“Nazirliyin çıxardığı rəqəm şişirdilib” - 143 milyonluq mənimsəmə ilə bağlı MƏHKƏMƏ

Hazırda oxunan: “Nazirliyin çıxardığı rəqəm şişirdilib” - 143 milyonluq mənimsəmə ilə bağlı MƏHKƏMƏ

“Nazirliyin çıxardığı rəqəm şişirdilib” - 143 milyonluq mənimsəmə ilə bağlı MƏHKƏMƏ Müdafiə Nazirliyindəki 143 milyonluq mənimsəmə faktı ilə bağlı məhkəmə istintaqı davam edir.
196650

Müdafiə Nazirliyindəki 143 milyonluq mənimsəmə faktı ilə bağlı məhkəmə istintaqı davam edir.

Bizim.Media qafqazinfo-ya istinadən xəbər verir ki, mühakimə edilən zabitlərdən dördünün-general mayor Nizami Məmmədov, polkovniklər Cəlal Kazımov, Bayram Bayramov və kapitan Vüsal Əlizadənin işi Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə araşdırılır.

Artıq xeyli müddətdir, iş üzrə ittiham tərəfinin şahidləri dindirilir. Həmin şahidlərdən biri də budəfəki iclasda dindirilib.
Söhbət Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən bu yaxınlarda həbs edilən kapitan Vahid Novruzludan gedir. Qanunun tələbinə uyğun olaraq, bu işdə şahid qismində tanınan Novruzlu vəkilinin iştirakı ilə ifadə verib.

Onun ifadəsi ilə məlum olub ki, həbs edilməsinə səbəb istintaq orqanından xəbərsiz xaricə getməsi olub. Novruzlu bu barədə müstəntiqə ölkəyə qayıtdıqdan sonra məlumat verib. İki gündən sonra isə elə müstəntiqin vəsatəti ilə həbs edilib.

Novruzlu məhkəmədə deyib ki, son olaraq N saylı hərbi hissənin maliyyə xidmət rəisi işləyib. Həmin hərbi hissə 2020-ci ilin sonuna kimi korpusa tabe olub, sonradan isə Müdafiə Nazirliyinin tabeliyinə verilib. Maliyyə Nazirliyi tərəfindən aparılan yoxlamalar zamanı hərbi hissədə 848 min manat yeyinti ortaya çıxıb: “Amma mən 848 min manatla razı deyiləm. Çünki verdiyimiz nağd ödənişlər qeydə alınmamışdı. Ezamiyyət, səhra pulları və sair… Nazirliyin çıxardığı rəqəm şişirdilib. Mən nağd ödənişlər barədə yoxlama aparanlara sənədlər də təqdim etdim, amma nəzərə almadılar. Burada təxminən 40-50 min manat məbləğdən söhbət gedir”.

Kapitan Novruzlunun sözlərinə görə, 2020-ci il ərzində mənimsənilən vəsaitdən ona 610 min 538 manat çatıb. Həmin məbləğin 104 min 300 manatını istintaq orqanının depozit hesabına ödəyib.

Dediyinə görə, yeyinti kimi onun ayağına yazılan puldan 230 min manatı tabe olduğu korpusun maliyyə xidmət rəisi Süleyman Abbasova verib. O, işlədiyi vaxtda bütün göstərişləri də Abbasovdan aldığını bəyan edib.

Şahid ifadəsinin sonunda onun tərəfindən vurulmuş ziyanı tam ödəmək istədiyini, lakin həbsdə olmasının buna əngəl yaratdığını deyib.

Prosesin davamında müdafiə tərəfinin vəsatəti əsasında təkrar çağırılan iki şahid sualları cavablandırıb. Şahidlər Ramin Qaraxanov və Şirin Şükürov ümumilikdə 2 milyondan çox yeyintidə iştirak ediblər. Amma ziyana münasibətdə depozit hesabına çox az-cəmi 84 min manat ödəniş ediblər.
Hakim Fikrət Əliyev ziyanın ödənilməsinin tezləşdirilməsini şahidlərə tövsiyə ediblər. Həmçinin bundan əvvəl ödəniş etməyənlər haqda həbs qərarı verilməsi də şahidlərin diqqətinə çatdırılıb.
Prosesin axırına yaxın təqsirləndirilən Cəlal Kazımovun vəkili Əli Adıgözəlov iki vəsatət qaldırıb. Bunlardan biri müvəkkilinin işlədiyi dövrdə yoxlama aparan Maliyyə Nazirliyinin əməkdaşlarının məhkəməyə çağırılması, digəri Müdafiə Nazirliyinin Təftiş şöbəsinin rəisi olmuş Rafail Xələfov və təftişçilər-Fariz Nəbiyev, Anar Məmmədov və Füzuli Ələkbərlinin yenidən dindirilməsi barədə olub.
Dövlət ittihamçısı qaldırılan vəsatətin təmini üçün əsas görməyib. Məhkəmə dövlət ittihamçısı ilə razılaşıb.

Nizami Məmmədovun vəkilləri isə iş üzrə bu günə kimi məhkəmədən yayınan şahidlərin dindirilməsinin vacib olduğunu deyiblər.

Məhkəmə həmin məsələnin yenidən müzakirə ediləcəyini deyərək prosesin gələn həftəyə kimi təxirə salındığını elan edib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti 2022-ci ildə Müdafiə Nazirliyində qanun pozuntuları ilə bağlı əməliyyat keçirib. Əməliyyatla cinayət məsuliyyətinə cəlb edilən zabitlərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin