Milli Qurtuluş Günü – Zəfərə gedən yolun əsasının qoyulduğu TARİX

Hazırda oxunan: Milli Qurtuluş Günü – Zəfərə gedən yolun əsasının qoyulduğu TARİX

Milli Qurtuluş Günü - Azərbaycan tarixinin ən əhəmiyyətli tarixi hadisələrindən biridir. 1993-cü ilin 15 iyununda başlayan milli qurtuluş prosesi xalqımızın birgə mövqeyini, müstəqilliyini və ərazi bütövlüyünü qorumaq üçün atılmış ən dəyərli addımlardan biridir.
197447

Bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur.

Bizim.Media xəbər verir ki, bu, uzun illər işğal altında olan Azərbaycan torpaqlarının əsarətdən qurtulduqdan sonra qeyd olunan ilk Milli Qurtuluş Günüdür.

Məhz 31 il əvvəl hakimiyyətə qayıdaraq Azərbaycan xalqını, dövlətini və millətini parçalanmadan xilas edən ulu öndər Heydər Əliyevin hazırda Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasəti nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunub.
Ata vəsiyyətini layiqincə yerinə yetirən Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin işğal altında saxladığı əzəli və əbədi torpaqlarımızı azad edib. Beləliklə, 30 ilə yaxın müddət ərzində düşmənin zəbt etdiyi Azərbaycan torpaqları əsarətdən qurtulub.

Düz 31 il əvvəl - Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan edib və bu gün Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub, Azərbaycan dövlətçiliyi yox olmaq təhlükəsindən qurtulub.

Həmin gün Azərbaycan xalqının tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev Ali Sovetin sədri seçilib. Bununla da uzun illər davam edən gərginlik və qarşıdurma səngiyib və ölkə vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas olub.

Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin edir.

Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ suverenliyi qoruyub inkişaf etdirmək idi və bu ümummilli liderin iradəsi sayəsində reallığa çevrildi. O, Milli Azərbaycan dövlətçiliyi konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq, ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu.

Heydər Əliyev 1993-cü il iyunun 20-də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün yerli və xarici jurnalistlər üçün brifinq keçirib, iyunun 21-də isə bir sıra ölkələrin diplomatları ilə görüşüb. Bu sahədə yürüdülən siyasət respublikanı informasiya blokadasından çıxartdı.

Dünyada Azərbaycanla bağlı formalaşan fikri müsbət yöndə dəyişdi. Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi.
Ümummilli liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti və xarizması siyasi böhrana son qoydu və Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı.
1997-ci ildə Milli Məclisin deputatları 15 iyun tarixinin təqvimə Azərbaycan Respubıikasının Milli Qurtuluş Günü kimi salınması təklifi ilə çıxış ediblər və parlament bu təklifi bəyənib. Həmin vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş Günü kimi qeyd edilir.

15 iyunun ikiqat əhəmiyyəti

Milli Qurtuluşdan Zəfər Gününə qədərki zaman Azərbaycanın yenidən doğuluşu, dirçəlişi və ədalətin bərpa edilməsi dövrüdür. İndi artıq yeni dövrə qədəm qoymuşuq və bu, Heydər Əliyevin uğrunda mübarizə apardığı Türkiyə-Azərbaycan qardaşlığının dövrüdür. 15 iyun 2021-ci il tarixində məhz işğaldan azad edilmiş Şuşada Azərbaycan və Türkiyənin müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsini imzalaması ilə yeni dövrün təməli atıldı.

Təsadüfi deyil ki, Şuşa Bəyannaməsi məhz 15 iyunda – Milli Qurtuluş Günündə imzalanıb.
Ötən ilin sentyabrındakı antiterror tədbirlərindən sonra isə ərazi bütövlüyümüz tam bərpa edildi. Artıq bütün torpaqlarımızda Azərbaycan bayrağı dalğalanır. Əminliklə deyə bilərik ki, bütün tarixi zəfərlərimizin əsası məhz 31 il öncə, 1993-cü ilin 15 iyun tarixində qoyulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin