Son günlər Balakən rayonunun dağlıq ərazilərinə yağan güclü leysandan sonra Balakən şəhərinə gələn işməli su mənbələrində ciddi problem yaranmışdı.
Bizim.Media-nın yerli bürosu Rayon Fövqəladə Hallar Komissiyasına istinadən bildirir ki, Rayon Suvarma Sistemləri və Su-Kanal İdarələrinin texnika və əməkdaşlarının birgə səyi ilə dağ yollarındakı uçqunlar aradan qaldırılıb.
Komissiyadan bildirilib ki, Siltikçay su mənbəyinə gedən 8 km-lik yolda əmələ gələn uçqunlar maşın və texnikanın köməyi ilə bərpa olunduqdan sonra yol boyu yıxılan ağac və kötük qırıntıları da təmizlənərək hərəkət tam təmin olunub.
Daha sonra su qəbuledicləri lil və çınqıldan, gətirmələrdən təmizlənməyə başlanılıb. Nəticədə içməli su təminatının bərpası işləri qısa müddətdə başa çatıb və Balakən şəhərinə içməli suyun verilməsi təmin edilib.
Hazırda rayon ərazisindən axan dağ çaylarında sululuq artsa da sel təhlükəsi gözlənilmir. İçməli su mənbələrində təmizliklər davam etdirilir.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu