Natiq Qasımovun qardaşı SİRLƏRİ AÇDI: “Balasanyan dedi ki...” – ÖZƏL 

Hazırda oxunan: Natiq Qasımovun qardaşı SİRLƏRİ AÇDI: “Balasanyan dedi ki...” – ÖZƏL 

Natiq Qasımovun qardaşı Nofəl Qasımovun açıqlamaları: "Balasanyan dedi ki...", Xocalı soyqırımı ilə bağlı xatirələr və daha bir çox.

199501

“Natiq Qasımovla bağlı “Oğul” filmi hazırlandı. Filmin təqdimatında Prezidentimizin ailə üzvləri ilə görüşdüm. Onlara təşəkkür edirəm. Mən bilirdim ki, Ali Baş Komandanımız gec-tez Natiqin tutduğu haqq yolunu qiymətləndirəcək”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Azərbaycan Milli Qəhrəmanı Natiq Qasımovun qardaşı Nofəl Qasımov deyib. 

Qardaşı haqqında xatirələrini bölüşən Nofəl Qasımov Azərbaycan Prezidentinin Natiq Qasımovla bağlı sərəncamından olduqca duyğulandıqlarını və qardaşının belə bir ali ada layiq görüldüyü üçün fəxr etdiyini deyib.  

“Dövlət qurumları ilə əlaqə saxlayırıq. Onlar bizə deyirlər ki, Natiqin qalıqlarının tapılması asan olmayacaq. Görünür ki, Ali Baş Komandanımız uzun müddətdir bu məsələ ilə maraqlanır. Lakin mən təsəvvür etmirdim ki, qardaşım ən ali ada layiq görüləcək. Prezidentimiz sağ olsun ki, Natiqin göstərdiyi qəhrəmanlığı, şücaəti ən ali dərəcədə qiymətləndirdi. Anam adından, ailəm adından, qohumlarım adından Ali Baş Komandana təşəkkür edirəm”.


“Xocalı soyqırımı baş verdikdən sonra...”

Natiqlə bağlı xatirələrini də bölüşən Nofəl Qasımov, qardaşının hərbi xidməti başa vurduqdan sonra evə qayıtdığını, lakin qısa müddət sonra vətəni müdafiə etmək üçün döyüşlərə yollandığını bildirib: 

“Ailədə 4 uşaq olmuşuq: iki bacı, iki qardaş. Natiq Qasımov bizim ailəmizin son beşiyi olub. Biz 1975-ci ildə Mingəçevir şəhərinə köçmüşük. Natiq isə 1971-ci ildə Gədəbəydə anadan olub. Minəçevirdəki 4 saylı orta məktəbi bitirib. O, 1989-cu ildə hərbi xidmətə çağırılmışdı. Daxili Qoşunlarda xidmət edirdi. Hələ o vaxt çox təşəkkürnamələr gəlirdi. Yaxşı xidməti, atıcılıq qabiliyyəti vardı. 


Natiq 1991-ci ilin oktyabr ayında hərbi xidmətdən qayıtdı. Amma 2-3 gün belə evdə qalmadı. Kağız yazıb qoydu ki, "mən Qarabağa gedirəm". Yazırdı ki, "düşmənlər torpaqlarımızda baş qaldırıblar". O vaxt şərait yox idi. Ona görə də, əsgərləri ayda bir dəfə 2-3 günlük evə buraxırdılar. Elə o vaxt Natiqi də evə buraxdılar. Silah-sursatla gəlmişdi. Mən dedim ki, niyə silah gəzdirirsən? Dedi ki, qoymağa yerimiz yoxdur. Bir neçə gün qaldı. Amma bu ərəfələrdə Xocalı soyqırımı baş verdi. Gecə dedi ki, mən orada olmalıyam. Səhər tezdən silahını götürüb getdi”. 

“Balasanyan dedi ki...”

Sonuncu dəfə qardaşı ilə elə o vaxt danışan Nofəl Qasımov, o zamandan sonra Natiqdən xəbər almadıqlarını qeyd edib. Təbii ki, Natiqin itkin düşməsi xəbərinin ardından atası ilə birgə axtarışlara başlayıblar:

“1992-ci ilin mart ayında bizə xəbər gətirdilər ki, Natiqgilin dəstəsi hücuma keçiblər, amma hamısı şəhid olub. Lakin Natiq yoxdur. Atamla getdik axtarmağa. Komandiri ilə görüşdük. Dedi ki, 7 nəfər əməliyyata gedib, 6-sı şəhid olub. Şəhidləri götürmüşük. Lakin Natiqdən xəbər yoxdur. 

Komandiri bizi yönləndirdi Allahverdi Bağırovun yanına. Onun da öz dəstəsi vardı. Çünki o vaxt hərbi hissələr yox idi. A.Bağırov mənə dedi ki, erməni tərəfindən Natiqi tapa bilsəm, yalnız Vitali Balasanyanla danışıb tapa bilərəm. Həmin vaxtlar ona yalnız Vitali deyirdilər, soyadını demirdilər. Hamı "Vito" deyə çağırırdı. Bağırovdan xahiş etdim ki, qardaşımı tapın. O tərəfdən nə istəsələr, verəcəyik. Səhəri gün Bağırovun yanına getdim. Lakin atamı aparmadım”, - deyə N.Qasımov bildirib. 


Sonra aydın olur ki, Natiqin qatili, minlərlə Azərbaycanın qatili olmuş Vitali Balasanyandır. 

“Düşünürdüm ki, pis xəbər var. Allahverdi Bağırov bildirdi ki, “Vitali deyib ki, mən onu diri-diri yandırdım. Ona görə yandırdıq ki, o bizim o qədər əsgərimizi qırıb, bizə qan uddurub”. 5 gündə Ermənistanın 200-300 əsgərini qırıb. Balasanyan deyib ki, Natiqi yandırdıq ki, valideynlərinə, yaxınlarına dağ çəkək. 

Sonra biz Qızıl Xaç Cəmiyyətinə müraciət etdik. O vaxtı da heç kim baxmırdı. 1992-ci ildə eşitdik ki, Natiqin şəkli var. Axtardım, tapdım ki, mənim qardaşımdır. Əlində Azərbaycan bayrağı, sağ-solunda ermənilərdir. Qardaşım gedəndə atamın idman paltarını geyinmişdi. Elə həmin geyimdə, ayaqda rezin çəkmələr, əlində Azərbaycan bayrağı... 

Araşdırdıq və öyrəndik ki, fotonu çəkən italyan jurnalistdir. Lakin biz o vaxtı onu necə tapa bilərik?

Sonradan filmlər çəkildi. Qəzet və jurnallarda yazıldı. Mən bilirəm ki, qardaşımın qətlində birbaşa Balasanyanın əli var. Balasanyan qardaşımı aparıb o vaxt Xankəndinə... Orada, bunkerdə onu danışdırıblar. Sonradan Balasanyanın əmri ilə Natiqi doğrayıblar. Bunları ermənilər özləri də etiraf edir”, - deyə N.Qasımov əlavə edib. 

Qeyd edək ki, 26 iyun 2024-cü ildə Azərbaycan prezidenti İlham Əliyev Natiq Qasımova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi haqqında sərəncam imzalayıb. O, Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətlərinə və döyüş tapşırığının yerinə yetirilməsində göstərdiyi şəxsi cəsarətinə görə bu ada layiq görülüb.

Bizim.Media, Mingəçevir bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin