Bir çox ölkələrdə ictimai binalara, dövlət qurumlarına, müəssisələrə üzübağlı, yəni niqabda girmək qadağandır. Bunlara Fransa, İsveçrə, Niderland, Çin, Belçika, Avstriya, Bolqarıstan və Tunisi misal göstərə bilərik. Qoyulan qadağa ona görədir ki, bütünlüklə bağlanan və üzü görünməyən şəxslər rahat şəkildə terror aktı törədə bilərlər. Yəni niqab və çadra geyinən şəxslər digər insanların təhlükəsizliyinə təhdid hesab olunur. Azərbaycanda da niqab geyinən şəxslərin sayı xeyli çoxdur.
Maraqlıdır, bəs İslam dini və Azərbaycan qanunvericiliyi niqab haqqında nə deyir?
İlahiyyatçı Elşad Miri Bizim.Media-ya bildirib ki, dinin yeganə mənbəyi Qurandır. Amma Quranda niqab məsələsi yoxdur:
“Niqab müəyyən bölgələrdə yaşayanların ənənəsidir. Təəssüflər olsun ki, bir çox məsələdə olduğu kimi, bunu da diniləşdirərək İslam şərti kimi təqdim edirlər. Bəzən doğurdan da niqabın altındakı şəxsin kişi və ya qadın olması bilinmir. Eyni zamanda terror hadisələrinin çox vaxt qapalı geyinən şəxslər tərəfindən həyata keçirildiyi təbliğatından da təsirlənərək, niqab geyinən şəxslərə qarşı narahatlıqlar olur. Bu cür yanaşmanı yəhudilərdə də görmək mümkündür. Lakin təəssüf ki, bunu diniləşdirib təqdim edirlər”.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa isə saytımıza açıqlamasında bildirib ki, niqabla bağlı dövlətin müəyyən addımları olmalıdır:
“Təbii ki, biz demokratik ölkəyik və istənilən şəxs hicab taxa bilər, digər dini atributlarını da həyata keçirə bilər. Buna da heç bir maneə yoxdur və ola da bilməz. Lakin başqa ölkələrin ideoloji simgəsi olaraq niqab və ya çadra geyinənlərlə bağlı dövlətin müəyyən addımları olmalıdır. Biz dəfələrlə təklif vermişik ki, Azərbaycanda hicab növləri müəyyənləşdirilməlidir və şəxsin üzü tam qapalı olmamalıdır. Çünki bu, digər insanları qorxuya salır. Biz dünya arenasında görürük ki, terrorçular əsasən dinçilərin içindən çıxır. Niqab altında da terror törətmək rahat ola bilər.
İnsanların dini inancına qarışmaq olmaz. Amma bu inancı bəhanə edib hansısa ölkənin ideoloji qruplaşmasının siyasətini ölkəmizdə yerinə yetirmək istəyənlərə qarşı münasibət fərqli olmalıdır. Çünki biz dünyəvi dövlətik. Dünyəvi ölkələrdə isə bütün insanların hüquqları qorunmalıdır.
Belə qadağalar təkcə niqabla yox, çılpaq geyimlərlə də bağlı olmalıdır. Avropanın bəzi ölkələri var ki, orada belə şortiklə və ya bütün bədən üzvlərini çölə tökərək açıq gəzməyə icazə vermirlər. Yəni qadağalar təkcə dindarlara yox, əxlaqsızlıq edən və ya mənəvi dəyərlərə qarşı mənfi təzahürat göstərənlərə qarşı da olmalıdır. Elə tənzimləmək lazımdır ki, nə dindarlıq, nə də əxlaqsızlıq başqalarını narahat edəcək şəkildə davam etsin”.
Qeyd edək ki, Avropada üz bağlamağı qadağan edən ilk ölkə Fransadır. Bunun ardınca Avstriya, Belçika, Bolqarıstan və Danimarkada da niqaba qarşı bənzər qanun qəbul edilib.
2017-ci ildən İraqın Mosul şəhərində qadınların niqab geyinməsinə qadağa qoyulub. Hollandiyada 2018-ci ildən niqab qadağası haqda qanun qəbul olunub. Qadağaya riayət etməyənləri 150 avro cərimə gözləyir. Niderlanda isə niqab qadağası 2019-cu ildən tətbiq edilib.
Nuranə Daxilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:00 / 05.06.2024
“Azərbaycanda qadınların niqab geyməsi qadağan olunmalıdır” – Fazil Mustafadan TƏKLİF
Hazırda oxunan: “Azərbaycanda qadınların niqab geyməsi qadağan olunmalıdır” – Fazil Mustafadan TƏKLİF
Hazırda oxunan: “Azərbaycanda qadınların niqab geyməsi qadağan olunmalıdır” – Fazil Mustafadan TƏKLİF
Azərbaycanda niqab geymək qadağan olmalıdır? İlahiyyatçı Elşad Miri və Məclis sədri Fazil Mustafa niqabla bağlı fikirlərini açıqlayıb.
195660
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.