AZAL Füzuliyə təyyarə biletlərinin satışına başlayıb

Hazırda oxunan: AZAL Füzuliyə təyyarə biletlərinin satışına başlayıb

199952

Azərbaycanın milli aviadaşıyıcısı "Azərbaycan Hava Yolları" QSC AZAL Bakı-Füzuli-Bakı marşrutu üzrə aviabiletlərin satışına start verib./

Bizim.Media xəbər verir ki, bu barədə AZAL-dan məlumat verilib.

Qeyd edilib ki, biletləri aviaşirkətin www.azal.az rəsmi veb-saytı vasitəsilə onlayn əldə etmək mümkündür.

AZAL-ın Füzuli Beynəlxalq Hava Limanına müntəzəm reysləri iyulun 17-dən etibarən həftədə iki dəfə olmaqla çərşənbə və şənbə günləri yerinə yetiriləcək. Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportu, Terminal 2-dən baş tutacaq.

Füzuliyə aviabilet əldə edərkən aşağıdakı məqamlara diqqət yetirilməlidir:

- Qarabağa giriş xüsusi icazə tələb etdiyinə görə aviabiletləri yalnız Azərbaycan vətəndaşları əldə edə bilərlər.

- Aviabilet əldə etmək üçün ilk növbədə yolumuzqarabaga.az portalına daxil olaraq müvafiq bölmədən icazə prosesini keçmək və xüsusi kod əldə etmək lazımdır. Daha sonra AZAL saytına keçid alaraq həmin kodu və FİN nömrəsini daxil edib icazəni təsdiq etdikdən sonra bilet əldə etmək mümkündür. Verilmiş icazə kodunun müddəti 1 aydır. Bu müddət ərzində aviabilet alıb Qarabağa səfər etmək olar.

- Bakı-Füzuli-Bakı marşrutu üzrə aviabiletlərin alınması üçün müvafiq sistem vasitəsilə yoxlanılan icazə kodu tələb olunduğundan bilet alışı ilkin mərhələdə yalnız sayt vasitəsilə onlayn mümkündür. Tezliklə mobil tətbiq üzərindən də bilet alışı prosesi təmin olunacaq.

- Aviabileti yalnız hər iki istiqamətdə və yalnız Bakı-Füzuli-Bakı marşurutu üzrə əldə etmək olar.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollegiyasının qərarına əsasən Bakı-Füzuli/Füzuli-Bakı istiqamətində təyyarə biletlərinin qiyməti bir tərəfə 78 manat məbləğində müəyyən edilib. Bu qiymətə 10 kq-a qədər əl yükü və 23 kq-a qədər baqaj daxildir.

Sözügedən istiqamətdə səyahət edən 2 yaşından 12 yaşınadək uşaqlar üçün tətbiq olunan tarifdən 25%, 0-2 yaşında körpələr üçün isə tətbiq olunan tarifdən 90% güzəştlər nəzərdə tutulub.

Qeyd edək ki, 2021-ci il oktyabrın 26-da istifadəyə verilən Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə 8 aya inşa olunub. Aeroport sərnişinlərin rahatlığı və xidmətlərin yüksək səviyyədə göstərilməsi üçün bütün zəruri infrastruktura malikdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin