Rayonun Baş Daşağıl sakini Bakıxan Abdullayevin beş aya ərsəyə gətirdiyi ayı başı -qış sığınacağı “Yaşıl dünya naminə həmrəylik” ilinə əsl töhfədir.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ixtisasca ilahiyyatçı olan Bakıxan Abdullayevin əsas hobbisi arıçılıqdır.
Bu səbəbdən, təbiət qoynunda gəzib dolaşmağı çox sevir. Özünün də dediyi kimi, doğulub boya-başa çatdığı kənddə elə dağ, yaylaq, elə dərə, qayalıq olmasın ki, oraya Bakıxanın ayağı dəyməsin. O əvvəllər də kəndin müxtəlif məkanlarında özü üçün maraqlı əl işləri hazırlayıb.
Lakin kimsənin bilməsini istəməyib.
Son vaxtlar isə hazırladıqlarını sosial şəbəkələrdə paylaşmaqla insanlara örnək olmaq istəyib. Baş Daşağıl kəndinin bir neçə kilometrliyində, dağın ətəyində hazırladığı son əl işi isə çoxlarının marağına səbəb olub.
Bakıxanın son əl işini görmək üçün həmin məkana yollanırıq. Ətraf yaşıllıqlar və dağlarla əhatələnib. Burada ancaq quşların səsini və çayın şırıltısını eşitmək mümkündür. Bütün bu mənzərəni seyr edəndən sonra anlayırsan ki, Bakıxan niyə bu əraziləri seçib. O, hazırladığı əl işini bizə təqdim etməklə yanaşı, həm də heykəlin yarımçıq qalan yerlərini bərpa edir.
Bakıxana belə bir sual ünvanlayırıq. Niyə, məhz ayı?
Cavabı gözlədiyimizdən də sadədir. Deyir, kəndimiz Qafqaz dağlarının ətəklərində yerləşir.
“O səbəbdən də bizim meşələrdə çox heyvanlar var. Amma onlardan ən güclüsü ayıdır. Ayılar da burada çoxdur. Bizim meşələrin iki simvolu varsa biri dağ keçisi, digəri ayıdır”.
Bakıxanla söhbətdən o da bəlli olur ki, onun bu istiqamətdə görmək istədiyi bir xeyli planları var. Belə ki, yaşadığı kənd həm də Şahdağ Milli Parkının son nöqtəsi sayılır. Bu səbəbdən Milli Parkın ərazisinə ilin müxtəlif fəsillərində xeyli turist gəlir. Bütün bunları nəzərə alan Bakıxan Abdullayev onlar üçün də maraqlı ideyaları olduğunu bildirir və əlavə edir ki, qarşıdakı aylarda bu istiqamətdə fəaliyyətini genişləndirəcək.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
16:00 / 27.05.2024
Oğuz sakinindən görənləri heyrətləndirən ƏL İŞİ – REPORTAJ/FOTO
Hazırda oxunan: Oğuz sakinindən görənləri heyrətləndirən ƏL İŞİ – REPORTAJ/FOTO
Hazırda oxunan: Oğuz sakinindən görənləri heyrətləndirən ƏL İŞİ – REPORTAJ/FOTO
194324
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.