Bu gün Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın doğum gününə həsr edilmiş “Nəsillərə nümunə ömür yolu” mövzusunda videokonfrans keçirilib.
Bizim.Media xəbər verir ki, Partiyadan verilən məlumata görə, YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, dünya oftalmologiya elminə böyük töhfələr vermiş akademik Zərifə Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir:
“İnsanlara nur bəxş edən Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir”.
YAP sədrinin müavini diqqətə çatdırıb ki, akademik Zərifə Əliyeva 150-dən artıq elmi əsərin müəllifi kimi, eləcə də, çoxsaylı həkim-oftalmoloqların yetişdirilməsində əvəzsiz xidmətlərinə görə Azərbaycanın Əməkdar elm xadimi fəxri adına layiq görülüb.
Daha sonra tədbirdə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin aparıcı elmi işçisi Nubar Haşımova məruzə ilə çıxış edib.
N. Haşımova bildirib ki, Zərifə Əliyeva vurğunu olduğu sənətinə məhəbbətini öz tələbələrinə ötürməyi bacarırdı:
“Onun konfranslardakı dolğun, məzmunlu çıxışları daima axtarışda olan uzaq görən alimin, əsl vətəndaşın milli oftalmologiyanın gələcəyinə olan baxışları idi. Zərifə xanım milli oftalmologiyanın inkişafını müasir tələblərə cavab verən oftalmoloji mərkəzin yaradılmasında, öz ixtiralarını, kəşvlərini dünya miqyasına çıxara bilən yüksək ixtisaslı kadrların hazırlanmasında, dünya oftalmologiya elminə inteqrasiyada görürdü. Bu gün fəxrlə deyə bilərik ki, bütün bu ideyalar onun davamçıları tərəfindən böyük fəallıq, əzmlə yerinə yetirilir. Zərifə xanımın ideyaları bu gün də yaşayır, onun ruhu şaddır”.
YAP İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova isə çıxışında bildirib ki, Zərifə xanımın nəsillərə nümunə olan ömür yoluna nəzər salan hər bir kəs ilk növbədə bu zərif Azərbaycan qadınının timsalında mənəvi zənginliyi ilə diqqətləri çəkən və bitkin xarakterə malik bir insanla üzləşir.
Dövlət Komitəsinin sədri vurğulayıb ki, bu gün Zərifə xanımı seçdiyi fəaliyyət istiqamətləri üzrə əldə etdiyi nəticələr, yaratdığı ənənələr, qoyub getdiyi elmi, ictimai irsi və haqqında dolaşan əfsanələrə bənzər həqiqətlərə görə tanıyan insanlar, ondan sonrakı nəslin nümayəndələri hörmət və sevgi ilə anır.
YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov çıxışında bildirib ki, Zərifə Əliyeva Azərbaycanda gözü zədələyən və ağır nəticəyə səbəb olan geniş yayılmış traxoma infeksion xəstəliyinə qarşı mübarizə aparıb:
“Bu xəstəliyə qarşı təsirli müalicə üsullarının olmadığı bir dövrdə Zərifə xanım Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedib, həkim-oftalmoloqlara məruzələr oxuyub, əhali arasında maarifləndirmə aparırdı”.
Akademikin sözlərinə görə, Zərifə xanım Əliyeva yalnız çalışdığı institutda fəaliyyət göstərməklə kifayətlənmirdi, o, respublikanın şəhər və rayonlarında olaraq xəstəliyin yaranma səbəblərini araşdırır və xəstəlik ocaqlarında kompleks şəkildə müalicə-profilaktik tədbirləri həyata keçirirdi: “Böyük alim uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar arasında yayılan traxoma xəstəliyinin qarşısını almaqda da xüsusi xidmət göstərib. Zərifə xanım Əliyevanın bu sahədə gərgin fəaliyyəti tezliklə öz nəticələrini verdi. Belə ki, onun təklif etdiyi müalicə metodunun respublikada tətbiq olunması nəticəsində ölkəmiz bu xəstəlikdən xilas olub. Sonrakı illərdə Zərifə xanım oftalmologiya elminin digər mühüm istiqamətləri üzrə tədqiqatlar həyata keçirdi”.
Videokonfransa yekun vuran Tahir Budaqov bildirib ki, Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun cənab İlham Əliyev kimi dövlətinin, xalqının gələcəyini düşünən, dövlətin, xalqın maraqlarını hər şeydən üstün tutan, qətiyyətli Lideri var:
“O, Heydər Əliyev və Zərifə Əliyeva məktəbindən dərs alıb. Möhtərəm Prezidentimiz son 18 ildə atdığı addımların əsasında Heydər Əliyev siyasətinə sadiqliyin dayandığını, hər bir vədini əməldə təsdiqlədiyini göstərdi”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:56 / 27.04.2021
YAP-da akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş videokonfrans keçirilib
Hazırda oxunan: YAP-da akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş videokonfrans keçirilib
Hazırda oxunan: YAP-da akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş videokonfrans keçirilib
19305
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.