“Azərbaycanda “Bayraktar” tipli PUA istehsal edilə bilər” – Mühüm AÇIQLAMA 

Hazırda oxunan: “Azərbaycanda “Bayraktar” tipli PUA istehsal edilə bilər” – Mühüm AÇIQLAMA 

Azərbaycan Ordusunun inkişafı və müdafiə sənayesi haqqında ətraflı məlumat. Türkiyə ilə iş birliyi nəticəsində inkişaf etdirilən silah sistemləri və yerli istehsal planları barədə məlumatlar.

199464

Çoxəsrlik tariximizin ən parlaq səhifələrindən olan 44 günlük İkinci Qarabağ müharibəsində qazandığımız zəfərdən sonra ordumuz fokuslandığımız əsas nöqtə oldu. Böyük sərkərdələr yetişdirən Azərbaycan xalqının çox yaxşı bir deyimi var: “Ordun varsa, yurdun var.” Bəli, ordumuzu inkişaf etdirmək bizim əsas missiyalarımızdan biridir. 

Bəs maraqlıdır, Azərbaycan Ordusunun inkişaf nöqteyi-nəzərdən hansı silahlara ehtiyacı var?

Hərbi ekspert Ədalət Verdiyev mövzu ilə bağlı Bizim.Media-ya danışıb. O qeyd edib ki, 44 günlük İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan müdafiə və təhlükəsizlik xərclərini artırır:

“Biz müasir silah sistemlərinin tətbiqinə xüsusi önəm veririk. Hazırda Ordumuzun silahlanması ilə bağlı heç bir problem yoxdur. Həm Müdafiə Sənayesi Nazirliyi tərəfindən, həm də mütəffiqlərimizin – Türkiyənin, İsrailin, Belarusun və bəzən də Avropa ölkələrinin istehsal etdiyi silahlara üstünlük veririk. 

Azərbaycan silahların çatdırılmasını şaxələndirməklə bənzər sistemləri bir neçə istehsalçıdan əldə etmək imkanları qazanıb. Bu da Ordumuzun istənilən sayda silah növünün və sursatlarını əldə etmək imkanını bizə verir. 

Hazırda həm Qərbdə, həm də Şərqdə davam edən intensiv müharibə və münaqişələr silah bazarında müəyyən bir qıtlıq yaradıb. Hava hücumundan müdafiə (HHM) sistemləri, uzaqmənzilli artilleriya sursatları, uzun müddət havada qala bilən, zərbə, kəşfiyyat funksiyasını yerinə yetirən pilotsuz uçuş aparatları (PUA), idarəolunan raket sistemləri, tank əleyhinə və gecəgörmə vasitələri, lazer nişangahları, sonda isə hava hücum vasitələrinin pilotlu və pilotsuz versiyaları dünyada daha çox tələbat duyulan silahlar arasındadır”. 

Ədalət Verdiyev qeyd edib ki, Azərbaycan müdafiə sənayesi sahəsində potensialını artırmaq məqsədilə Türkiyənin nəhəng şirkətləri ilə birgə müəssisələr yaradıb:

“Biz bu gün Azərbaycanda 5 nəsil “KAAN” qırıcı təyyarəsinin ehtiyat hissələrinin istehsalına şahidlik edirik. İki qardaş ölkə tərəfindən istehsal olunan məhsulların bir hissəsini sentyabr ayında Bakıda keçiriləcək ADEX 2024 sərgisində müşahidə edəcəyik. Ümumilikdə isə birgə istehsal müəssisələrində hazırlanan məhsulları yaxın 3 il ərzində başqa ölkələrə ixrac etmək planı var. Türkiyənin “Bayraktar” tipli PUA-larının da Azərbaycanda yerli istehsalı gözlənilir”. 

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin