Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin olunması, eləcə də sərnişindaşıma qaydalarını kobud şəkildə pozan avtobus və mikroavtobus sürücülərinin müəyyən edilməsi məqsədi ilə profilaktik tədbirlər keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya bildirilib ki, tədbirlər nəticəsində sərnişin daşınması üçün standartlara cavab verməyən avtobus və mikroavtobuslar aşkar olunub.
Həmçinin, qanunsuz sərnişindaşıma ilə məşğul olan və müvafiq kateqoriyası olmayan avtobus sürücüləri saxlanılaraq xətdən kənarlaşdırılıb. Yoxlamalar zamanı həmin nəqliyyat vasitələrinin konstruksiyalarında dəyişikliklər edilərək salonlarına əlavə oturacaqlar quraşdırıldığı da məlum olub.
Sürücülərlə maarifləndirici söhbətlər aparılıb və barələrində inzibati protokollar tərtib olunub.
Bizim.Media