İşğaldan azad edilmiş hansı rayonlarda xəstəxanalar yaradılıb? – RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: İşğaldan azad edilmiş hansı rayonlarda xəstəxanalar yaradılıb? – RƏSMİ AÇIQLAMA 

195489

Torpaqlarımız erməni işğalından azad edildikdən sonra qarşıda duran ən vacib məsələ həmin ərazilərin yenidən yaşayış üçün hazır vəziyyətə gətirilməsi və məskunlaşmanın təmin olunması idi. Artıq demək olar ki, bu prosesin bir hissəsi başa çatıb və Qarabağa, Şərqi Zəngəzura qayıdış intensiv şəkildə həyata keçirilir. 

Bu ilin may ayına qədər ümumilikdə 1727 ailə, yəni 6 min 754 keçmiş məcburi köçkün Qarabağda və Şərqi Zəngəzurda daimi məskunlaşdırılıb. 

Laçın şəhərinə 1838 nəfərdən ibarət 537, Füzuliyə 3132 nəfərdən ibarət 822, Ağalı kəndinə 871 nəfərdən ibarət 175, Talış kəndinə 90 nəfərdən ibarət 20 və Zabuxa 823 nəfərdən ibarət 217 ailə köçürülüb.

Maraqlıdır, həyatın yenidən canladığı torpaqlarımızda xəstəxanalar və tibb personalı da fəaliyyət göstərirmi?

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə səhiyyə infrastrukturun yenidən qurulması və tibbi xidmətin təşkili “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq əsasən həyata keçirilir:  

“İşğaldan azad edilən bölgələrə  dövlət qurumlarında, təmir-tikinti şirkətlərində çalışan və köç edən vətəndaşlarımıza, bəzi hallarda hərbi xidmət müəssisələrində xidmət keçən hərbçilərimizə və ailələrinə keyfiyyətli tibb xidmətinin göstərilməsi üçün TƏBİB tərəfindən yaradılan ailə sağlamlıq mərkəzləri, modul tipli xəstəxanalar və poliklinika fəaliyyət göstərir.    

Bu gün Ağalı, Hadrut, Cəbrayıl, Laçın, Talış, Füzuli ailə sağlamlıq mərkəzləri, Şuşa, Zəngilan, Ağdam  modul tipli xəstəxanaları, Xankəndi poliklinikası, Zabux kənd həkim məntəqəsi tibbi xidmət təminatını həyata keçirir. 

Müəssisələr ilkin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsi, eləcə də ilkin cərrahi müdaxilələr üçün tibbi və qeyri-tibbi personalla, avadanlıq, cihaz, alət və ləvazimatlarla ehtiyaca uyğun olaraq tam təmin olunub. Kadr təminatı paytaxtdan və respublikamızın ayrı-ayrı regionlarından ixtisaslı tibb müəssisələrindən ezam olunmuş heyət vasitəsilə həyata keçirilir. 

24 saat ərzində təcili və təxirəsalınmaz tibbi yardım xidməti təşkil edilib və reonomobil ambulanslarla təchiz olunub. 

Ötən ilin statistik göstəricilərinə əsasən sözügedən ərazilərdə 500-dən çox ailə, ümumi olaraq 2,000-dən çox sakin tibbi müayinə prosesinə cəlb olunub”.

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin