Bu gün Xətai metrostansiyasında eskalatorların qarşısında izdiham yaşanıb. Belə ki, metrostansiyada 4 eskalator olmasına baxmayaraq, 2-si (bir eniş və bir qalxış) işləkdir. Buna görə sərnişinlər uzun növbə gözləməli olublar. Sıxlıq və vaxt itkisi səbəbindən sərnişinlər buna etiraz etsələr də, metropoliten əməkdaşları digər eskalatorları işə sala bilməyəcəklərini bildiriblər.
Metrostansiyalarda iki eskalatordan biri işə salınmır...
Qeyd edək ki, bənzər hal hər gün “28 May” metrostansiyasında da baş verir. Səbəb kimi isə rəsmi qurum təhlükəsizliyə görə digər eskalatorun işə salınmadığını əsas gətirir.
Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-dən Bizim.Media-nın sorğusuna cavab verilib.
Qurumun mətbuat katibi Bəxtiyar Məmmədov saytımıza açıqlamasında bildirib ki, Xətai metrostansiyasında qatarların hərəkət intervalı Cəfər Cabbarlı istiqamətində olmaqla 12 dəqiqə təşkil edir və sonuncu sərnişin platformanı tərk edənə qədər təxminən 2.5-3 dəqiqə vaxt gedir:
“Belə olduqda, sonrakı 9-10 dəqiqə həmin eskalator boş dövr edir. Təsəvvür edin, belə vəziyyətdə ikinci eskalator da qoşulsa, 10 dəqiqədən artıq ikisi də boş dövr etmiş olacaq. Burada hər hansı başqa məqsəd yoxdur, sadəcə israfçılığa yol verilməməsidir. Amma sərnişin sıxlığı olarsa, qrafikdən əlavə tənzimləmələr tətbiq olunur. Təbii ki, bu platformada dayanan işçi yox, stansiya üzrə rəhbər və işçi heyətinin tam nəzarəti altındadır. Bununla bağlı gündəlik monitorinqlər də aparılır”.
İki eskalatorun boş-boşuna işləməsi enerji israfıdır?
Bəxtiyar Məmmədov bildirib ki, eyni sözləri “28 May” metrostansiyası haqqında da demək olar. Qurum rəsmisinin sözlərinə görə, yəni iki eskalatorun boş-boşuna 12-13 dəqiqə çalışması nə qədər elektrik enerjisinin yandırılması deməkdir:
“Əgər o qənaətə nail olunmasa, bu sərnişindaşımanın maya dəyərinə də əsaslı şəkildə təsir göstərəcək. Yəni bizim göstərdiyimiz xidmətin təməlində dayanan məsələlərdən biri sərnişini hərtərəfli düşünməkdir. Yəni mümkün qədər əmlakı da qorumaq lazımdır, lakin sərnişin təhlükəsizliyi də mütləq nəzərə alınır. Planları kənara qoyub, nəyi necə gəldi etmək də olmur.
Sabah hər hansı problem yarananda elə həmin sərnişinlər haqlı olaraq deyəcəklər ki, vaxtında niyə qənaət etmir, tədbir görmürdünüz. Ümumiyyətlə, bütün görülən tədbirlərin təməlində sərnişindaşımanın maya dəyərini azaltmaq üçün texnoloji yeniliklər tətbiq olunsun, sərrnişinə xidmət mədəniyyətinin artırılması üçün lazımlı addımlar atılsın”.
Nuranə Daxilqızı, Bizim.Media