Dünya MEMARLIĞININ İNCİSİ – Restavrasiya işlərinə başlanılan Şəki Xan sarayından REPORTAJ – FOTO 

Hazırda oxunan: Dünya MEMARLIĞININ İNCİSİ – Restavrasiya işlərinə başlanılan Şəki Xan sarayından REPORTAJ – FOTO 

Dünya memarlıq incisi olan Şəki Xan sarayı 25 ildən sonra təkrar bərpa olunacaq. Bu, Şəkidə yerləşən və Azərbaycanın qədim tarixə malik olan Şəki Xan sarayında yenidən restavrasiya işlərinin başlanmasını əhatə edir.

193044

Dünya memarlıq incisi Şəki Xan sarayı 25 ildən sonra təkrar bərpa olunacaq. 

Şəkidəki “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisində 83 memarlıq abidəsi mühafizə olunur. Bu abidələrin sırasında Şəki Xan sarayı öndə gəlir. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 2700 ildən çox yaşı olan Şəki Azərbaycanın qədim şəhərlərindən biri olmaqla yanaşı, tarixi abidələri, sənətkarlığı, mətbəxi ilə də dünyada seçilməyi bacarıb. 

Bu şəhərin tarixi irsi əsrlərə dayanır. 

Onun hər küçəsi, hər məhəlləsində bir tarix yatır. “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisində bir neçə tarixi abidə var. Xan sarayı bütün xüsusiyyət və parametrlərinə görə fərqlənir. Çünki bu tarixi abidə dünya memarlıq incisi kimi xüsusi statusa malikdir. O cümlədən dünya turizm marşrut və kataloqlarında ön sırada dayanır. 


Bu səbəbdəndir ki, yerli və xarici turistlərin Şəkidə ən çox üz tutduqları tarixi məkanlardan biri dünya memarlıq incisi Şəki Xan sarayıdır. Bu tarixi abidə 2000-ci illərdə restavrasiya və bərpa olunub. Sonrakı dövrdə isə hər hansı bərpa işi görülməyib. 

Lakin mütəxəssislər bildirir ki, tarixi abidənin yenidən bərpa və restavrasiyaya ehtiyacı var. Xan sarayının həyətinə nə zaman, günü hansı saatında daxil olsan, orada mütləq bir neçə ölkədən qonaqla qarşılaşmaq mümkündür. Kimə yaxınlaşsan, bu möhtəşəm mənzərədən, gördüklərindən zövq aldığını etiraf edəcək. Elə ilk müsahibimiz də Rusiyadan olan Natalya xanımdır. Rusiyalı qonaq Xanın sarayını kənardan xeyli müşahidə edir və şəkillər çəkdirir. Hələ sarayın daxilindən xəbəri olmayan bu turist rənglərin sehrinə düşdüyünü etiraf edir. 

Xan sarayının daxilini gəzib, yenicə həyətə düşən və binanın qarşısında əyləşib buradan tarixi abidənin xarici gözəlliyini seyr edən amerikalı Stiv Ariyul isə bunları deyib:

“İlk dəfədir ölkənizdə qonağıq. Şəkinin tarixi elə qarşısında əyləşdiyimiz Xan sarayı ilə tanışlıq məni heyrətləndirdir. Əsasən rənglər, rəsmlər insanı nağıllar aləminə aparır. Çox möhtəşəm bir abidədir. Zövq aldım. İndi şəkillər çəkdirib, ölkəmdə dost və qohumlarımla mütləq paylaşacağam” deyən amerikalı turist növbəti illərdə başqa bir fəsildə də buraları gəzmək istədiyini bildirir. 


Xarici turistlərlə söhbət etdiyimiz anlarda sarayın həyətində Dövlət Turizm Agentliyi yanında Qoruqları İdarəetmə Mərkəzi idarə heyətinin sədri Murad Ağabəyli ilə qarşılaşırıq. Murad müəllim bildirir ki, doğrudan da, Xan sarayı bir dünya incisidir və onu hər gün yüzlərlə insan ziyarət edir. 

Ötən 25 ilə yaxın bir müddətdə bu tarixi abidədə heç bir bərpa işi aparılmadığından istər-istəməz aşınma və dəyişikliklər baş verir. 

Mütləqdir ki, bu barədə tədbirlər görülsün. 

“Biz Xan sarayının bərpa edilməsi ilə bağlı ümumi işlərə başlamışıq. Konkret yerində görülən işlər olmasa da, bundan öncəki bərpalarda istifadə olunan sənədlər, ekspertlər, xarici ekspertlər prosesə cəlb olunub. Həmin ekspertlərin iştirakı ilə biz növbəti mərhələdə Xan sarayını hansı formada bərpa edəcəyimiz barədə yekun fikirlərə gəlmək istəyirik” deyən qurumun rəsmisi yaxın vaxtlarda Qoruq ərazisində bərpa işləri aparılan bir neçə tarixi abidələrdə işlərin tamamlanaraq turistlərin istifadəsinə veriləcəyini bildirdi. 










Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu



QEYD: Material Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği - bəndinə uyğun olaraq hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin