Zamirə Hacıyeva oğurlanması və Hacı Məmmədovun dəstəsi ilə bağlı yeni ifadə verib - MƏHKƏMƏ/FOTO

Hazırda oxunan: Zamirə Hacıyeva oğurlanması və Hacı Məmmədovun dəstəsi ilə bağlı yeni ifadə verib - MƏHKƏMƏ/FOTO

196637

Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbəri, hazırda həbsdə olan Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva London Ali Məhkəməsində Hacı Məmmədovun dəstəsi tərəfindən necə oğurlanması ilə bağlı ifadə verib.

Bizim.Media haqqin.az-a istinadən xəbər verir ki, Z. Hacıyeva bir neçə həftə Bakıdan kənarda zirzəmidə saxlanıldığını deyib.

Qeyd edək ki, hazırda London Ali Məhkəməsində Hacıyevanın Londonun Naytsbricdəki 16 milyon funt-sterlinq dəyərində evinin və Berkşirdə bir neçə milyon funt-sterlinq dəyərində olan qolf klubunun müsadirəsi ilə bağlı dinləmələr keçirilir.

Onun on milyonlarla dollar dəyərində əmlakı və zinət əşyaları bir neçə il əvvəl Böyük Britaniya Milli Cinayət Agentliyinin qaldırdığı cinayət işi çərçivəsində müsadirə edilib. Hacıyeva bu əmlakların qanuni gəlirlə əldə edildiyini məhkəmədə sübut edə bilməsə, onlar müsadirə olunacaq.


Keçmiş bankirin həyat yoldaşı məhkəmədə ifadə verərək bildirib ki, oğurluq hadisəsindən və bir neçə həftə çuxura bənzəyən kiçik zirzəmidə qaldıqdan sonra Azərbaycanda yaşamaq təhlükəli hal aldığından Londona köçmək qərarına gəlib. O iddia edir ki, Böyük Britaniyada dəyəri 100 milyon dollardan çox olan aktivlər əri tərəfindən “qanuni gəlir”lə alınıb. Hacıyeva bildirib ki, əri Azərbaycanda “Vəhşi Qərb”in hökm sürdüyü 90-cı illərdə varlanıb.

Məhkəmədə keçmişindən danışan Hacıyeva 2005-ci ildə “dəhşətli oğurluğa” məruz qalmazdan əvvəl rus dili və ədəbiyyatı müəllimi işləyib: "Bu hadisə mənim həyatımda silinməz yara buraxdı və məni təhlükəsizliyə görə Londona köçməyə məcbur etdi".

Zamirənin dediyinə görə, avtomobilinə minmək istəyərkən qaçırılıb: “Üç kişi məni sürücü ilə birlikdə maşını gözləyərək sürüyüb apardılar. Özümü qorumaq üçün müqavimət göstərdim. Məni maşının döşəməsinə itələdilər və başıma torba keçirdilər. Daha sonra əllərimi qandalladılar”.


“Mən heç nə görmədim, amma eşidirdim. Bir müddət sonra dayandıq və məni bir maşından digərinə keçirdilər. Başıma torba keçirib məni ikinci maşının arxa oturacağına oturtdular. Başıma silaha oxşayan bir şey sıxdılar və mənə dedilər ki, “otur, yerindən tərpənmə”. Mən dəhşətə gəldim, bu insanların kim olduğunu və hara getdiyimi bilmirdim və ərimi, uşaqlarımı bir daha görməyəcəyimi düşünürdüm. Məni Bakıətrafı əraziyə aparıb, binanın zirzəmisinin altında əslində 1,5 metrlik çuxur olan otağa saldılar. Zirzəmi o qədər kiçik idi ki, nə ayaqüstə dayana, nə də uzana bilirdim. Mən bu çuxurda 28 gün keçirdim. Qapı daim bağlı idi və onlar mənimlə qapıdakı dəlik vasitəsilə danışırdılar.

Orada tualet yox idi, sadəcə bir hövzə, bir vedrə və şlanq kimi soyuq su borusu, tullantılar üçün yerdə kiçik bir deşik var idi.

Həmin şəxslər gündə bir dəfə dəlikdən mənə yemək verirdilər. Zirzəmi qaranlıq olduğundan üzlərini görə bilmirdim. Daim yüksək səslə musiqi səslənirdi. Tezliklə vaxtın izini tamamilə itirdim və həftənin hansı günü olduğunu, hətta gündüz və ya gecə olduğunu uutdum. Mən əsirlikdə olduğum müddətdə adam oğurluğu ilə məşğul olanlar ərimdən hədə-qorxu ilə pul qoparmağa çalışıblar və mənə dedilər ki, “o, əməkdaşlıq etməsə, məni öldürəcəklər””, - deyə Zamirə Hacıyeva məhkəmədə bildirib.


Bankirin həyat yoldaşı bildirib ki, onun sınaqları Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin silahlı əməliyyatı zamanı onu əsir götürənlərdən birinin saxlandığı yerin yaxınlığında öldürülməsindən sonra başa çatıb. O, əlavə edib ki, oğurlanmasına görə məsuliyyət daşıyanlardan bəziləri “Azərbaycanda hakimiyyət vəzifələrdə xidmət edirlər”.

Qadın iddia edib ki, qaçırılması ərinin uzun illər idarə heyətinin sədri işlədiyi Azərbaycan Beynəlxalq Bankında dələduzluğa görə “siyasi motivli qanunsuz məhkum edilməsi” ilə əlaqəli olub.


Qeyd edək ki, Londonun “Westminster Magistrates” Məhkəməsində Zamirə Hacıyevanın milyonlarla dollar dəyərində qızıl və zinət əşyalarının müsadirə edilməsi ilə bağlı növbəti məhkəmə prosesi keçirilir.

Bu iş də Hacıyevanın vəkillərinin tələbi ilə dəfələrlə təxirə salınıb. Sonuncular hesab edir ki, pulların mənşəyi ilə bağlı arqumentlərini dinləmək üçün Azərbaycanda həbsdə olan Cahangir Hacıyevlə görüşmədən aktivlərin müsadirəsi ədalətsiz olardı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin