BİZİM TƏQVİM: 1 iyunda baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 1 iyunda baş vermiş tarixi hadisələr

195064

1950-ci ildə BMT Baş Məclisi tərəfindən keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb.

Bu gün Azərbaycanda da qeyd olunur. Azərbaycanda əhalinin təxminən 30 faizini uşaqlar təşkil edir. Ölkəmizdə uşaq və yeniyetmə gənclərin təxminən 95 faizi təhsil alır.

Bəs, iyunun 1-də dünyada daha hansı hadisələr baş verib?

1. İstanbul Osmanlılar tərəfindən fəth edildikdən sonra 1453-cü ilin 1 iyun tarixində Ayasofyada ilk cümə namazı fəthin mənəvi memarlarından olan Akşemsettinin başçılığı ilə qılınıb.

2. 1 iyun 1831-cü ildə ingilis səyyahı Ceyms Klark Ross Şimal qütbünü kəşf etdiyini açıqlayıb.

3. 1911-ci ilin 1 iyun tarixində Türkiyə Hava Qüvvələri yaradılıb.

4. 1 iyun 1952-ci ildə bir qismi Şərqi Almaniya, bir qismi Qərbi Almaniyada qalmaqla Berlin şəhəri rəsmən ikiyə bölünüb.

5. Bütün zamanların ən yaxşı musiqi albomu sayılan “Beatles” qrupunun "Sgt. Pepper's Lonely Hearts Club Bant" albomu 1967-ci ilin bu günü ictimaiyyətə tanıdılıb.  

6. 1973-cü il 1 iyunda Yunanıstanda monarxiya üsul-idarəsi ləğv edilib, prezident-parlament respublikası yaradılıb. 

7. 1 iyun dünyanın ən məşhur telekanallarından olan “CNN”in yarandığı gündür. “CNN” telekanalı 1980-ci ilin bu günündən fəaliyyətə başlayıb.

8. 1 iyun 1981-ci ildə Bakıda Respublika Gözdən Əlillər Kitabxanası təsis edilib.

9. 1990-cı il 1 iyunda ABŞ prezidenti Corc Buşla (ata Buş) və SSRİ-nin başçısı Mixail Qorbaçov arasında kimyəvi silah istehsalına son qoyan müqavilə imzalanıb.

10. 1 iyun 1992-ci ildə Azərbaycanla Lüksemburq arasında diplomatik əlaqələr qurulub.

11. Bu gün həm də Ümumdünya Süd Günüdür. Bu gün BMT-nin qərarı ilə hər il keçirilir. Bu gün ilk dəfə 2001-ci ildə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının təklifi ilə qeyd olunub.

Həmin gündən bu ənənə dünyanın bir çox ölkələrində geniş yayılıb. Bayramın məqsədi insanlar arasında süd və süd məhsullarının faydalılığının təbliğ olunması, əhalini süd və süd istehsalı ilə bağlı məlumatlandırmaqdır. 

1 iyunda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Görkəmli rus bəstəkarı Mixail Qlinka 1804-cü ilin bu günü dünyaya gəlib. O, 1836-cı ildə yazdığı “İvan Susanin” operası ilə rus musiqisində tarixi süjetli faciənin, “Ruslan və Lyudmila” operası ilə isə nağıl janrının əsasını qoyub.

2. Azərbaycan siyasətçisi Xudadat bəy Rəfibəyli 1 iyun 1920-ci ildə dünyasını dəyişib.

3. Azərbaycanın görkəmli dilçi-alimi, professor Səlim Cəfərov 1907-ci ilin 1 iyununda anadan olub. S.Cəfərovun “Azərbaycan dili” dərslikləri 40 dəfədən çox nəşr edilib. O, 4 cildlik “Müasir Azərbaycan dili” dərsliyinin “Leksika” adlanan ikinci cildinin müəllifidir. (1907-1978)

4. 1 iyun 1926-cı ildə  XX əsrin ən məşhur kino ulduzlarından biri, amerikalı aktrisa, müğənni və model Merilin Monro anadan olub (1926-1962).

5. Azərbaycanda ilk qadın mexanizator Sevil Qazıyeva 1940-cı ilin 1 iyununda Zaqatalada anadan olub.

6. Dünya modasının məşhur adı, fransız dizayner İv Sen-Loran 2008-ci ilin bu günü 72 yaşında həyatdan köçüb. (1936-2008)

7. Azərbaycan hərbçisi, Milli Qəhrəman Araz Səlimov 1960-cı ilin 1 iyununda dünyaya gəlib.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin