Şəhidin bacısı: “Qardaşım doğma torpaqda, atamızın yanında dəfn olundu” 

Hazırda oxunan: Şəhidin bacısı: “Qardaşım doğma torpaqda, atamızın yanında dəfn olundu” 

199515

“Qardaşımı 18 yaşında evdən yola saldıq. İndi 52 yaşında doğma ata-baba yurduna nəşi qayıtdı. 30 il atam-anam oğullarının həsrəti ilə yaşadı. Atamın ürəyi dözmədi. Dünyasını dəyişdi. Anam da yataq xəstəsidir. İllərlə hər yerdən Əhliman haqqında xəbər gözləyirdik. Bircə onu bilirdik ki, müharibə zamanı o, Ağdərədə gedən döyüşlərdə şəhid olub. Həmin vaxtlarda rəhmətlik atam o istiqamətdə şəhid olanların nəşlərinə baxmağa getmişdi.

Lakin tanınmaz olduğundan qardaşımı tanıya bilməmişdi. Sonradan o, naməlum şəhid kimi dəfn olunub. Biz illərlə onun məzarının yerini öyrənə bilmədik.

Bir müddət əvvəl dövlətimiz tərəfindən naməlum şəhidlərimizin kimliyinin tapılması üçün analizlər götürüldü. Şükür, bu günlərdə məlum oldu ki, qardaşım Bakıda, Şəhidlər Xiyabanında dəfn olunan naməlum şəhidlərimizdən biridir. Bu gün onun nəşinin qalıqlarını gətirib öz kəndimizdə, atamın məzarının yanında dəfn etdik. Cənab Prezidentimiz İlham Əliyevə, bu işdə zəhməti olan hər kəsə ailəmiz adından təşəkkür edirəm". 
 

MÖVZU İLƏ BAĞLI:

Birinci Qarabağ müharibəsi şəhidi Şəmkirdə dəfn olundu – FOTO 


Bu sözləri Bizim.Media-nın yerli bürosuna Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan, bu gün Şəmkirin Mehrili kənd qəbiristanlığında dəfn edilən şəhid Əhliman Vahid oğlu Əsgərovun bacısı Adilə Əsgərova deyib. 

Onun sözlərinə görə, bütün şəhid ailələri kimi onlar da qardaşları ilə fəxr edirlər: 

“Bütün şəhidlər kimi mənim qardaşım da Vətən uğrunda canını qurban verib. Torpaqlarımızın azad olunması üçün şəhid olub. Yaxın insanının olması çox ağırdır. Nəşinin harada olduğunu da bilmirsən. İndi heç olmasa az da olsa təsəllimiz var. Qardaşım doğma torpaqda, atamızın yanında dəfn olundu. Atamın arzusu ilə onun qəbrində qardaşımın şəkli də vurulub. İndi ruhu rahatdır. Oğlu yanındadır. Biz də qardaşımı daha ziyarət edə biləcəyik. Allah bütün şəhidlərimizə rəhmət eləsin” - deyə şəhidin bacısı əlavə edib. 

Qeyd edək ki, Bakı şəhərindəki I Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş, Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan, şəhid Əhliman Vahid oğlu Əsgərov bu gün Şəmkirin Mehrili kənd qəbiristanlığında dəfn edilib. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin