədi ki, Sərraf adlı bir nəfər səninlə görüşmək istəyir, mən də razılaşdım.

Bir neçə saatdan sonra Sərraf mənə zəng elədi ki, mən sizin məhsulları oradan-buradan alıram. Gəl görüşək, söhbət edək. Mən də gəldim görüşdüm, dedi maskaları, əlcəkləri birbaşa səndən alım. Mən də "Sədərək" ticarət mərkəzində tibbi maskaların, əlcəklərin topdan satışı ilə məşğul idim.

Sərraf mənə dedi ki, apteklərim olub, mənə atıblar, müflis olmuşam, mənə vəziyyətdən çıxmağa kömək elə. İlk olaraq mən ona 2 700 manatlıq maska göndərdim. Sonra məndən tibbi əlcək də istədi, ümumilikdə 52 min manatlıq maska, əlcək göndərdim. Maskanı topdan qiymətə 13 qəpikdən verdim.

Bir də məlum oldu ki, həmin maskalar bazarda 11 qəpiyə satılır, halbuki bu mal mənə Bakıya 12 qəpiyə başa gəlirdi və həmin mal Bakıda ancaq mənim şirkətimə gəlirdi. Bir az araşdırmadan sonra məlum oldu ki, maskanı bazara mayasından aşağı qiymətə Sərraf paylayıb. Malımın bir hissəsini götürə bilsəm də, çox pulumu ala bilmədim. Mənə dedi əvəzinə spirt verim, razı olmadım. İndi mənə 29 205 manat borcu var".

Təqsirləndirilən şəxs Sərraf Əliyev zərərçəkənin verdiyi ifadəyə cavab olaraq bildirib ki, Arif ona ağ maska verib:

"Ancaq həmin vaxt ən çox satılan göy və qara maskalar idi. Mən ondan 400 min ədəd maska almışam. Həmin vaxt bazarda maskanın topdan nağd qiyməti 11 qəpik idi, nisyə isə 13,5 qəpiyə aldım. Arif mənə tibbi maska adı ilə gigiyenik maska satıb".

Hakim Rasim Sadıxov isə hər iki şəxsin maskanı baha satmağına etiraz edib:

"Həmin vaxtı sizin 13 qəpiyə aldığınız maskanı biz aptekdən pandemiya vaxtı aşağısı 20 qəpiyə alırdıq. Xalqımızın çətin vaxtı siz niyə o qiymətə maska satırdınız?".

Sonra digər zərərçəkən Elnur Aydın oğlu Süleymanov ifadə verib:
"Mən Müdafiə Nazirliyinin Maliyyə Xidmətində işləmişəm, 2019-ci ildə işimi dəyişdim, zabitəm. Rafiq dedi ki, gəl biznesə qoşul, pul qazanaq. Mənə cəmi 11 800 manat pul qaytarıb. Ümumilikdə Sərrafa 100 000 manat pul vermişəm".

Sərraf Əliyev Elnurun ifadəsinə cavab olaraq bildirib ki, Elnur ona faizə pul verib və şərik olmayıb:

"Verdiyi pulların arasında beş ay fərq olub. İlk dəfə 70 000 sonra isə 30 000 manat pul verib. Hətta mənə 500 min manat bir dəfəyə faizə pul təklif edib".

Məhkəmənin gedişində məlum olub ki, bu işdə zərərçəkən qismində tanınan Rafiq Məmmədov 700 000-lik dələduzluğa görə həbs olunub, Elnur isə onu Bakı İstintaq Təcridxanasından ziyanını ödəyərək çıxardıb.
Qeyd edək ki, cinayət işində iki nəfər və bir şirkət zərərçəkmiş qismində tanınıb. Növbəti məhkəmə prosesi 23 iyul tarixinə kimi təxirə salınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin