Son vaxtlar Azərbaycanda icra başçıları arasında start götürən həbslər dalğası davam edir. İcra başçılarının həbs səbəbində birmənalı olaraq korrupsiya və rüşvət dayanır. Maraqlıdır ki, daha çox həbs xəbərləri rayon icra başçıları arasından gəlir.
Ekspertlərin dediyinə görə bu, bölgələrdə baş verən neqativ hallarla bağlıdır. Gələn şikayətlərdən bəlli olur ki, hələ də dövləti “zəli kimi soran”, haqsız hallarla bağlı vətəndaşları sıxışdıran icra başçılarının sayı az deyil.
Ötən gün Azərbaycanda daha bir icra başçısı qandallanıb. Bu dəfə Şəmkir rayon İcra Hakimiyyətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat keçirilib.
MÖVZU İLƏ BAĞLI:
Şəmkir rayon İcra hakimiyyətində DTX əməliyyatı - HƏBSLƏR VAR - SON DƏQİQƏ
Prezident Alimpaşa Məmmədovu işdən çıxartdı
Əməliyyat nəticəsində Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov saxlanılıb.
Alimpaşa Məmmədovun adı uzun müddətdir ki, qalmaqallarda keçir. Onun Şəmkirdə xüsusən sahibkarlara “qan uddurduğu”na dair iddialar var. O, keçmiş vergilər naziri Fazil Məmmədovun adamı kimi tanınır.
Ötən ilin əvvəlindən bu yana Ağstafa, Yevlax, Neftçala, Biləsuvar, İmişli, Cəlilabad, Kürdəmir, Göygöl və Şəmkir icra başçıları həbs olunub. Onların hamısı korrupsiyada, büdcə vəsaitlərinin mənimsənilməsində ittiham olunublar.
Bundan əlavə Göyçay Rayon İcra Hakimiyyətinin Qarabaqqal kəndi üzrə icra nümayəndəsi Qurban Kərimov və Qarabaqqal bələdiyyəsinin sədri Ramin Məmmədov Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Onların Qarabaqqal kəndi ərazisində qanunsuz torpaq alqı-satqısı və külli miqdarda pul vəsaiti müqabilində sənədləşmə işlərinin aparılmasında iştirakda şübhəli bilinərək saxlanıldığı bildirilib.
Bu günlərdə isə Daşkəsəndə korrupsiya əməliyyatı keçirilib. Daşkəsən rayon Xoşbulaq kənd bələdiyyəsinin sədri Rasim Allahverdiyev və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin 2015-ci ilədək müdiri işləmiş Şahbaz Mehdiyev həbs olunublar.
Təhlilçilərin sözlərinə görə icra başçılarının həbs dalğası davam edəcək. Qarşıda Quba, Göyçay, Daşkəsən icra başçılarının da qandallanacağı ilə bağlı söyləntilər var.
Vətəndaş İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev son olaylara münasibət bildirərkən Bizim.Media-ya deyib ki, anti-korrupsiya tədbirləri daha geniş şəkildə aparılmalıdır:
“Korrupsiya ilə mübarizə zəruridir. Bu əməliyyatlar daha geniş şəkildə aparılmalıdır. Məsələn, Quba rayon icra başçısının dövlət pullarını mənimsəməsi ilə bağlı faktlar var. Ziyəddin Əliyev niyə həbs olunmur? Onun həbsi üçün daha nə lazımdır? Məhkəmə işi başlayıb, şahidlər dindirilib və açıq mətbuatda bununla bağlı məlumatlar var”.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Bizim.Media-ya açıqlamasında ölkədə korrupsiyaya qarşı mübarizə sisteminin aparılması addımlarını müsbət dəyərləndirib və bunun davam etdirilməsini vacib sayıb:
“Bu həbslərin davamı gəlməlidir. Təkcə icra başçıları deyil, korrupsiya ilə məşğul olan bütün insanlar həbs edilməlidir. Azərbaycanda korrupsiya ilə məşğul olmayan məmur yoxdur. Bütün rayonlarda icra başçıları xalqdan ayrılıb və şikayətlərin ardı-arası kəsilmir.
Dövlət komussiya yaratmalı, icra haklimiyyətləri kimi, bütün dövlət qurumlarında yoxlanılma həyata keçirilıməlidir. Hansı idarədə cinayət aşkarlanarsa, həbs olunmalıdır.
Xüsusən, son 20 ildə iş görən idarələrdə araşdırma aparılmalıdır. Azərbaycanda 100 milyardlarla pul oğurlanıb. Onları bir-bir tapıb büdcəyə qaytarılmasına nail olmaq lazımdır”.
Alçina Amilqızı, Bizim.Media