Xarici məhsul adı altında sırınan 2 manatlıq YAĞLAR - “Genofondumuz məhv edilir”

Hazırda oxunan: Xarici məhsul adı altında sırınan 2 manatlıq YAĞLAR - “Genofondumuz məhv edilir”

19541

Saxta yağlar ölkəni bürüyüb. Azərbaycan bazarında uyğunluq sertifikatı olmayan kifayət sayda saxta yağ çox ucuz qiymətə təklif edilir. Bu gün bazarlarda istehlakçılara keyfiyyətli məhsul adı altında kiloqramı 2 manatdan başlayaraq 20 manata qədər təklif edilən kərə yağları satılır.

Xarici ölkə istehsalı olduğu bildirilən bu məhsulların sağlamlıq üçün hansı təhlükə yaratdığı da bəlli deyil. Bir sözlə kərə yağlarının süni və ya təbii olduğunu müəyyənləşdirmək mümkün olmur. Halbuki xarici ölkələrdə hər bir məhsulun keyfiyyətlilik dərəcəsinin öyrənilməsi üçün xüsusi labaratoriyalarda istehlakçıya imkan yaradılır. 

Azərbaycanda isə ümumiyyətlə belə bir təcrübəyə rast gəlinməyib. 

Məlumat üçün bildirək ki, Azərbaycanda əhalinin kərə yağına olan illik tələbatı təxminən 35 min tondur. Rəsmi məlumatlara görə, bunun üçdə ikisi ölkədə istehsal olunur, qalanı xaricdən gətirilir. Ölkəyə əsasən, Rusiya, Ukrayna, Belarus, Almaniya, Avstraliya və Yeni Zellandiyadan yeyinti yağı idxal olunur. Mütəxəssislərin dediyinə görə isə satışda olan yağların 90%-dən çoxu Azərbaycanda qablaşdırılır və xarici yağ adı altında istehlakçılara təqdim olunaraq satılır.

Ekspertlərin bildirdiyinə görə əslində  ucuz qiymətə satılan yağların tərkibinin əsas hissəsi trans yağlardır. Bitki yağları və palma yağlarıdır ki, onların tərkibinə xüsusi qatqılar əlavə olunub. Əlavə qatqılar isə kərə yağına dad və ətir qatır. Kimyəvi maddə hesab olunan bu maddələr insan sağlamlığı üçün təhlükəli sayılır. 

Bizim.Media-ya bu barədə fikirlərini bölüşən iqtisadçı-ekspert Akif Nəsirlinin sözlərinə görə Azərbaycan yağ biznesi monopoliya altındadır: 

“Yağların keyfiyyəti barədə onların qiyməti hər şeyi deyir. Bu gün bazarda hər qiymətə yağ var. 2-8 manat arası dəyişən yağ fermadan deyil,  piştaxtadan alınırsa o təbii ola bilməz. Bu yağlar kustar üsullarla keyfiyyətsziz formada hazırlanır. Yəni bu yağların keyfiyyət göstəriciləri aşağıdır. Azərbaycanda da bu məsələdə alıcı və istehlakçı açıq zərbə altındadır.
 

Azərbaycanda saxta yağları müəyyənləşdirməyin yol xəritəsi, yaxud proseduru yoxdur. Məsələn mən mütəxəssis kimi onu müəyyənləşdirə bilmirəmsə, sadə alıcı bunu heç cür təyin edə bilməz.


Əslində bu bəladan qurtulmağın yolları var və dünyanın inkişaf etmiş ölkələri bu üsuldan istifadə edir. Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyi fəaliyyət göstərir. Agentliyin əsasnaməsində qeyd olunur ki, qurum guya ölkədə tarladan süfrəyə qədər bütün Azərbaycandakı qidalara nəzarət edir. Bu faktiki olaraq mümkün olmayan bir modeldir. Minlərlə fermer, istehsalçı və satıcı var. Sözügedən Agentliyin modeli ilə o ideyanın heç 10 faizini belə reallaşdırmaq mümkün deyil”. 

Ekspert yağların süni və ya təbii olmasını müəyyənləşdirmək üçün dünya ölkələrindəki modeldən danışıb:

“İnkişaf etmiş ölkələrdə azad və sərbəst labaratoriyalar fəaliyyət göstərir. Həmin labaratoriyaların vəziyyəti barədə akt tərtib olunur, yoxlanılır və sertifikat verilir. Həmin sertifikat əsasında labaratoriya fəaliyyətə başlayır. İstənilən müştəri və alıcı şübhələndiyi məhsulu labaratoriyaya təqdim edir. Labaratoriya həmin məhsulu müayinə edir.
 

Onun yararlı və yararsız olmasını müəyyənləşdirir. Bu barədə vətəndaşa arayış verir. Vətəndaşın hüququ yaranır ki, birbaşa məhkəməyə müraciət etsin. Günahı olan cəzalandırılır və ondan vətəndaş təzminat tələb edir.


Həmçinin bu təzminata məhdudiyyət qoyulmur. Məsələn 1 kq keyfiyyətsiz yağ müştərinin əlinə keçibsə, o, məhsulun yararlılığı və ya yararsızlığı barədə arayış alıbsa, günahkar müəssisənin fəaliyyət ili hesabına təzminat tələb edə bilər. Təzminatın ödənilməsi məsələsinin də üstündə çox möhkəm durulur. Artıq bundan sonra istehsalçı özü-özünə nəzarət etmək məcburiyyətində qalır ki, hansısa məhsuldan ötrü illik qazancı əlindən çıxmasın. Belə bir mexanizm Azərbaycanda qurulmayana qədər biz nəinki yağlarla, digər keyfiyyətsiz qidalarla da genofondumuza zərbə vuracağıq. Bu gün ailə quran gənclərimiz müalicə almadan valideyn ola bilmir, sonsuzluq baş alıb gedir. Ailələr dağılır. Bir sözlə ölkənin genofondu məhv edilir”.

Akif Nəsirlinin sözlərinə görə Qida Təhlükəsizliyi Agentliyi keyfiyyətsiz qida istehsalçılarına lobbiçilik edir:

“Agentlik bir neçə il əvvəl qaldırdığı yağ məsələsini hələ də gizli saxlayır. 12 adda keyfiyyətsiz yağ istehsalçısının adını açıqlamır. Agentlik saxta məhsul istehsal edən müəssisənin və ya istehsalçının adını niyə çəkmir? Bu ad çəkilməlidir və istehsalçının reytinqinə zərbə vurulmalıdır ki, təkrar o əməllə məşğul olmasın. Mən dediyim modeldə cəmiyyət özü nəzarət edir. İctimaiyyət nəzarətçiyə çevrilir. Nəzarətçinin əlindən sahibkar yaxa qurtarıb keyfiyyətsiz məhsul istehsal edə bilməz”. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin