Xocalıda azərbaycanlılara qarşı soyqırımı törətməkdə və terrorçuluqda təqsirləndirilən Raşid Beqlaryanın məhkəməsi keçirilib.
Bizim.Media "report.az"a istinadən xəbər verir ki, Sabunçu Rayon Məhkəməsində Füzuli Hərbi Məhkəməsinin hakimi Əli Süleymanovun sədrliyi ilə bu gün növbəti məhkəmə iclası keçirilib.
Beqlaryanla bağlı istintaq zamanı maraqlı məqamlar da üzə çıxıb. Məlum olub ki, Fransa Respublikasından onun hesablarına 2 milyon avroya yaxın pul köçürüb.
Özünün iddiasına görə tutulanadək Fransada yaşayan bəzi şəxslər həmin pulu ona kömək məqsədi ilə ianə ediblər.
O, istintaqa verdiyi ifadəsində Xocalıda və digər Azərbaycan rayonlarında törədilən qırğınlardan danışıb:
"Əsgəranda anadan olmuşam. Əli silahlı olmamışam. Həmin vaxt Qarabağda silahlı bölük var idi. Bu bölüyə Vitali Balasanyan rəhbərlik edirdi. Həmin vaxt Qarabağda bir çox tapşırıqlar icra edən Seqo Doluxanyanla dostluq etmişik. Seqo 1990-cı ilin əvvəlində döyüşlərdə aktiv iştirak edirdi. O, mənə dedi ki, Xocalıda yaşayan azərbaycanlılar bu gün rayonu tərk edəcəklər. Qarabağda əli silahlı ermənilər onların gedəcəklərini bilirdi".
Onun sözlərinə görə, həmin əli silahlı ermənilər Əsgəran qalasının yaxılığında təpələrdə mövqe tutaraq Xocalını tərk edən azərbaycanlıları gözləyirlərmiş.
"Gündüzə yaxın təxmini 150 nəfər azərbaycanı göründü. Çoxu qadın, uşaq və qocalar idi. Seqo bildirmişdi ki, onların hamısını öldürəcəklər. O, azərbaycanlılara nifrət etdiklərini deyirdi. Kütlə toplaşandan sonra silahları onlara tuşladılar. Qadın və uşaqlar yalvarırdılar ki, onlara atəş açmasınlar. Biz öldürülənlərə baxıb gülürdük. Etiraf edirəm ki, çox dəhşətli səhnə idi. Təxmini 30 dəqiqə sonra onların çoxunu öldürə bildik, yalnız kiçik bir kütlə qaçdı. Öldürülənlərin meyitləri Əsgəran qalasının ətrafında idi. Əli silahlı ermənilər onların öldüyünə əmin olandan sonra üzərlərini yoxlayır, əşyalarını soyub geri qayıtdılar", - R.Belqaryan deyib.
O, vurğulayıb ki, yaxın ərazidə yaşayan ermənilər öldürülən azərbaycanlıların meyitlərinin çürüməsindən və xəstəlik yayılacağından şikayət ediblər, ona görə də həmin cəsədləri toplayaraq Əsgəran qalasının yanında kütləvi məzarlıqda dəfn ediblər.
Hakim təqsirləndirilən şəxsin məhkəmədəki və istintaqdakı ifadələrində ziddiyət olduğunu bildirib.
Belə ki, R.Belqaryan istintaqda ifadəsində deyib ki, hadisələrin şahidi olub, lakin, məhkəmə hadisəni ona Seqo Doluxanyanın danışdığını deyib. O, məhkəmədki ifadəsini təsdiqləyib.
O, Xocalıda törədilənlərin pis hal olduğunu bildirib və həmin qırğınların soyqırım olduğunu qəbul edib.
Beqlaryanın Xocalı faciəsi vaxtı iştirak etdiyi və şahidi olduğu cinayətlərinə gəlincə o, həmin vaxt baş verənləri özünün “Beqlaryanın döyüş yolu” adlı sənədində (Azərbaycanda tutulanadək) ətraflı qeyd edib.
Beqlaryan yazır ki, döyüş yoluna Murad Petrasyanın rəhbəri olduğu üçüncü dəstədən başlayıb. O, həmin dəstənin tərkibində döyüşüb, komandirin tapşırıqlarını icra edib.
Etiraf edib ki, həmin dəstə Ağdam-Şuşa yolundakı körpünü partladıb, türklərin kalonlarını məhv edib. Sonradan özü dəstə komandiri olub. Xocalı və Xocəvənddə gedən döyüşlərdə 4 dəfə yaralanıb. Döyüşlərdən sonra ona “Vətənin müdafiəsi” medalı verilib.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata əsasən, əvvəllər azadlıqları məhdudlaşdırılmaqla Xankəndi şəhərində yerləşən 3 saylı uşaq xəstəxanasında saxlanılmış azərbaycanlı əsirlərə və beynəlxalq humanitar hüquqla müdafiə olunan başqa şəxslərə işgəncə verməkdə, eləcə də sülh və insanlıq əleyhinə, müharibə cinayəti kimi digər ağır cinayət əməllərini törətməkdə, həmçinin qanunsuz erməni silahlı birləşmələrinin fəaliyyətində digər formada iştirak etməkdə şübhəli bilinən Beqlaryan Raşid Aramayisi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103, 107, 109, 112, 113, 115.2, 116.0.1, 116.0.6, 116.0.8, 116.0.10, 116.0.11, 116.0.16, 318.1 və AR 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş CM-in 70.2-ci maddəsinin 3-cü hissəsi, 220-ci maddəsinin 1-ci hissəsi ilə ittiham olunaraq həbs edilib.
Qeyd olunan işgəncələrə məruz qalmış həmin şəxslər müəyyən edilərək hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınıblar.
Dindirilməsi zamanı təqsirləndirilən şəxs Raşid Beqlaryan 1992-ci ilin fevral ayında Xocalı faciəsinin törədilməsində iştirakçı olması barədə məlumat verərək bildirib ki, 25 fevral 1992-ci il tarixində Ermənistan silahlı qüvvələri və onların tabeçiliyində fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin Xankəndi şəhərindən mülki əhalinin sıx yaşadığı Xocalı şəhərinə etdikləri hücum vaxtı qabaqcadan qurulmuş plana uyğun olaraq, sağ qalmış azərbaycanlı dinc sakinlərə təhlükəsiz qaydada Əsgəran rayonundan keçməklə Ağdam rayonu istiqamətində gedə biləcəklərinə dair yalan vədlər verilmiş, 26 fevral 1992-ci il tarixində özünün də daxil olduğu həmin silahlı birləşmələr azərbaycanlıları kütləvi qırğına məruz qoymaq məqsədilə Qarqarçayın sahili boyunca Ağdam rayonuna doğru hərəkət edən, əksəriyyəti qadın, uşaq və yaşlı insanlardan ibarət 200 nəfərədək mülki şəxsi Əsgəran qalasına yaxın ərazidə pusquya salaraq avtomat silahlardan atəş açmaqla qətlə yetirmişlər.
Cinayətkar dəstə üzvləri tərəfindən həlak olanların üzərilərindəki şəxsi əşyalar talan edildikdən sonra onların meyitləri Əsgəran qalası ətrafında basdırılıb.
İfadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Raşid Beqlaryan mülki əhaliyə qarşı cinayət əməllərinin törədildiyi yerləri əyani şəkildə göstərərək bu barədə ətraflı məlumat verib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:03 / 07.06.2024
Xocalı cəlladı Raşid Beqlaryanın məhkəməsi keçirildi – FOTO
Hazırda oxunan: Xocalı cəlladı Raşid Beqlaryanın məhkəməsi keçirildi – FOTO
Hazırda oxunan: Xocalı cəlladı Raşid Beqlaryanın məhkəməsi keçirildi – FOTO
Xocalı soyqırımını törədən Raşid Beqlaryanın məhkəməsi keçirildi. Sabunçu Rayon Məhkəməsində Füzuli Hərbi Məhkəməsinin hakimi Əli Süleymanovun rəhbərliyində keçirilən məhkəmə iclasında detallar açıqlanıb.
196199
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.