Gəncənin “AĞCİYƏRLƏRİ” – 500 illik tarixi olan Xan bağının maraqlı tarixçəsi – FOTO 

Hazırda oxunan: Gəncənin “AĞCİYƏRLƏRİ” – 500 illik tarixi olan Xan bağının maraqlı tarixçəsi – FOTO 

Gəncə şəhərinin tarixi 500 illik Xan bağının maraqlı tarixçəsi və mərkəzi məkanları haqqında məlumat.

198159

Gəncə yalnız tarixi abidələri ilə deyil, həm də bu tikililər qədər böyük əhəmiyyətə malik və bu şəhərin qədim tarixindən xəbər verən məkanları ilə məşhurdur. Belə tarixi yerlərdən də biri Xan bağıdır.

Şəhərin yerli sakinləri yaxşı bilirlər ki, Xan bağı yalnız adi istirahət parkı deyil, bura həm də şəhərin son 500 illik tarixinə şahidlik edən əvəzsiz bir məkandır. Gəncənin mərkəzində yerləşən bu bağ ərazisində əkilən çox sayda ağacların verdiyi bol oksigen ehtiyatına görə şəhərin “ağciyəri” də adlandırılır.

Başqa ölkələrdən ağaclar Xan bağına necə gətirilib?

Kənd təsərrüfatı elmləri doktoru, Azərbaycan Dövlət Aqrar Universitetinin Bağçılıq kafedrasının professoru Zaur Həsənovun Bizim.Media-nın yerli bürosuna bildirdiyinə görə Xan bağında olan ağaclar həm növünə, həm də yaşına görə çox fərqlidir.

Alimin fikrincə hazırda 3 hektarlıq ərazini əhatə edən Xan bağı ilin bütün fəsillərində gözəldir və istər yaşlı, istərsə də yeniyetmə və gənclərin mədəni istirahəti üçün ən ideal məkandır. Gün ərzində bu bağda insanların çoxluğuna baxmayaraq, daim ümumi sakitlik hökm sürür:

“100 illərdir əkilən ağaclar insanların istirahəti və dincəlməsi üçün münbit şərait yaradır. Belə bir tarixi rəvayət var ki, o zamanlar Gəncənin qubernatoru şəhərə gələn səyyahlardan bac-xərac əvəzinə bu bağ üçün müxtəlif növ ağaclar və toxumlar gətirməyi tapşırırmış. Buna görə də Xan bağında müxtəlif ölkələrdən gətirilən bitkilərə rast gəlmək mümkündür. Təəssüf ki, onların əksəriyyəti bizim dövrümüzə qədər tam gəlib çatmayıb. Lakin bəzi növ ağaclara və bitkilərə bu gün də rast gəlmək mümkündür”.

Bu bənzərsiz gözəlliyə malik bağın çox qədim və maraqlı tarixi var.


Bəzi mənbələrə görə Xan bağı Gəncə-Qarabağ bəylərbəyilərinin istirahət və ovlağı olub. Keçmişdə xeyli böyük olan bu yeri gözəlliyinə görə “Ənbər guşə” adlandırıblar. Vaxtilə beş yüzdən artıq ağac və gül növünün olduğu bağda bitkilərin 150 növü vegetativ həyat sürüb.

Tarixi mənbələr bu bağın 1588-ci ilə Osmanlı qoşunlarının Qafqazdakı komandanı Fərhad paşa tərəfindən salındığını yazır. Səfəvi-Osmanlı döyüşlərindən sonra türk qoşunları tərəfindən işğal olunan Gəncəni qorumaq məqsədilə Fərhad paşa Sultan III Muradın əmrinə əsasən şəhərin əvvəlki qalasından 6-7 kilometr aralıda yeni qala tikdirib. Qala divarlarının inşası tamamlandıqdan sonra Fərhad paşa Qara dəniz sahilindən, xüsusilə Batumidən hündürlüyü 3-4 metr olan Xamerops palması, Himalay kedrası, bambuq ağacı, yunan qozu, Suriya qızılgülü, yapon saforası, rozmarin, həmçinin digər müxtəlif növ ağac və gül kolları gətirdərək bu bağda əkdirib.

1727-ci ildə Osmanlı hakimiyyəti dövründə tərtib olunmuş Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftərində Xan bağı haqqında statistik göstəricilər yer alıb. Belə ki, bu tarixi sənəddə Xan Bağının sahəsinin təqribən 130 hektara yaxın olduğu, 479 çinar, 404 sərv, 3554 meyvə ağacının olması göstərilib.


Xan bağı bütün dövrlərdə Gəncə xanlarının sevimli istirahət məkanı olaraq qalıb.

1804-cü ildə Gəncə xanlığı rus qoşunları və general Sisianov tərəfindən işğal olunan zaman şəhərin yalnız tikililəri deyil, həm də Xan bağı ciddi ziyan görüb. Belə ki, top atəşlərindən sonra bağ və oradakı 400 yaşlı çinar ağaclarının bir qismi od tutaraq yanıb. Rus çarının fərmanına əsasən, Yelizavetpoldakı (indiki Gəncə) bağ 1847-ci ildən Qafqaz sərdarı Knyaz M.S.Vorontsovun şərəfinə adlandırılıb. Fərmandan sonra dövlət bankından ayrılan vəsait hesabına Krımdan buraya 1 milyon 200 min ədəd müxtəlif növ ağac, meyvə, gül və bəzək kolları gətirilərək əkilib.

1856-cı ildə Tiflis hərbi qubernatorunun göstərişinə əsasən Gəncənin baş planı hazırlanarkən yeni layihədə bağın abadlaşdırılması da nəzərdə tutulub. 1860-cı ilədək bağda meyvə ağaclarını da görmək olarmış. 1868-ci ildə Gəncəyə quberniya statusu verildikdən sonra imperatorun əmri ilə onun baş planı hazırlanıb. Beləliklə, bağda inşaat işləri aparılıb və buradakı nadir ağac növləri və bəzək kollarının sayı azaldılıb.

Tarixi sənədlərə görə, 1873-cü ildə III Aleksandr tərəfindən imzalanan, müəllifi memar İ.İ.Krjiştaloviç olan şəhərin yeni baş planına əsasən bağda növbəti dəfə dəyişiklik edilir. Layihəyə əsasən bağa yeni ağac və gül növləri - ağ akasiya, katalon, kipris, Eldar şamı, Sabin şamı, nar, yapon xurması, çəhrayı çiçəkli oleandr, eləcə də digər ağac və gül kolları gətirilib. Həmçinin bağa ilk dəfə olaraq heykəllər qoyulub və ətirli ağaclar əkilib. Lakin 1887-ci ildə şəhərin yeni layihəsi hazırlanarkən bağda ağacların bir hissəsi kəsilib, tikinti işləri aparılıb.


Xan bağının bu günü

Hazırda Xan bağında 1588-ci ildə inşa edilən Gəncə qala divarlarının qalığı olan Şirəli bəy bürcü və Azərbaycanın ilk Sovet İttifaqı qəhrəmanı İsrafil Məmmədovun məzarüstü abidəsi yerləşir. Parkın girişində fəvvarələr var. Yaşı 300-ü ötmüş cərgə ilə əkilən çinarların arasında isə Azərbaycanın ilk qadın xalq şairi Nigar Rəfibəylinin abidəsi ucaldılıb. Şəhərin mədəni tədbirləri üçün nəzərdə tutulan açıq səma altında yerləşən “Yaşıl Teatr” da Xan bağında yerləşir. Parkın ətrafı isə digər tarixi əhəmiyyətli tikililər və abidələrlə zəngindir.

Bu gün də Xan bağı həm sakinlərin, həm də qonaqların ən çox ziyarət etdiyi məkanlardan biridir. Səhərlər idmanla məşğul olmaq istəyənlər, təmiz hava udaraq gəzməkdən zövq almaq fikrində olanlar bu parka gəlirlər. Uşaqdan böyüyədək hər kəs Xan bağında gözəllikdən, ağac və bitkilərdən zövq alır. Bir çox insanlar öz elmi əsərlərini, yazılarını burada düşünürlər.


Sübh tezdən quşların səsi, təmiz hava sanki yaradıcı insanlara ilham verir. Burada insanlar gəzməklə yanaşı, həm də stolüstü oyunlardan şahmat, nərd, domino oynayır, boş vaxtlarını səmərəli keçirirlər. Valideynlər də öz üşaqlarını tez tez bu parka gətirirlər. Burada cürbəcür fontanlar, təmiz hava böyüklər kimi azyaşlılara da məlhəmdir.

İllər ötür, zaman keçir. Amma təxminən 500 illik tarixi olan bu əsrarəngiz gözəlliyə malik bağ hər zaman insanlara gözəllik, sağlamlıq, ruh yüksəkliyi bəxş edir.





















Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin