1941-ci ilin bu günündə Hitler Almaniyasının Sovet İttifaqına hücumu ilə Böyük Vətən müharibəsi başlayıb. Nasistlər müharibənin əvvəlində sürətlə irəliləsələr də, sovet ordusu onların hücumunun qarşısını ala bilib.
1943-cü ildən isə Sovet İttifaqı müharibədə təşəbbüsü ələ alaraq, Almaniyanı tədricən ölkə ərazisindən, daha sonra isə Şərqi Avropadan çıxarıb. Müharibə 1945-ci il mayın 9-da faşist Almaniyasının təslim olması ilə başa çatıb. Bu müharibədə ümumilikdə 26,6 milyon sovet vətəndaşı həlak olub. Təkcə sovet silahlı qüvvələrinin şəxsi heyəti 8,6 milyon nəfərdən çox itki verib.
1941-1945-ci illərdə Azərbaycan xalqı istər ön, istərsə də arxada cəbhədə misilsiz rəşadətlər göstərib. Qısa müddətdə respublikada 87 qırıcı təyyarə və 1124 özünümüdafiə batalyonu təşkil olunub. Böyük Vətən müharibəsində 700 mindən çox azərbaycanlı iştirak edib. Onların yarıdan çoxu döyüş meydanlarında həlak olub.
130-dan çox azərbaycanlı “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülüb, 170 min nəfər isə müxtəlif orden və medallarla təltif olunub. Faşizm üzərində Qələbənin əldə edilməsində Bakı nefti də misilsiz rol oynayıb. Müharibə illərində Azərbaycan neftçiləri cəbhəyə 75 milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları göndəriblər. Sovet ordusunun təyyarə və tankları demək olar ki, Bakı nefti ilə işləyib.
Bəs, iyunun 22-də dünyada daha hansı hadisələr baş verib?
1. 22 iyun 1825-ci ildə Böyük Britaniya parlamenti imperiyanın nəzarətində olan Şimali Amerikada feodalizmi və torpaq ağalığı sistemini ləğv edib.
2. Türkiyənin Qurtuluş Savaşına başlayacağı bildirən, Mustafa Kamal Paşa və əqidə yoldaşları tərəfindən imzalanan Amasya Bəyanatı 1919-cu ilin 22 iyununda bütün dünyaya elan olundu. Bəyanatda həm də ölkənin bütövlüyü və istiqlaliyyəti üçün Sivasda təşkil ediləcək milli konqresə Türkiyənin hər yerindən nümayəndələr göndərilməsi istənilirdi.
3. Birinci Dünya Müharibəsindən sonra ordusuz qalan və idarəsi beynəlxalq komissiyaya buraxılan İstanbul və Çanaqqala boğazlarının vəziyyətini müzakirə etmək üçün 22 iyun 1936-cı ildə İsveçrənin Montrö şəhərində Boğazlar Konfransı keçirildi.
4. 22 iyun 1940-cı ildə faşist Almaniyası ilə Fransa arasında Kompen sülhü imzalanıb. Baş nazir Anri Petenin imzaladığı təslimçi sazişə əsasən, Fransanın üçdə iki hissəsi (Paris də daxil olmaqla) Almaniya tərəfindən işğal olunub, Fransanın ordusu buraxılıb. Almaniyanın Fransa üzərində işğalı 1944-cü ilədək sürdü.
5. 22 iyun 1964-cü ildə ABŞ Dövlət Departamenti "Conson məktubu" ilə gərilən Türkiyə-ABŞ əlaqələrini yumşaltmaq üçün baş nazir İsmet İnönünü Vaşinqtona dəvət etdi. ABŞ Prezidenti Lindon Consonla görüşündə İsmət İnönü Türkiyənin Kipr mövzusunda güzəştə getməyəcəyini, ancaq adanın bölünməsinə qarşı olmadıqlarını da bildirib.
22 iyunda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:
1. Bu gün dünya elmi tarixinə filosof və qüdrətli təbib kimi daxil olan böyük alim Əbu Əli ibn Sinanın xatirə günüdür. İslam aləminin ən məşhur filosoflarından olan İbn Sina İranın Həmədan şəhərində 56 yaşında gözlərini həyata yumub (980-1037).
2. Böyük Azərbaycan alimi, filosof, dilçi və şərqşünas Mirzə Kazım bəy 1802-ci il 22 iyunda dünyaya gəlib. Mirzə Kazım bəy şərqşünaslıq sahəsindəki xidmətlərinə görə Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçilib. Onun “Qafqazda Şeyx Şamil Hərəkatı”, “Azərbaycan tarixi”, “Türk dillərinin qrammatikası” əsərləri dünyanın bir çox dillərinə tərcümə edilib (1802-1870).
3. Azərbaycan musiqi mədəniyyətinin görkəmli xadimi, xalq artisti, əsl ad-soyadı Murtuza Məmmədov olan Bülbül 1897-ci ilin bu günü Qarabağın mərkəzi Şuşada anadan olub. Bülbül adını ona hələ kiçik yaşlarından gözəl səsinə görə veriblər. Koroğlu, Qərib, Nizami, Əsgər parçalarını məharətlə ifa edən Bülbülün təkcə Koroğlusu dünya musiqi sənətinin ən mükəmməl incilərindən sayılır.
4. Azərbaycan teatr və kino aktyoru, Xalq artisti Ağadadaş Qurbanov 22 iyun 1965-ci ildə dünyasını dəyişib.
5. Azərbaycan yazıçısı Cəlal Bərgüşad 1924-cü ilin 22 iyununda dünyaya gəlib.
6. Azərbaycanın görkəmli türkoloq alimi, professor Fərhad Zeynalov 1929-cu ilin bu günü doğulub.
7. Azərbaycanın tanınmış musiqiçisi Bəhram Nəsibov 1941-ci il 22 iyunda anadan olub.
8. Bu gün Azərbaycan incəsənətinin görkəmli nümayəndələrindən olan İsmayıl Osmanlının xatirə günüdür. Dünya və Azərbaycan dramaturgiyasının səhnədə tamaşaya qoyulan bir çox əsərində istər komik, istərsə də faciə janrında yaddaqalan obrazlar yaradıb, filmlərdə xaraktercə bir-birindən fərqli rolları özünəməxsus ustalıqla ifa edib (1902-1978).
9. 22 iyun Azərbaycan ədəbiyyatına dair bir çox dəyərli tədqiqatların müəllifi, görkəmli xalq şairi Xəlil Rza Ulutürkün xatirə günüdür. Xəlil Rza Ulutürkün əsərləri Azərbaycan poeziyasının ən dəyərli nümunələri sırasında yer alır (1932-1994).
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:00 / 22.06.2024
BİZİM TƏQVİM: 22 iyunda baş vermiş tarixi hadisələr
Hazırda oxunan: BİZİM TƏQVİM: 22 iyunda baş vermiş tarixi hadisələr
Hazırda oxunan: BİZİM TƏQVİM: 22 iyunda baş vermiş tarixi hadisələr
22 iyunda tarixdə baş vermiş əhəmiyyətli hadisələr və bu tarixdə anılan şəxsiyyətlər haqqında məlumat.
198359
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.