Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb.
Bizim.Media xəbər verir ki, "Albanların itmiş şəhəri yerləşən Çaxırlı kəndi" adlı bugünkü buraxılış Göyçə mahalının, Basarkeçər (Vardenis) rayonunun Çaxırlı kəndinin tarixi, irsi, etno-mədəniyyəti, adətləri, türbə və abidələri, toponimləri araşdırılıb.
Bildirilir ki, Göyçə gölünün cənub-şərq sahilində, dəniz səviyyəsindən 1950 metr hündürlükdə yerləşir. Kənddə tarix boyu azərbaycanlılar yaşayıblar. 1918-ci ilin yazında azərbaycanlılar erməni silahlılarının təcavüzünə məruz qalaraq yaşayış yerlərini tərk ediblər. 1919-cu ilin sentyabr-oktyabr aylarında kənddə yaşayan azərbaycanlılar son nəfərinə qədər ata-baba torpaqlarından deportasiya olunublar.
Kənd sakinlərinin sözlərinə görə, 1915-1918-ci illərdə Türkiyənin Muş, Van və Ərzurum vilayətlərindən köçürülüb gətirilən ermənilər burada yerləşdiriliblər. Kəndi tərk edən azərbaycanlılardan sağ qalanları indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra öz doğma torpaqlarına qayıdıblar. 1988-ci ilin noyabr-dekabr aylarında kənddə yaşayan azərbaycanlılar Ermənistan dövlətinin yeritdiyi siyasət nəticəsində tarixi-etnik torpaqlarından deportasiya olunublar.
Süjetdə Qızılbulağın adının dəyişdirilib Çaxırlı qoyulmasına, Albanların itmiş şəhəri yerləşən Çaxırlı kəndində Xaçın düzündə olan Alban tarixini ermənilərin saxtalaşdırmasına, qəbirlərin üzərində olan Albanlara aid rəsmləri ermənilərin dağıtmasına aydınlıq gətirilir.
Həmçinin Şah İsmayıl Xətainin Miskin Abdal haqqında verdiyi fərmanın 1820-ci ildə Çaxırlıda kəndxuda tərəfindən təsdiqlənməsindən, vedrələrə daş yığmaqla keçirilən ilk demokratik kəndxuda seçkisi adətinin Çaxırlıda təşkil olunmasından, 1905-ci ildə ermənilərlə vuruşub, ərazisini qoruyan Çaxırlı kəndinin qəhrəmanlığından, məğlub olan ermənilərin qətliam törətmələrindən, bura ermənilərin köçürülməsindən, eləcə də Basarkeçərin 1-ci katibinin Moskva qarşısında qoyduğu sərt tələbdən, ermənilərin azərbaycanlılarla yaşadığı kənddə münaqişənin başlamasından bəhs olunur.
Ümumiyyətlə, "İrsimiz" layihəsinin məqsədi Qərbi Azərbaycanın mahal və kəndlərində itməkdə olan irsimizin qorunub saxlanılması, yaşadılması və təbliği kənd sakinləri, tarixçilər, etnoloqlar, etnoqraflar, folklorşünasların dəlil və söhbətləri ilə böyük türk izlərinin araşdırılmasıdır.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Bizim.Media