Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində (QMKİDK) Böyük Porland İmmiqrant Qarşılama Mərkəzinin (GPİWC) təşkilatçılığı ilə ABŞ-ın Meyn ştatının ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüş keçirilib.
QMKİDK Bizim.Media-ya bildirilib ki, Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov qonaqlara qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin əsas istiqamətləri, komitənin fəaliyyəti, o cümlədən işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.
Qeyd olunub ki, ölkəmizdə ötən əsrin 80-90-cı illərində növbəti dəfə qaçqınlıq və məcburi köçkünlük probleminin yaranması Ermənistanın ərazi iddiaları, işğalçılıq və azərbaycanlılara qarşı deportasiya siyasəti ilə bağlı olub.
Nəticədə xalqımız 30 ilə yaxın ciddi çətinliklərlə üzləşib, bir milyona yaxın insan doğma yurdundan didərgin düşüb.
Azərbaycan dövləti qaçqınların və məcburi köçkünlərin problemlərinin həllini özünün prioritetləri sırasına daxil edib. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması Prezident İlham Əliyevin də sosial siyasətinin mühüm istiqamətlərindəndir. Birinci xanım Mehriban Əliyeva bu kateqoriyadan olan şəxslərlə bağlı məsələlərə xüsusi diqqət və qayğı göstərir.
İşğala və separatizmə son qoyulması keçmiş məcburi köçkünlərin öz yurd yerlərinə geri dönməsinə imkan yaradıb. Azad edilmiş ərazilərdə işğalçıların törətdikləri dağıntıların nəticələri aradan qaldırılır, genişmiqyaslı bərpa-quruculuq işləri görülür. Böyük Qayıdış prosesi başlanıb və uğurla davam etdirilir.
Amerikalı qonaqlara qayıdışın təşkili prosesi, sorğuların aparılması və monitorinq nəticələri, eyni zamanda, işğaldan azad edilən ərazilərdə köç prosesini ləngidən əsas problem - mina təhlükəsindən bəhs olunub. Bildirilib ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərin mina və partalamamış hərbi sursatlarla çirkləndirilməsi üzrə dünyada birinci yerdədir və həmin ərazilərin mümkün qədər qısa müddətdə təmizlənməsi istiqamətində işlər davam etdirilir.
Nümayəndə heyətinin rəhbəri, Meyn ştatının senatoru Cill Dyuson verilən məlumatlar üçün təşəkkürünü bildirib. İşğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-bərpa, quruculuq işlərini kütləvi informasiya vasitələrindən izlədiyini bildirib və Prezident İlham Əliyevin qısa müddətdə gördüyü işlərə heyranlıq duyduğunu vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, amerikalı qonaqların yaxın günlərdə Şuşaya səfəri planlaşdırılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:16 / 22.05.2024
Amerikalı qonaqlar azad edilən ərazilərə qayıdış barədə məlumatlandırıldılar - FOTO
Hazırda oxunan: Amerikalı qonaqlar azad edilən ərazilərə qayıdış barədə məlumatlandırıldılar - FOTO
Hazırda oxunan: Amerikalı qonaqlar azad edilən ərazilərə qayıdış barədə məlumatlandırıldılar - FOTO
193515
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.