Tibb məntəqəsi olmayan 339 uşaq bağçası – Təhsil müəssisələrinə tibb bacıları necə qəbul olunur?

Hazırda oxunan: Tibb məntəqəsi olmayan 339 uşaq bağçası – Təhsil müəssisələrinə tibb bacıları necə qəbul olunur?

Tibb məntəqəsi olmayan 339 uşaq bağçası – Təhsil müəssisələrinə tibb bacıları necə qəbul olunur? Məktəbəqədər təhsil müəssisələrinin məlumatına görə Azərbaycanda 1 668 uşaq bağçasının 1 091-də tibb bacısı fəaliyyət göstərir. Bağçalarda tibb bacısı olmayan bağça sayı isə 339-dur.

196946

İnsan ilk dəfə təhsil, öyrənmək anlayışına məktəbəqədər təhsil müəssisəsində rast gəlir. Öyrənmək vərdişinə yiyələnmək üçün uşaqların həm zehni, həm də fiziki sağlamlığı çox önəmlidir. O səbəbdən bağçalarda onların təlim-tərbiyəsi ilə yanaşı, sağlamlıqlarının da qayğısına qalınır. Bunu isə bağçalardakı tibb bacıları edirlər. Yəni bunun üçün təhsil müəssisələrində tibbi xidmət təşkil olunub. Lakin ölkəmizdəki uşaq bağçalarının hamısında tibbi xidmət göstərilmir.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatına görə,  Azərbaycan üzrə fəaliyyət göstərən 1 668 məktəbəqədər təhsil müəssisəsindən (uşaq bağçası) 1 091-də tibb bacısı fəaliyyət göstərir. Bildirilib ki, bağçalarda tibb bacısı vəzifəsi üzrə vakant olan bağçaların sayı 339-dur. Yəni 339 uşaq bağçasında tibb bacısı yoxdur.

Təhsil müəssisələrinə tibb bacıları hansı şərtlərlə qəbul olunur?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan təhsil sahəsi üzrə ekspert Elşən Qafarov deyib ki, təhsilin hər pilləsində olduğu kimi məktəbəqədər təhsildə də müəyyən problemlər var:

“Məktəbəqədər təhsil müəssisələri 2011-2021-ci illərdə yerli icra hakimiyyəti orqanlarının tabelyində olub. Bu dövr məktəbəqədər təhsil pilləsi üçün ən ağır dövrdür. Bizdə məktəbəqədər təhsilə cəlb olunmalı şəxslərin sayı yarım milyondan çoxdur. Qanunvericiliyə görə, Azərbaycan Respublikasında məktəbəqədər təhsil 1-6 yaşı əhatə edir. 

Hazırda 1950 civarında məktəbəqədər təhsil müəssisəsi var ki, burada da təqribən orta hesabla 18 minə yaxın uşaq təhsil alır. Bu uşaqların təlim -tərbiyəsi ilə orta hesabla 16 min təhsilverən məşğul olur. 2011-2021-ci illərdə ölkədə cəmi 18 məktəbəqədər təhsil müəssisəsi tikilib.

Məktəbəqədər təhsilə isə ailə tipli, icma əsaslı, kiçik müddətli məktəbəqədər təhsil daxildir. Ölkədə məktəbəqədər təhsilə gedəsi uşaqların 5 faizi məktəbəqədər təhsilə cəlb olunmur. 

Bunun üçün xüsusi dövlət proqramı qəbul olunmalı, məktəbəqədər təhsil müəssisələrinin şəbəkəsi genişləndirilməli, özəl sektora dəstək verilməlidir. Nazirlər Kabinetinin 3 avqust 2012-ci il tarixli 171 saylı qərarı ilə təsdiq olunmuş normativlər məktəbəqədər təhsil müəssisələri üçün yumşaldılmalıdır ki, özəl sektor inkişaf edə bilsin”.

O bildirib ki, təhsil müəssisələrində tibbi xidmətin təşkili qanunvericilikdə öz əksini tapıb:

“Nazirlər Kabineti 25 noyabr 2010-cı il tarixli 217 nömrəli qərarla “Təhsil müəssisələrində tibbi xidmətin təşkili qaydaları”nı təsdiq edib. Eyni zamanda, həmin gün ikinci 218 saylı qərar verilib. Bu qərar təhsil müəssisələrində iaşə və tibb xidmətinin təşkili qaydalarına aiddir. 217 saylı qərarda həmçinin təhsil müəssisələrində pulsuz tibbi xidmətin təşkili qaydaları qeyd olunub. Yalnız internat, sanatoriya tipli təhsil müəssisələrində, o cümlədən, məktəbəqədər təhsil müəssisələrində həkim və tibb bacısı ştatı nəzərdə tutulur. 

Ölkənin bütün ərazisində tibbi xidməti ambulator tibb xidməti, tibb mərkəzləri, poliklinikalar, kənd ambulator mərkəzi həyata keçirir. Hər bir bu kimi tibb müəssisəsinin xidməti ərazisində yerləşən təhsil müəssisələri, o cümlədən, məktəbəqədər təhsil müəssisələrində tibbi xidməti həmin ambulator tibb müəssisələri həyata keçirir.

Yəni o müəssisənin yerləşdiyi sahənin həkimi eyni zamanda təhsil müəssisəsinin də həkimi sayılır. O təhsil müəssisəsinə tibb bacısı ştatı ambulator tibb müəssisəsi tərəfindən ayrılır. 

Tibbi xidmətin təşkilinə görə müvafiq səhiyyə qurumları cavabdehlik daşıyırlar. Yəni qanunvericilikdə təhsil müəssisələrində pulsuz tibbi xidmətin təşkili qaydaları müəyyən edilib”.

Günay Şahmar, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin