Xaçmazın Aşağı Zeyid kəndində yaşayan Böyük Vətən Müharibəsi veteranı Məhəmməd Məmmədovun sabah nə az, nə çox, düz 100 yaşı tamam olur.
Bizim.Media xəbər verir ki, Xaçmaz rayon Veteranlar Şurası yaşı bir əsrə çatmış veteran ağsaqqalı doğmalarından, ailə üzvlərindən daha tez, bir gün öncə təbrik ediblər.
Xaçmaz Veteranlar Şurasının sədri Abasyar Heydərov və bir qrup veteran Məhəmməd kişinin doğum günü tortunu onunla burgə kəsib ağızlarını şirin ediblər.
Sumqayıt şəhər sakini Nazim Quliyev də təbrik edənlər arasında idi. Qonaqların gəlişinə çox təəccüblənən, həm də sevinnən Məhəmməd Məmmədov qapısına gələnlərə öz müharibə xatirələrindən maraqlı epizodlar danışıb.
Müharibənin dəhşətli günlərinin heç kimə nəsib olmasını arzulamayan 100 yaşlı ağsaqqal hər birinə sağlam ömür və uğurlar arzulayıb.
Qeyd edək ki, 17 yaşında cəbhəyə gedən Məhəmməd Məmmədov Böyük Vətən Müharibəsində Qroznıdan Berlinədək döyüş yolu keçib.
100 yaşlı veteranın hazırda 5 övladı, 23 nəvəsi, 50 nəticəsi və 2 kötükcəsi var.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu