Azərbaycanın dövlətçilik tarixinə həsr edilmiş elmi diskussiya keçirilib - FOTO

Hazırda oxunan: Azərbaycanın dövlətçilik tarixinə həsr edilmiş elmi diskussiya keçirilib - FOTO

192487

AMEA Rəyasət Heyətində Mədəniyyət Nazirliyindən olan rəhbər heyətin iştirakı ilə Azərbaycanın dövlətçilik tarixinə həsr edilmiş elmi disskussiya keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd Atropatena/Adorbayqan adlı dövlətin nə zaman və hansı tarixi şəraitdə yaranması, eyni zamanda, Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycanın dövlətçilik tarixinə dair çəkilməsi nəzərdə tutulan silsilə filmlərlə bağlı müzakirələr aparmaq olub.

Bu barədə Bizim.Media-ya AMEA-dan bildirilib. 

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli tədbirdə giriş nitqi ilə çıxış edərək rəhbərlik etdiyi qurum ilə Mədəniyyət Nazirliyi arasında mövcud olan əməkdaşlıq əlaqələrindən danışıb. 

O, bu günədək iki qurumun iştirakı ilə bir çox ortaq layihələrin həyata keçirildiyini, o cümlədən nazirlik tərəfindən təşkil olunmuş müxtəlif tədbirlərdə AMEA-nın fəal iştirak etdiyini bildirib.

Akademiyanın rəhbəri Mədəniyyət Nazirliyinin Azərbaycan dövlətçiliyinin tarixini, onun yaradıcılarını, ənənələrini geniş ictimaiyyətə çatdırmaq üçün həyata keçirdiyi tədbirləri, ərsəyə gətirdiyi elmi-kütləvi filmləri yüksək qiymətləndirib.

Sonra mədəniyyət naziri Adil Kərimli çıxış edərək iki qurum arasında uğurlu əməkdaşlığın inkişafında, eləcə də milli dəyərlərin təbliğ edilməsində alim və mütəxəssislərin xüsusi rolu olduğunu vurğulayıb. Azərbaycan tarixi ilə bağlı filmlərin çəkilməsi, ssenarilərin yazılmasında alim və ziyalılarımızın mövqeyi, yanaşması və təhlillərinin vacibliyini nəzərə çatdırıb. Adil Kərimli alim və ziyalılarımızın obyektiv həqiqətlərin müəyyən edilməsində, tarixi faktların, sübutların aşkar edilməsində rolunu xüsusi vurğulayıb, məhz bu səbəbdən Azərbaycan elmi ictimaiyyətinə müraciət edildiyini bildirib.

Sonda tarixçi alimlərin Atropatena/Adorbayqan dövləti ilə bağlı fikir və mülahizələrinə dair geniş müzakirələr aparılıb, suallar səsləndirilib. Mövzu ətrafında danışan tərəflərin yekdil şəkildə Atropatena dövlətinin Azərbaycan dövlətçilik tarixinin əsas təməllərindən biri olduğunu bəyan etmələri müsbət hal kimi qeyd edilib.
Müzakirələr bundan sonra da davam etdiriləcək.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin