Sentyabr ayında dövlət qulluğuna qəbulla əlaqədar səriştə modeli sınaqdan keçiriləcək.
Bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bundan əvvəl səriştə modelinin axırıncı versiyası ilə bağlı beynəlxalq ekspertlərlə fikir mübadiləsi aparılacaq:
“Bu, çox vacib mərhələdir. Model üzrə 2 ildir işləyirik. Artıq bu modelin tətbiqinə başlayırıq. 2024-cü ildə bu modelin sınağı, 2025-ci ildə isə müvafiq qanunvericilikdə aparılan dəyişikliklə dövlət qurumlarına işə qəbul prosesini bu modellə həyata keçirəcəyik”.
MÖVZU İLƏ BAĞLI:
Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək – BU TARİXDƏ
Maraqlıdır, bu model nə ilə fərqlənir? Tətbiqi ilə nələr dəyişəcək?
Dövlət İmtahan Mərkəzindən (DİM) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, səriştə modeli iş prosesində uğur qazanmaq üçün nümayiş etdirilməli olan səmərəli davranış və bacarıqlardan ibarət səriştələr toplusudur:
“Bu model dövlət qulluqçularının seçilməsi, inkişaf etdirilməsi və qiymətləndirilməsində istifadə üçün nəzərdə tutulub. Modelə daxil olan hər bir səriştənin müxtəlif davranış göstəriciləri var. Bu göstəricilər vasitəsilə fərdin və təşkilatın uğurlu fəaliyyəti üçün mühüm olan fərdi davranış modelləri ölçülür.
Səriştə modelinin tətbiqi ilə dövlət qulluğuna qəbul prosesində biliklərin ölçülməsinin payı azalacaq, həm test, həm də müsahibə mərhələsində təməl intellektual bacarıqlar, ümumi və funksional səriştələrin qiymətləndirilməsinə üstünlük veriləcək”.
Qurumdan qeyd edilib ki, dövlət qulluğu üzrə tətbiq olunmamışdan əvvəl səriştə modelinin effektivliyini qiymətləndirmək üçün pilot mərhələsi həyata keçiriləcək:
“Bununla yanaşı, dövlət qulluqçuları və potensial namizədlər üçün səriştə modeli mövzusunda maarifləndirici tədbirlərin təşkili də nəzərdə tutulub. Bu tədbirlər vasitəsilə ictimaiyyət yeni modelin mahiyyəti və tətbiqi barədə məlumatlandırılacaq və onlara bu yeni yanaşmaya uyğunlaşmaq üçün zəruri məlumatlar veriləcək.
Səriştə əsaslı işə qəbul sistemi, dövlət qulluğunda daha ədalətli, şəffaf və effektiv işə qəbul prosesinin təmin edilməsi məqsədini daşıyır. Bu sistemin tətbiqi, dövlət qulluğunda fəaliyyət göstərəck şəxslərin iş prosesində uğur qazanmaq üçün zəruri olan davranış və bacarıqlara malik olmasını təmin edəcək”.
Günay Şahmar, Bizim.Media