“Kökü dərin olan palıdın kölgəsi xoş olar!” - FOTO

Hazırda oxunan: “Kökü dərin olan palıdın kölgəsi xoş olar!” - FOTO

192915

Tale elə gətirib ki, onun özündən qabaq oğlunu tanımışam. Azərbaycan Dövlət Televiziyasının “Günün ekranı” Xəbərlər proqramında oğlu Möhsümlə bərabər işləmişik!

Rəhmətlik nənəm deməli qızdan, gəlindən abırlı və ismətli olan gənc həmkarım öz savadı, dünyagörüşü, səmimiyyəti ilə çox ziyalı və gözəl bir ailədə böyüdüyünü həm ədəb-ərkanı, həm böyük-kiçik yeri bilməyi, həm savadı, həm də yazl-pozu səriş- təsi ilə bir çox yaşıdlarından seçilirdi.

Verilən tapşırığı qüsursuz yerinə yetirməyə çalışır, getdiyi hadisə yerindən daha ətraflı və dolğun məlumat toplamağı bacarır, hazırladığı süjetlər və reportajlar o vaxtın şablon informasiyalarından fərqlənirdi.

Bir müddət sonra öyrəndim ki, o da “Qərbi azərbaycanlı”dır və imzasına ara-sıra qəzetlərdə rast gəldiyim Qədir Aslanovun oğludur. Sonralar Qədir müəllimlə də yaxından tanış olduq və onda bir daha inandım ki, atalar nahaqq yerə deməyiblər ki, ot kökü üstə bitər!

Yaxşı ata tərbiyəsi alan, dəyərli ənənələri olan ailədə yetişən övlad elə Möhsüm kimi olmalıdır.

Bir müddət sonra bu istedadlı gəncə daha məsul bir iş tapşırdılar və o, uzun illər bizim AzTV-nin Ukrayna və Şərqi Avropa  təmsilçisi kimi çalışdı, bu ölkə barədə, orada məskunlaşmış həmyerlilərimiz haqqında maraqlı süjetlər, reportajlar, sənədli filmlər  hazırladı, iş, təhsil, müalicə ehtiyacları üçün bu ölkəyə gedənlərin ümid yeri oldu, çox həmyerlimizə imkanı daxilində əl uzatdı, müşkül işini aşırdı, köməyinə yetişdi, arxa-dayaq, güvən yeri oldu.

Və bu gün mən əziz həmkarımın, eloğlumun atası Qədir müəllimin 80 illiyi ilə bağlı yazdığım bu qeydləri, məhz onun ocağında dünyaya gələn, onun tərbiyə etdiyi dəyərli övladı ilə bərabər işlədiyim illəri xatırlamaqla başlamağım da təsadüfi deyil!

Deməli belə nəcib, xeyirxah, ziyalı bir övlad yetişdirməyi bacaran, övladlarına halallıq öyrədən, onları əsl vətəndaş kimi yetişdirən ata da hər cür tərifə və təqdirə layiqdir! Çünki bu mürəkkəb və təzadlı dünyada hələ də ləyaqətli, təvazökar, vicdanlı, qeyrətli insanlar varsa, deməli cəmiyyətin sağlam kökləri də var, insanlıq itməyib, ailə dəyərləri, adət-ənənələr yaşamaqda davam edir!

Əminəm ki, Qədir müəllim kimi nəcib, xeyirxah və əsl ziyalı bir kişinin ailəsində böyüyən, bizim hörmətli qələmdaşımızın ocağından pərvazlanan gənclər də bu dəyərləri gələcək nəsillərə ötürməkdə israrlı olacaq, bunu özləri üçün şərəf iş sayacaqlar.

Bir daha vurğulayıram ki, Qədir müəllimin bu möhtəşəm yubileyi ilə bağlı qeydlərimi məhz onun oğlunun tərifi ilə başlamağımın da rəmzi mənasını möhkəm ailə bağlarının görk misalının təntənəsi kimi təqdir edir, yüksək qiymətləndir və bir daha vurğulamaq istəyirəm ki, yaxşı ailənin, nümunəvi valideynlərin yetişdirdiyi övlad da cəmiyyətin qazancıdır, onun dəyərlərinin toplusudur!

Qədir müəllimin həddindən artıq təvazökar, səmimi və mehriban insan olduğunu hər kəs, xüsusilə də onu yaxşı tanıyanlar, bir kollektivdə işləyənlər daha yaxşı bilir və onlar da mənim fikirlərimlə razılaşarlar ki, bu insanla necə deyərlər “kəşfiyyata getmək olar!”
Çünki bu kişi istər ailədə rolu, istər cəmiyyətdə mövqeyi, istərsə də mətbuatdakı yazı-pozusu ilə həmişə əndazəni gözləyib, sözünün sanbalını-çəkisini qoruyub, peşəsinin qədir-qiymətini bilib, qələminə hörmət eləyib, vicdanını dünyanın var-dövlətinə dəyişməyib, hər zaman, hər yerdə əsl vətəndaş mövqeyindən çıxış edib, düz bildiyi, vicdanının diqtə etdiyi kimi yazıb-yaradıb, halal zəhməti ilə ailəsini dolandırıb.

Qədir müəllim yaxşı bilir ki, insanın bu dünyada elədiyi bütün əməllər bumeranq kimi dönüb dolanıb bir gün onun özünə qayıdır, elə buna görə də yaxşılıq etməkdən, dara düşənə əl uzatmaqdan heç vaxt yaxasını kənara çəkməyib.

Doğma yurd-yuvamızdan perik düşməyimiz bizim hamımızın ürəyində gözə görünməyən dərin şırımlar açıb, arzularımızı yarımçıq qoyub, sözümüz boğazımızda düyümlənib, çox vaxt özümüzü qınamışıq, fikirləşmişik ki, kaş bizim də bu dünyada erməniləri qoruyub-qollayan və zaman-zaman bizim üstümüzə qısqırdan havadarlarımız olaydı və biz də qaçqın adının tənəsini yaşamaq yerinə, illər boyu həsrətdən, öfkədən ölüb dirilmək əvəzinə bizim olanı əlimizdən alıb bizi çöllərə salan o kafirləri, bu sülənti hayları yalın əlimizlə boğaydıq, amma bu adların dağ yükünü 1988-ci ildən bəri çiyinlərinizdə daşımayaydıq!

Nankor qonşularımızın xəstə təxəyyüllərinin bəhrəsi olan “Böyük Ermənistan” ideyasını onların gözünə soxub yerindəcə cəzalandıra biləydik, kaş bizim də onlar qədər havadarımız, təəssübkeşimiz olaydı, bizim insanlarımız minbir zillətlə Azərbaycana pənah gətirməyəydi, burada yenidən binələnib, minbir zəhmətlə müvəqqəti yuva qurmayaydı, bu qədər ağır məhrumiyyətlər, çətinliklər yaşamasaydı!

Jurnalist həmkarımızın Qarabağın azadlığı uğrunda canını qurban vermiş qəhrəman eloğlularımıza – Qərbi Azərbaycan kökənli igidlərimizə həsr etdiyi kitablarındakı yazılar da bu ağrı, bu təəssüf dolu keşkələrlə səslənib!

Ancaq əminəm ki, Qədir müəllim bu gün daha çox ümidli və inamlıdır!

Biz öz yurd yerlərimizə mütləq qayıdacağıq! Bunu ölkə başçımız, 44 gün və 23 saatlıq döyüşlərin memarı olan Ali Baş Komandanımız İlham Əliyev inamla bütün dünyaya bəyan edib: bütün qərbi azərbaycanlılar tezliklə öz dədə-baba yurdlarına qayıdacaq! Bu onların halal hümmət haqqıdır və o gün uzaqda deyil, çünki bizim igid əsgərlərimizin addım səslərini artıq Göyçədə, Zəngəzurda, Vedibasarda, İrəvanda, bir sözlə bizim ulu torpaqlarımızın hər bir guşəsində eşidənlər təşviş içindədilər və tezliklə bizə son 35 ildə yaşatdıqlarının cavabını alacaqlar!

Qədir Aslan, çox hörmətli həmkarım!

Əminəm ki, Siz də o yerlərə dönən köç karvanını görəcəksiniz! Tezliklə o doğma torpaqlarımızda, xatirələrlə süslənmiş yurd yerlərimizdə nəticə və kötücələrinizin toy məclislərində qol götürüb bir qocafəndi rəqs də edəcəksiniz!

Allah sizə cansağlığı, uzun ömür versin, Yurda qayıdışın sevincini yaşamağı nəsib etsin!

Doqquzuncu onilliyi də belə böyük həvəslə, şövq və qürurla yaşamaq üçün canınızın sağlamlığı, gözünüzün nuru, dizlərinizin təpəri, qolunuzun gücü azalmasın!

Təbrik edirəm və o günü səbirsizliklə gözləyirəm ki, Sizin növbəti yubileyinizi həsrətində olduğumuz torpaqlarımızda qeyd edək!










Şairə, publisist, nasir, Əməkdar mədəniyyət işçisi - Telli Pənahqızı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin