Geri dönən HƏYAT – Klinik ölüm keçirənlər nə GÖRÜRLƏR?

Hazırda oxunan: Geri dönən HƏYAT – Klinik ölüm keçirənlər nə GÖRÜRLƏR?

Klinik ölüm keçirənlər nə görürlər? İlahiyyatçılar və həkimlərin açıqlamaları əsasında klinik ölüm barədə maraqlı məlumatlar.

193846

Həkimlərin bir çoxunun təcrübəsində klinik ölüm keçirən, komaya düşən xəstəsi olur. Klinik ölümün bioloji ölümdən fərqi onun 3-6 dəqiqə ərzində geridönər olmasıdır. Bəzən real həyatda klinik ölüm keçirənləri bilməyərəkdən dəfn ediblər. Belə hadisələr nadir hallarda yaşansa da, Azərbaycanda da baş verdiyi istisna deyil. 

Məsələn, mərhum xalq artisti Gülşən Qurbanovanın da kliniki ölüm keçirdiyi, həkim müdaxiləsi olmadan diri-diri torpağa tapşırılması barədə irəli sürülən iddialar bu dediyimizi təsdiqləyir. Bir çoxları isə bunun şayiə olduğunu bildirir. İndiyə kimi aktrisanın müəmmalı ölümüylə bağlı istər cəmiyyətdə, istərsə də sənət adamları arasında müxtəlif suallar dolaşır. 

Tibb elmləri doktoru, professor Adil Qeybulla Bizim.Media-ya bildirib ki, klinik ölüm nəfəsin, nəbzin olmaması və huşun itməsi ilə xarakterizə olunan geridönər vəziyyətdir:

“Yəni bu stiuasiyadan insan geri dönərsə, həyat funksiyalarının hamısını saxlayır, huşu özünə gəlir, ürək fəaliyyəti bərpa olur. Klinik ölümün müddəti uzun çəkə bilməz. Müddət ətraf havanın temperaturundan və klinik ölümə gətirən səbəbdən aslı olaraq dəyişə bilir. Yəni bu, 6 və ya 16 dəqiqə də çəkə bilər. Əlbəttə ki, klinik ölüm dərhal reanimasiya tədbirləri tələb edən stiuasiyadır”. 

Adil Qeybulla qeyd edib ki, zamanında bu hala düşən adama qarşı tədbir görülməsə bioloji ölüm baş verə bilər:

“Bu, artıq geridönməz vəziyyətdir, beyin ölümü baş verir. Rreanmatoloqların və ayrı-ayrı həkimlərin təcrübəsində bu kimi hallar baş verir. Bu cür hadisə baş verən zaman ilkin tədbir süni ürək masajı və süni tənəffüsdən ibarətdir”.

Qeyd edək ki, dini mənbələrimizdə ölüm ruhun bədəndən çıxması kimi təyin olunsa da, bu ayrılığın vaxtı və forması müəyyən edilməyib. Bu baxımdan ölümün hansı şəraitdə və nə vaxt baş verdiyini təyin etmək mümkün olmur. 

Maraqlıdır, bəs din klinik ölüm barədə nə deyir? Bu ölümü keçirənlər Əzrayıl mələyini görürlərmi?

İlahiyyatçı Tural İrfan sorğumuza cavab olaraq bildirib ki, klinik ölüm əslində ölüm deyil:

“Bunu yarı ölüm adlandırmaq olar. Bir sıra kliniki ölüm keçirən şəxslər heç nə xatırlamır. Ancaq elələri var ki, bu zaman nələr gördüyünü danışır. Beyin ölmədiyinə görə həyatla ölüm arasında illüziyalar görürlər. Bu sahədə araşdırma aparıblar, hətta "Ölümdən sonrakı həyat" adlı bir tədqiqat əsəri də var, orada klinik ölüm keçirmiş adamlar danışır, çoxu mələk, qara tunel, Həzrət İsanı gördüklərini deyirlər. 

Bəli, insan vəfat edərkən onun ruhunu ölüm mələkləri təslim alır. İnsanı Allah öldürür, mələk sadəcə ruhu təslim alandır. Olsun ki, bu işə müvəkkil olan mələklər insanı ölmüş zənn edib müdaxilə edirlər, lakin Allahın ölüm qərarı vermədiyini görüb dönürlər. Həyat ilə ölüm arasında pərdə var.

Klinik ölüm zamanı bu pərdə bir az aralanır. Əzrayıl hər şəxsin canını şəxsən almır. O, ola bilsin ki, əzazil, qaniçən, yer üzündə böyük fəsadlar törətmiş canilərin canını almaq üçün xüsusi olaraq görəvləndirilsin. Mömin, Allah qatında fəzilət sahibi olan adamların canını da hörmət olaraq Əzrayıl ala bilir ki, bu da onlara ehtiramın əlamətidir. Məsələn, Peyğəmbərlərin...”.

İlahiyyatçı qeyd edib ki, mələyi gözlə görmək mümkün deyil:

“Ruh və mələk cismə malik olmadıqları üçün, maddə deyillər. Odur ki, onların cinlər kimi cildə girməsi, görünməsi mümkün deyil. Yalnız təmsili olaraq təzahür edə bilərlər. Ölüm anında adamın gözünə şeytan, cinlər də görünə bilər. Ancaq bunu ayırd etmək asan deyil. Ola bilər ki, pis adamlar öləndə onun başının üstünə cin, şeytan yığılsın və ya yaxşı adam da öləndə mələk, övliyalar ruhu gəlsin. 

Hədislərdə var ki, mömin vəfat edərkən başının üstündə Peyğəmbərləri, İmamları görər. Axirət aləmi maddi olmadığı üçün bunu dərk etmək asan deyil. Dində ölüm mələyinin gəlib sadəcə canı almasından bəhs edilir. 

Hədislərdə var ki, yaxşı adamın canını rahat alırlar, onlara gözəl şəkildə, ancaq pis adamlara isə əcaib və qorxulu görkəmdə görünürlər. Yenə qeyd edirəm, mələklər cism deyil, ancaq təmsili olaraq görünürlər. Yəni görüntü yarada bilirlər gözdə... Necə ki, Peyğəmbərə vəhy gətirən mələklər də bu cür görünürdü”.

Tural İrfanın sözlərinə görə, klinik ölüm zamanı əsas ruh bədəni tərk etmir: 

“İnsanda iki - insani və heyvani ruh var. İnsani ruh məlum ruhdur ki, o çıxanda insan ölür. Heyvani ruh isə insanın hissləridir. Mələklər də təkcə insani ruhdur. Heyvanlarda insani ruh yoxdur. İnsanda isə ikisi də var. Ona görə insan məxluqatın əfrəfi sayılır. Klinik ölüm zamanı heyvani ruh bədəni tərk edir, ancaq insani ruh tərk etmədiyinə görə ölüm baş vermir. Bu zaman baş verənlər isə tamamilə Allaha aiddir və onun ixtiyarındadır. Çünki dünya ilə axirət aləmi arasında bərzəx, yəni pərdə, sədd var”.

Nuranə Daxilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin