Xaçmazda adına KREDİT götürülən müəllimdən növbəti ŞİKAYƏT – “3 aydır boşuna pul ödəyirəm”

Hazırda oxunan: Xaçmazda adına KREDİT götürülən müəllimdən növbəti ŞİKAYƏT – “3 aydır boşuna pul ödəyirəm”

Xaçmazda adına KREDİT götürülən müəllimdən növbəti ŞİKAYƏT – “3 aydır boşuna pul ödəyirəm”. Xaçmaz rayon sakin, müəllim Aygün Sadiq qızı Əliyevanın 3 ay əvvəl dələduzluğun qurbanı olduğunu xəbər verilmişdi. Qadının bank kartlarından pul oğurlandı, adına KREDİT götürüldü.
199949

Xaçmaz rayon sakin, müəllim Aygün Sadiq qızı Əliyevanın 3 ay əvvəl dələduzluğun qurbanı olduğunu xəbər vermişdik. Qadının 3 bank kartında olan pullarının çəkildiyini, üstəlik adına 5 min manat məbləğində kredit pul götürüldüyünü qeyd etmişdik. 

Gecə saat 2-də kredit əməliyyatı aparılıb 

Qadının bildirdiyinə görə mütəmadi olaraq yazışdığı dayısı qızından “İnstagram” sosial platformasında ismarıc alıb və mesajlaşmağa başlayıb. Sən demə, onunla yazışan qohumunun profili hansısa dələduz tərəfindən ələ keçirilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Xaçmazda müəllimin bank kartlarından pul oğurlandı, adına KREDİT götürüldü – ŞİKAYƏT 


Bundan xəbərsiz olan Aygün Əliyeva dələduzun hiyləsinə aldanaraq bütün fərdi məlumatlarını ona ötürüb. Beləliklə dələduzun toruna düşən qadının adına Tamkartında olan 1500 manat, Azərbaycan Beynəlxalq Bankından olan əməkhaqqı kartında 482 manat, Rabitəbank kartında isə 200 manat ələ keçirilib. Bu azmış kimi şəxsi məlumatları ilə qadının adına Azərbaycan Beynəlxalq Bankdan onlayn şəkildə 5 min manat məbləğində kredit də götürülüb. 

Maraqlısı isə odur ki, kredit əməliyyatı gecə saat 2-də, qadının iştirakı və onunla videogörüntü olunmadan aparılıb. Bir sözlə, zərərçəkən 7 min manat ziyana düşüb.

Nə dələduz tapılır, nə də kredit silinir...

Aygün Əliyeva baş verənlərlə bağlı Mərkəzi Banka, Azərbaycan Beynəlxalq Bankına və hüquq mühafizə orqanlarına rəsmi müraciətlər edib.

Şikayətçi yenidən Bizim.Media-ya müraciət edərək probleminə baxılmadığından gileylənib. Dediyinə görə, 3 aydır aidiyyəti qurumlardan heç bir reaksiya yoxdur. Nə dələduz tapılır, nə də Azərbaycan Beynəlxlaq Bank onun adına olan borcu silir. Bu azmış kimi adına olan kredit məbləğinin üzərinə aylıq borc yığılır:

3 aydır boşuna banka pul ödəyir...

”3 aydır şikayətimə baxan yoxdur. Azərbaycan Beynəlxalq Bankı isə adıma götürülən kredit borcunu aylıq əməkhaqqıdan çıxır. Təsəvvür edin, 482 manat maaş kartıma yüklənən kimi bank aylıq borcu avtomatik çıxır. Hansı ki, götürülən kreditdən və o məbləğdən xəbərim yoxdur. Evimdə xəstəm var. Dolanışığım yalnız maaşladır. Onu da bank əlimdən alır. Mən nə edim, yaşamayım?”, - deyə şikayətçi gileylənib. 

“Məhkəməyə müraciət etsin”

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Quba Regional Qrupunun əməkdaşı Xəyal Talıbov Bizim.Media-ya açıqlamasında xanım şikayətçinin məhkəməyə müraciət etməli olduğunu bildirib. Dələduzun hələ də tapılmamasına gəlincə DİN rəsmisi bu barədə açıqlama verməyib.

Xatırladaq ki, əvvəlki yazımızda Azərbaycan Beynəlxalq Bankının mətbuat katibi Yadigar Cəfərli Bizim.Media-ya həqiqətən də Aygün Əliyevanın adına kredit verildiyini təsdiqləmişdi.

O, həmçinin bildirmişdi ki, vətəndaşın özü iştirak etmədən də, Beynəlxalq Bank onlayn kredit verə bilir: 

“Bütün dünyada vətəndaşlara banklar tərəfindən onlayn kredit verilir və bizim bank da öz müştərilərinə bu formanı təklif edir. Amma biz mütəmadi olaraq vətəndaşlara çağırışlar edirik ki, bank müştəriləri fərdi məlumatları ilə maksimum ehtiyatlı davranmalı, bu məlumatları heç bir halda başqa şəxslərə verməməlidirlər. Müştəri fərdi məlumatlarını, telefonuna gəlmiş təhlükəsizlik kodunu öz istəyi ilə başqa şəxslərə ötürəndə onun hesabındakı vəsaitlər, maliyyə əməliyyatları üçün ciddi risk yaranır”.

Bank qaydalarına görə isə istənilən bank müştəriyə onlayn kredit versə belə, vətəndaşın kredit müqaviləsini imzalanması üçün banka yaxınlaşması tələb olunur. Vətəndaş şəxsən müqaviləyə imza atmasa, ona kredit verilə bilməz. 

Mövzunu diqqətdə saxlayacağıq...

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin