Şuşada mühüm TƏDBİR – Qarabağda biznes imkanları müzakirə olundu – FOTO 

Hazırda oxunan: Şuşada mühüm TƏDBİR – Qarabağda biznes imkanları müzakirə olundu – FOTO 

199448

İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Şuşa şəhərində keçirilən “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” mövzusunda tədbirdə azad olunmuş ərazilərimizdə biznes üçün güzəştlər, azadolmalar və digər dəstək tədbirləri barədə məlumat verilib.

Bizim.Media xəbər verir ki, 100-dən çox sahibkarın, eləcə də müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilən tədbirin məqsədi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının investisiya imkanlarının biznes ictimaiyyəti üçün təşviqi, əlavə dəyər və məşğulluq yaradan investisiyaların dəstəklənməsi istiqamətində interaktiv platformanın yaradılması, dövlət-özəl sektor əməkdaşlığı üzrə müzakirələrin təşkili və sahibkarlıq subyektlərinə biznes perspektivlərinin təqdim edilməsidir.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Həmçinin işğaldan azad edilmiş ərazilərdə görülən işlərə, özəl sektorun inkişafı məqsədilə həyata keçirilən tədbirlərə və əldə edilmiş uğurlara həsr olunmuş film nümayiş edilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət və biznes təmsilçilərinin iştirakı ilə keçirilən birgə tədbirlərin müsbət ənənəyə çevrildiyini, bugünkü görüşün də regionun inkişafına və özəl sektorun güclənməsinə töhfə verəcəyini vurğulayıb. Bildirilib ki, yeni dövrdə Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi inkişaf sahəsində böyük uğurlar əldə edilib.


Azərbaycan regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilib. 

Ali Baş Komandanın rəhbərliyi altında qüdrətli ordu sayəsində tarixi Zəfər qazanılıb, ölkənin ərazi suverenliyi tam bərpa edilib. Effektiv islahatlar nəticəsində ölkəyə investorların marağı artır, rəqabət qabiliyyətli məhsul istehsalı genişlənir və iqtisadi səmərəlilik yüksəlir. Azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri iqtisadi və sosial inkişaf üçün yeni qapılar açıb. Regionda biznesin inkişafı üçün yaradılan şərait, dövlət-sahibkar işbirliyi müstəvisində yeni layihələr reallığa çevrilib. 

Hər birimiz üçün işğaldan azad edilmiş ərazilərin bərpası və iqtisadi dirçəlişi əsas prioritetdir. Dövlət bu sahədə üzərinə düşən öhdəlikləri yerinə yetirir, biznes üçün bölgədə əlverişli şəraiti təmin edir. Bununla belə, biznes Qarabağda uğurlu iş qurmaq üçün fəal təşəbbüslərlə çıxış etməlidir. Sahibkarlar bölgədəki əlverişli biznes fürsətlərini layiqincə dəyərləndirməlidirlər.

İqtisadiyyat naziri işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialı, biznes üçün yaradılan şərait barədə məlumat verib. 


Qeyd edilib ki, indiyədək özəl sahibkarlıq subyektləri tərəfindən işğaldan azad edilmiş ərazilərə 211 milyon manatdan artıq vəsait yatırılıb, 364 milyon manat vəsaitin isə yatırılması nəzərdə tutulur. Özəl təşəbbüsləri hərtərəfli təşviq etmək və dövlət-özəl tərəfdaşlığını inkişaf etdirməklə regiona investisiya qoyuluşunun artırılması hədəflənir. 

Sahibkarlar tərəfindən azad edilmiş ərazilərdə həyata keçiriləcək perspektivli layihələrdə dövlət sektorunun da iştirakı üçün yeni maliyyə mexanizmi hazırlanır. Mexanizm vasitəsi ilə perspektivli layihələrə dövlət tərəfindən kapital qoyuluşu, eyni zamanda layihələrin dəstəklənməsi üçün dövlət zəmanəti ilə aşağı faizli kreditlərin verilməsi həyata keçiriləcək. Mexanizm bölgədə iqtisadi fəallığı, o cümlədən sahibkarlığın güclənməsini təmin edəcək, maliyyə resurslarının daha səmərəli idarə edilməsinə şərait yaradacaqdır.

Nazir sahibkarları Qarabağ və Şərqi Zəngəzurda biznes imkanlarından səmərəli şəkildə yararlanmaqda və bölgənin iqtisadi reinteqrasiyasına töhfə verməkdə fəal olmağa dəvət edib.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Qarabağda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, bu sahədə dövlət, biznes və ictimai strukturlar arasında əməkdaşlığın inkişafı, Qarabağa əhalinin qayıdışı barədə məlumat verib.


Qeyd edilib ki, bölgədə, o cümlədən, Ağdam, Füzuli və Xocavənd rayonlarında sürətli bərpa və yenidənqurma işləri aparılır. Regionda infrastruktur layihələri uğurla reallaşdırılır. İşğaldan azad edilmiş ərazilərin böyük iqtisadi, o cümlədən, sənaye, aqrar və turizm potensialı var.

Sahibkarların bu potensialdan geniş və səmərəli istifadə etməsi onların bölgədə uğurlu biznesini təmin edəcək, Qarabağın dirçəlişinə böyük töhfə verəcək.

Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov işğaldan azad olunmuş ərazilərin dirçəlişinin ölkəmiz və onun iqtisadiyyatı üçün önəmini qeyd edib, Şuşada yenidənqurma işləri, tarixi və mədəniyyət abidələrinin bərpası, sosial infrastruktur tikintisi, sakinlərin ata-baba yurdlarına qayıtması məsələlərindən danışıb. 

Bildirilib ki, İslam dünyasının mədəniyyət paytaxtı Şuşa şəhərində bütün quruculuq işləri şəhərin Baş planına əsasən aparılır. Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi olan Şuşanın əvvəlki şöhrəti artıq özünə qayıdır. Sürətlə bərpa olunan şəhər bölgədə beynəlxalq tədbirlər məkanına çevrilib. Bununla yanaşı, Şuşada uğurla fəaliyyət göstərən sahibkarlıq subyektlərinin sayı artır, burada əlverişli işgüzar mühit üçün münbit şərait var.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov azad edilmiş ərazilərdə reinteqrasiya tədbirləri, yaşayış məskənlərində infrastrukturun yenilənməsi, əhalinin öz yurdlarına geri dönməsi, məşğulluğun təmin edilməsi prosesi barədə iştirakçıları məlumatlandırıb. 


Qeyd olunub ki, keçmiş məcburi köçkün ailələr mərhələli şəkildə qədim Azərbaycan yurdu Xankəndi və ətraf rayonlara qayıdırlar.

Bununla yanaşı, bölgədə əlverişli biznes fəaliyyəti, müəssisə və iş yerlərinin yaradılması imkanları barədə məlumat verilib. Bildirilib ki, bölgədə müxtəlif istiqamətlər üzrə sahibkarlıq fəaliyyəti üçün əlverişli imkanlar var və iş adamları biznes fürsətlərindən lazımınca yararlana bilərlər.

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev azad edilmiş torpaqlarımızda, o cümlədən Şərqi Zəngəzur iqtisadi rayonunda daxil olan Cəbrayıl, Qubadlı və Zəngilanda aparılan bərpa və quruculuq işlərindən, layihələrdən bəhs edib. Vurğulanıb ki, bölgədə xarici və yerli sərmayədarların diqqət və marağına səbəb olan effektiv və innovativ layihələr gerçəkləşdirilir. Regionda yaşıl layihələrin icrası bu baxımdan xüsusilə qeyd olunmalıdır.

Cəbrayıl, Qubadlı və Zəngilanın təbii resurs və imkanları, iqtisadi və biznes potensialı barədə məlumat verilib, burada sahibkarlıq üçün böyük imkanlar olduğu bildirilib.


Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov işğaldan azad edilmiş ərazilərin iqtisadi dirçəlişi məqsədilə həyata keçirilən layihələrin regionun və ümumilikdə ölkənin iqtisadi inkişafı üçün strateji əhəmiyyətə malik olduğunu vurğulayıb, bölgədə müasir infrastruktur təminatının yüksəldilməsi tədbirlərindən danışıb. Bildirilib ki, regionun alternativ və “yaşıl” enerji zonasına çevrilməsi uğurla təmin edilir.

Bölgənin əlverişli mövqeyi, təbii resursları və çayların hidropotensialının yüksək olması burada yaşıl enerji, sənaye və digər istiqamətlər üzrə layihələrin səmərəliliyini artırır. Bu istiqamətdə özəl sektorla faydalı əməkdaşlıq qurulması bölgənin iqtisadi cəlbediciliyini artıracaq, biznes fəaliyyətini genişləndirəcək.


Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin