Azərbaycanda ötən həftə erkən nikah və qohum evliliklərinin qarşısının alınması məqsədilə qanuna edilən dəyişikliklər birinci oxunuşda qəbul edilib.
Sözügedən yeniliklərdən biri də on altı yaşına çatmayan şəxs barəsində evliliyə dair sövdələşməyə daxil olmaya görə cərimə və cəzaların müəyyənləşməsidir. Yəni 16 yaşına çatmayan şəxsləri nişanlamağa görə inzibati həbs tətbiq olunacaq.
Belə ki, İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni 189-1-ci maddəyə görə, 16 yaşına çatmayan şəxs barəsində onun və ya evliliyə daxil olmaq niyyətində olan digər şəxsin valideynləri və ya onları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya evliliyə daxil olmaq niyyətində olan yetkinlik yaşına çatmış şəxs tərəfindən nişanlanmaya və ya evliliyə dair digər sövdələşməyə daxil olmağa görə min manatdan iki min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunacaq.
Dəfələrlə mətbuatda və sosial şəbəkələrdə əsasən erkən yaşlı qızların nikaha girməsi, nişanlanmasına dair məlumatlar paylaşılıb. Bundan sonra həmin məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb, qarşısı alınıb. Lakin nişanlanma toy hazırlığının bir mərhələsi olduğu üçün, buna dair rəsmi sənəd olmadığı üçün aşkarlanması da çətindir. Yəni erkən yaşlı şəxslərin nişanlanmasını göstərən heç bir rəsmi sənəd yoxdur.
Bəs bu necə aşkarlanacaq? Bunun mexanizmi nədən ibarətdir?
Məsələyə Milli Məclisin üzvü Fazil Mustafa aydınlıq gətirib. O, mövzu barədə Bizim.Media-ya danışaraq bildirib ki, qanun bir ildən sonra qüvvəyə minəcək:
“Bu məsələ hələki birinci oxunuşdan keçib, ikinci oxunuşda baxılacaq. Yəqin ki, bu ayın sonuna qəbul olunacaq. Qanunun qüvvəyə minməsi isə bir il sonra baş verəcək. Bu, ayrıca bənd olaraq nəzərdə tutulub.
Əsas məsələ bu sahədə özbaşınalığı tənzimləmək, qanunun tətbiqi ilə yanaşı maarifləndirici işlər aparmaqdır. Nişanlanma ilə, erkən yaşda şəxslərin nişan mərasimlərinin, məclislərinin keçirilməsi ilə bağlı hansısa bir şadlıq evi, hansısa restoranın özünün də cəzalanmasından söhbət gedir. Ona görə də həmin şəbəkə vasitəsilə də bunun qarşısının alınması mümkün olacaq. Kimsə risk edib bu addımı atmağa maraqlı görüməyəcək.
Bütün hallarda məsələ müzakirə olunmalı və baxılmalıdır. Mənim fikrimcə, bu kimi məsələlərdə dövlət bir az daha qətiyyətli mövqe tutumalıdır və bu cür qohum evliliklərindən tutmuş erkən yaşda nişanlanmaya qədər nikaha cəlb olunmaya dair məsələlərdə öz mövqeyini ortaya qoymalıdır. Əks halda bu, gələcəkdə böyük problemlər yarada bilər”.
Deputat nişan mərasimlərinin aydınlaşması üçün müəyyən mexanizmlərin nəzərdə tutulacağını deyib:
“Müvafiq qurumların bu istiqamətdə konkret qanundan sonra icra sənədləri qəbul və təqdim olunacaq. Onda bəlli olacaq ki, hansı metodlarla hüquq-mühafizə orqanları ilə digər icra qurumlarının kordinasiyası şəklində məsələni həll etmək mümkün olacaq”.
Günay Şahmar, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:00 / 26.06.2024
Azyaşlıları nişanlandıranlar CƏZALANDIRILACAQ – Bəs bu halları kim, necə ortaya ÇIXARACAQ?
Hazırda oxunan: Azyaşlıları nişanlandıranlar CƏZALANDIRILACAQ – Bəs bu halları kim, necə ortaya ÇIXARACAQ?
Hazırda oxunan: Azyaşlıları nişanlandıranlar CƏZALANDIRILACAQ – Bəs bu halları kim, necə ortaya ÇIXARACAQ?
198928
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.