“Mağazanın külə dönməsi fəlakət deyil, “Quran”ın yanmaması möcüzə sayılır?” – Elşad Miri 

Hazırda oxunan: “Mağazanın külə dönməsi fəlakət deyil, “Quran”ın yanmaması möcüzə sayılır?” – Elşad Miri 

192590

Sosial şəbəkələrdə vaxtaşırı qəza və yanğın zamanı həmin ərazidəki dini kitablara zərər dəyməməsi ilə bağlı görüntülər yayılır. Həmin görüntülərdə müqəddəs hesab edilən kitabların ziyan görməməsi möcüzə kimi təqdim olunur.

May ayının 15-də Nəsimi rayonu, Azadlıq prospektində yerləşən “Ağ çiçəyim” gül mağazasında baş verən yanğından sonra sosial şəbəkələrdə Quran kitabının yanmamasına aid video paylaşılıb. Görüntülərə münasibət fərqli olub, bəziləri bunu həqiqətən möcüzə hesab edib, bəziləri isə kitabın səhifələrinin açılmaması, kitab havalanmadığı üçün alışmadığını yazıblar.

Bəzi evlərdə, ofislərdə Quran kitabının əlçatmaz yerdə olduğunu görürük. Dinin qaydalarından bəhs edən kitab bəzi məkanlarda sanki bəzək əşyası funksiyasını yerinə yetirir və ya məkan sahibinin dinə sayğısını göstərir.

Niyə dini kitabdan suvenir kimi istifadə edilir? Quran kitabından istifadə qaydaları haqqında din nə deyir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan ilahiyyatçı Elşad Miri deyib ki, Quran kitabı oxunmadığı üçün yanır:

““Quran”ın göndəriş məqsədi sadəcə oxunması deyil, oxunub əməl edilməsidir. Bu gün gül dükanlarında, başqa yerlərdə həmin kitabları qoyurlar. Bəziləri “Quran” kitabını hədiyyə verirlər, rəfə qoymaq üçün gözəl qabda təqdim edirlər, bəzən bunlar satış üçün nəzərdə tutulduğu üçün oxunmur və yaxud ümumiyyətlə oxunmur. Təbiidir ki, oxunmadığına görə içinə oksigen daxil olmadığı üçün kənar tərəfləri yanır, daxili tərəfləri olduğu kimi qalır. Bunu da möcüzə kimi təqdim edirlər. Yəni o boyda yerin külə dönməsi nəzərə alınmır “Quran”ın yanmamasıdırmı möcüzə? Bir kitabın yanmaması möcüzə olur, o boyda yerin yanması müsibət, fəlakət sayılmır?!”.

İlahiyyatçı bildirib ki, Quranu oxuyub ona əməl eləmək lazımdır:

“Eyni məsələni yəhudilərin və xristianların dini kitabları üçün də eləsələr, eyni nəticə olacaq. Məsələn, Parisdəki Notr-Dam kilsəsi yananda  oradakı İncil kitablarının yanmamasını möcüzə kimi təqdim eləmişdilər. İndi bunlarımı qəbul eləyək?! Quranın əsas məqsədi oxuyub, orada yazılanları həyata keçirməkdir. Yoxsa, o kitab kimi saxlanmaq, kiminsə ölüsünün arxasınca oxumaq üçün deyil”.

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin