Açıq-saçıqlıq… – Mağazalarda qapalı geyimlər niyə TAPILMIR?

Hazırda oxunan: Açıq-saçıqlıq… – Mağazalarda qapalı geyimlər niyə TAPILMIR?

193113

Son günlər bəzi xanımlar tərəfindən redaksiyamıza şikayətlər daxil olur. Onlar mağazalarda daha çox zövqsüz və açıq geyimlərin üstünlük təşkil etdiyini bildirirlər. Dediklərinə görə keyfiyyətli, zövqlü, qapalı, bir sözlə “normal” hesab etdiyimiz paltarları tapmaq çətinləşib. Satışda bir qayda olaraq açıq-saçıq libasları görmək mümkündür.  

Belə olan halda ortaya sual çıxır. Açıq geyimlər niyə təbliğ olunur?

Bizim.Media-nın əməkdaşı mövzu ilə bağlı ekspertlərin fikirlərini öyrənib.

Modelyer Leyla Əhmədova hesab edir ki, açıq-saçıq geyimi səhnədə və bəzi başqa yerlərdə geyinmək olar:

“Yersiz açıq geyinmək isə doğru deyil. Cavanlarımız dəblə bağlı özlərini çaşmış kimi hiss edirlər. Çünki trendlərdə olan açıq-saçıqlıq baş alıb gedir. Mən bəzən Bakının toylarında bunu görüb təəccüblənirəm. Bu cür açıq geyimləri sıravi vətəndaşın əynində görmək mənə çox qəribə gəlir. Xanımlarımız bu paltarları geyinməklə elə bilirlər ki, kişiləri cəlb edirlər. Ancaq çoxu bilmir ki, kişilər qadının ruhuna və elminə baxırlar. 

Bir fikir var, doğrudur, hər bir kişi öz anasına bənzəyən qadını həyatında axtarır. Mağazalarda açıq geyimlərin üstünlük təşkil etməsinin səbəbi odur ki, bizim özümüzün istehsal etdiyimiz paltarlarımız yoxdur. Çox istərdim ki, Azərbaycanda milli xarakterli, dəyərlərimizə uyğun, dəbli geyimlər istehsal edən şirkətimiz olsun və öz sözünü desin”.

Modelyerin sözlərinə görə xanımlarımız milliliyimizi yaddan çıxarmamalıdır:

“Biz azərbaycanlıyıq, ənənələrimiz, ipəyimiz var. Əvvəl baxanda deyirdik ki, “bu, Azərbaycan qadınıdır. İndi bu məsəli demək asan deyil. Bir kolleksiyam var, 1998-ci ildə təqdim etmişəm. Klassik tünd göy rəngdə kostyumlardır, qollarında, sinələrində bizim təkəlduz milli naxışlarımız var. “Milan”da moda həftəsində mən o paltarları göstərəndə 1-ci yerə çıxmışdım. 

Artıq 2023-ü ildən buta şəklində naxışlara üstünlük verilir. Mən isə həmin kolleksiyanı 1998-ci ildə göstərmişəm. Təəssüflər olsun ki, bu gün bunları ifrat dərəcəsinə gətiriblər. İncəsənətin ən incə sənəti modadır. Niyə bizim “Zara”, “Mango” kimi mağazalarımız yoxdur? Niyə gənclərimiz doğma yundan, pambıqdan geyimlər geyinmirlər? Axı bizim buna xammalımız imkan verir. 

Xaricdən, oradan-buradan keyfiyyətsiz malları vətənimizə yığıblar. Qadınlarımız bu geyimləri geyinməklə özlərində zəhər daşıyırlar. Xəstəliklərin bir səbəbi də budur. Çünki bizim uşaqlar pambıq görmürlər. Pambıq adı ilə ölkəmizə gətirilən paltarların hamısı sintetikdir. Bu geyimlərin ölkəyə daxil olmasına icazə vermək olmaz. Əvvəllər təmiz yundan paltarlarımız olub. İndi hər yerdə sintetik geyimlərdir. Allergiyası olan insanlar üçün bu, dəhşətdir”. 

Sosioloq Ağasəlim Həsənov isə məsələyə belə yanaşıb:

“Bunları bütövlükdə “sosial texnologiyalar” adlandıra bilərik. Milli-mənəvi dəyərlər sisteminə bu üsullarla təsir göstərilir. Tədricən geyim tərzi, düşüncə dəyişdirilir. Keçmişdə normal qəbul olunmayan geyim tərzi artıq müasirlik kimi qəbul olunur, normal qarşılanır. Bizim cəmiyyətdə dəyərlər transformasiyası daim müşahidə olunur. 
Hər transformasiyanın özü ilə gətirdiyi yeniliklərə müsbət baxa bilmərik. Çünki geyim və həyat tərzinin müxtəlif sahələrində olan dəyişikliklər hər zaman müsbət qarşılana bilməz. Hər bir toplum identifikliyini qorumaq üçün milli-mənəvi dəyərlərinə sahib çıxmalıdır, onu qoruyub-saxlamağa çalışmalıdır. Əks halda unikallıq, identifiklik ortada itir. Nəticə etibarilə açıq-saçıq geyimlər müsbət dəb kimi qarşılana bilməz”. 

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin