Həcc ziyarətində ölənlər CƏNNƏTƏ düşür? – İlahiyyatçıdan maraqlı AÇIQLAMA 

Hazırda oxunan: Həcc ziyarətində ölənlər CƏNNƏTƏ düşür? – İlahiyyatçıdan maraqlı AÇIQLAMA 

198180

Xəbər verildiyi kimi Həcc ziyarətinə gedib, ölən zəvvarların sayı 1000 nəfəri keçib. Onların ölümünə səbəb isə Səudiyyə Ərəbistandakı hava şəraiti ilə bağlıdır. Səudiyyə televiziyası bildirir ki, havanın temperaturu 52 dərəcəyə qədər yüksəlib.

Cəmiyyət arasında isə bəziləri həcc ziyarəti zamanı hər hansısa səbəbdən ölən birilərini “şəhid” adlandırırlar ki, onlar ibadət edən zaman ölüblər. Bəzi inanclı insanların iddiasına görə, Həcc ziyarəti zamanı dünyasını dəyişənlər, o cümlədən hazırda Məkkədə həyatını itirən şəxslər sorğu-sualsız cənnətə düşəcəklər.

Bəs bu fikir nə qədər doğrudur?

Mövzuyla bağlı Bizim.Media-ya danışan ilahiyyatçı Tural İrfan bildirib ki, insanlar cənnətə yaxud cəhənnəmə hansısa müqəddəs yerdə vəfat etməyə görə yox, imanları, əməlləri sayəsində gedirlər:

“Onda belə çıxır ki, kimin pulu var, gedib Məkkədə ölsə, cənnətə gedəcək, gedə bilməyənlər isə imtahan olunacaqlar. İslam dininə görə Həccə tam sağlam adamlar getməlidir. Müsəlman ölkələri təəssüf ki, hələ də orta əsr təfəkküründədir. Həccə gedənlər hava şəraitini, yaşlarını, xəstəliklərini, Səudiyyə Ərəbistanının iqlimini nəzərə almalı idilər. Bunu etməyiblər, gediblər, sonda da fəlakət baş verib”.

İlahiyyatçı qeyd edib ki, Quranda Məkkədə ölən şəxslərin şəhid sayılması deyə bir anlayış yoxdur:

“Qiyamət üçün hamı hesaba çəkiləcək, əməllərinə cavab verəcək. Birbaşa cənnətə getsələr bu ilahi ədalətə zidd olar. Hər bir halda orada vəfat edənlər müəyyən fəzilətə çatanlardır. Ən azından müqəddəs yerdə vəfat ediblər. Şeyx Şamil, Abbasqulu Ağa Bakıxanov da Məkkədə vəfat edib.

Onu da deyim ki, Səudiyyə Ərəbistanı hökuməti müsəlmanların şəraitini, aqibətini yox, yalnız pul qazanmağı düşünür və Həcci aşkar formada biznesə çeviriblər. Qonaqların təhlükəsizliyi baxımından belə isti mövsümdə məhdudiyyətlər olmalıdır, qoca, xəstə, zəif adamlar getməməlidir. Həcc ziyarət yox, ibadətdir. Bu ibadətin fəlsəfəsi, hikməti odur ki, insan Allahın hüzurunda olmasını hiss etsin. Peyğəmbər buyurur ki, Həcc kiçik qiyamətdir. Qiyamətə də gərək hər kəs hazır olsun. Hazır olmayan adamın nə işi var orada?”

Qeyd edək ki, “Geophysical Research Letters” tərəfindən 2019-cu ildə aparılan araşdırmada qeyd olunub ki, iqlim dəyişikliyi səbəbindən quraqlığın hökm sürdüyü Səudiyyə Ərəbistanında temperatur yüksəldikcə Həcc ziyarətini yerinə yetirən zəvvarlar böyük təhlükə ilə üzləşəcəklər.

Nailə Kərim, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin